Nikol niyə mülki yox, müşahidə peyki aldı?

Nikol niyə mülki yox, müşahidə peyki aldı? Savaşa hazırlaşır?

Burda əsas diqqət çəkən məqam odur ki, Paşinyanın dünən elan etdiyi peyk kommunikasiya deyil, müşahidə peykidir.

 Kommunikasiya peyki kommersiya təyinatlıdır, öz pulunu da çıxara bilər, müşahidə peyki isə fərqlidir.

Faktinfo.az saytı xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün “SpaceX” şirkəti vasitəsilə kosmosa ilk erməni peykinin çıxarılması barədə açıqlamasını şərh edən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O bildirib ki, belə bir peyk sərhədlərin delimitasiyası və yaxud kadastr üçün yaramır:

“Peyki “Satlantis” şirkətinin hazırladığı bildirilir. “Satlantis” müşahidə peykləri buraxır. Belə çıxır ki, Ermənistan artıq bizim ərazimizi müşahidə edə biləcək. “Satlantis”in kameraları 1 metrə qədər olan obyektləri müəyyən etmək iqtidarındadır. Yəni hərbi texnikanı görüb, dəqiq yerini müəyyən edəcək”.

F.Mehdiyev peykin Ermənistana məxsus olmadığı, kirayə götürüldüyü və yaxud mini-peyk olması məsələlərinə də münasibət bildirib:

“Peykin Ermənistanın özünün olduğu və yaxud kirayə götürdüyü mahiyyət etibarilə heç nəyi dəyişmir. Fakt odur ki, Ermənistan artıq peyk məlumatları ala biləcək. Əlbəttə, bu şirkətin kosmosa qaldırdığı peyklər mini-peyklərdir və digər çoxfunksiyalı peylərə keyfiyyət və dəqiqlik baxımından uduzur. Ancaq hər bir halda Ermənistanın məhz ucuz da olsa, müşahidə peyki almasına diqqət yetirməliyik. Bu, Paşinyana nəyə görə lazımdır və o, nəyə hazırlaşır?”

Professor bildirib ki, hazırda Ermənistanda Peyk İdarəetmə Mərkəzi yoxdur və bu, müsbət haldır:

“Əgər Paşinyan sülh müqaviləsini imzalamağı uzatsa, prosesi ləngitsə, Azərbaycan Ermənistana vaxt tanımamalıdır ki, o öz ərazisində və öz nəzarətində Peyk İdarəetmə Mərkəzi qurub, “real-taym”da məlumat ala bilsin. Ermənilərin zərbə dronları olmasa da, əllərində peyk görüntüsü ilə müəyyən edilən dəqiq koordinat olduqdan sonra haubitsalarla məhdud məsafəyə, raketlər vasitəsi ilə daha uzaq məsafəyə dəqiq zərbələr endirmək imkanı əldə edə bilər”.

Qeyd edək ki, Paşinyan 25 mayda Ermənistanın kosmosa ilk peykini göndərdiyini açıqlayıb. Bu məlumatı isə mütəxəssislər şübhə ilə qarşılayıblar. Belə ki, Paşinyanın peyk buraxmaqla bağlı danışıqları “gizli şəkildə” aparmasını deməsi mümkünsüzdür. Çünki Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının üzvüdür və göndərilən peyk haqda ən azı əvvəlcədən razılığı alınmalı idi.

Digər tərəfdən, peyk üçün 200-250 milyon dollardan da çox vəsait lazımdır ki, belə bir vəsait də Ermənistan büdcəsindən ayrılmayıb.

Mütəxəssislər aydınlaşdırıblar ki, Ermənistan hökuməti ispan bankından ayrılan kreditlə kosmosa buraxılan mini-peyki kirayə tutub. Ancaq bunun məhz müşahidə peyki olması Ermənistan hakimiyyətinin gizli niyyətlərindən xəbər verir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi