Nizami rayonunda daha bir yaşıllıq məhv edilib– Yerində milyonluq obyekt tikilir
“Götürüb ictimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək”.
Bu fikirləri Prezident İlham Əliyev bu günlərdə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Prezident İlham Əliyev bildirib ki, belə tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar “Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz…”
Prezident bildirib ki, bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır – nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına: “Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox... Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk”.
Qeyd edək ki, bundan əvəl də Prezident icra hakimiyyətlərini, müafiq dövlət orqanlarını həyətlərdə yaşıllıqları məhv edərək binalar, obyektlər tikilməsinə şərait yaratdığına görə tənqid edib. “Mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.
Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir” – deyə Prezident bildirmişdi.
Ancaq nə yazıq ki, icra hakimiyyətləri bu tənqidlərdən demək olar ki, çox az nəticə çıxarıblar. Yəqin bu səbəbdəndir ki, Prezident son iclasda bu adamlar haqqında məlumat verilməsini tapşırdı, onları sərt şəkildə cəzalandıracağını bəyan etdi.
Qeyd edək ki, Bakıda yaşılıqların kütləvi şəkildə məhv edilərək, yerində binaların, ticarət obyektlərinin tikildiyi rayonlardan biri də Nizami rayonudur. Son illər bu rayonda həyətlərdə, yol kənarlarında ağacların qırılaraq heç bir memarlıq meyarına uyğun gəlməyən ticarət və iaşə obyektlərinin tikintisi daha da geniş vüsət alıb. Bu haqda mətbuatda çox yazılib, təkrarlamaq istəmirik.
Ancaq bu qədər yazılmasına, şikayətə baxmayaraq Nizami rayonunda yaşıllıqların məhv edilərək, yerində obyekt və binaların tikintisi davam etdirilir. Bu haqda “AzPolitika.info”ya rayon sakinlərindən daxil olan şikayətdə bildirilir. Sakinlər yaşadıqları binanın önündəki – Qara Qarayev prospektində, “Laçın” Ticarət Mərkəzi ilə “8-ci km” bazarı arasında yolun kənarında yerləşən ərazidəki yaşıllığın bir hissəsinin məhv edilməsindən şikayətlənirlər.
Şikayətçilər bildirirlər ki, həyətlərinin önündəki yaşıllığı bir gecədə məhv edərək, yerində ticarət obyektinin tikintisinə başlayıblar: “Yaşıllığı bir gecədə elə ildırım sürətilə məhv etdilər ki, biz özümüz də gözlərimizə inana bilmədik. Həmin ərazini dərhal da sementləyib, daş düzdülər ki, burada əvvəllər yaşıllığın, ağacların olduğu bilinməsin. Ətrafda hər yer bina, ticarət və iaşə obyektləridir. Kiçik bir ərazidə yaşıllıq qalmışdı. Onun da böyük hissəsini məhv edib, hasara alıblar. Həmin yerdəki dayanacağı belə hasarın içərisinə qataraq, ləğv etdilər. İnsanlar indi avtobuslara minmək üçün dayanacaq tapa bilmirlər. Ətraf binalarda yaşayan insanlar isə həm də təmiz havaya həsrət qalıblar. Həyətimizdəki yaşıllığı uşaqlarımızın oynayacağı, istilərdə əhalinin dincələ biləcəyi parklara çevirmək əvəzinə, məhv edərək yerində obyektlər tikirlər. Bu qanunsuzluğun arxasında kimlər dayanır? Camaat şikayətini kimə desin?
Xahiş edirik bizim səsimizi Prezidentə, müafiq orqanlara çatdırın. Gəlib tədbir görsünlər, bu tikintini dayandırıb, yaşıllğı bərpa etdirsinlər.”
Sakinlər ərazidən çəkilən şəkilləri də göndəriblər. Şəkillərdən belə məlum olur ki, ərazidəki yaşıllığın böyük hissəsində ağaclar məhv edilərək, yerində böyük bir obyektin tikintisinə hazırlıq gedir. Bu ərazidə tikilən obyektlərin dəyəri isə milyonlarla dollarla ölçülür.
Şikayətdə yazılanlarla bağlı Nizami rayon İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışacağıq.
Vaqif
AzPolitika.info
Ərazinin əvvəlki vəziyyəti belə olub
Bu xəbər üçün şərh yazın