Nurlana Əliyeva niyə hədəf seçilib-O,maneədir,məqsəddir, yoxsa?..
Dünən Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə buraxılmamasının səbəbkarı ali məktəbin girişində dayanan mühafizəçi olsa da, bəzi saytlar hay-küy salaraq,yaranmış vəziyyətlə bağlı rektor Nurlana Əliyevanı günahkar saydılar. Halbuki, Milli Qəhrəmanın universitetə gəlişi zamanı rektor xanım semestr imtahanlarının gedişini izləyirmiş,ona görə də məsələdən xəbərsiz olub.Sonradan onun Məhəmməd Həsənova telefon açıb görüşə dəvət etməsi bir daha sübut etdi ki, milli qəhrəmanlarımıza həmişə hörmət olub,indi də var. Amma təəssüf ki, bir sıra saytlarda “BSU-da növbəti biabırçılıq” və buna bənzər digər başlıqlar altında çoxsaylı yazılar dərc edildi.Bu gün isə hətta bir neçə sayt deputat və təhsil ekspertini N.Əliyevanın əleyhinə danışdırıb məsələni daha da şişirtməyə cəhd göstərdilər. Nə isə...
Ümumiyyətlə, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevaya qarşı kampaniya bu gün deyil, onun rektor təyin olunduğu vaxtdan başlayıb. Əslində, bu fikri söyləməyimizə kifayət qədər əsaslar var. Başlıca səbəb ondan ibarətdir ki, rektor xanımın universitetdə təmir-tikinti işlərinə başlaması və orada ciddi nizam-intizam yaratmaq istəməsi kimlərisə qane etmədi.
Nə baş verir?
Nurlana Əliyeva 2016-cı ilin aprel ayından Bakı Slavyan Universitetinə rektor təyin edilir. Bu ixtiyar yaşında ona göstərilən etimadın ilk əvvəl hansı səbəbdən baş verməsini müəyyən etmək çətin olsa da, bir ay sonra bəlli oldu ki, onun rektor təyin olunması heç də təsadüfi olmayıb. Belə ki,təyinatdan az sonra keçirilən semestr imtahanları şəffaflığı ilə diqqət mərkəzində oldu. Ardınca dərsə gəlməyən müəllimlərdən davamiyyət tələb olundu, bəzi müəllim və tələbələrdən mental dəyərlərə hörmət edilməsi səbəbilə üst geyimlərinə fikir vermələri onlara tövsiyyə edildi. Bütün bunların fövqündə isə yeniliyi qəbul etməyən bir qrup müəllim, daha doğrusu xanım rektordan əvvəlki rektorun tanış-bilişi mətbuatla “əməkdaşlıq” etməyə başlayıb, yeni rektoru tənqid atəşinə tutdular.“Yeni rektor müəllimləri incidir”, “Nurlana Əliyeva müəllimləri işdən çıxartmaq istəyir” və bu təyinatlı məqalələr mətbuatda dərc olunur, saytlar bir-birinə dəyirdi. Hadisələrin inkişafı isə deməyə əsas verirdi ki, rektor qarşısına qoyduğu hədəfə çatmaq, ona göstərilən etimadı doğrultmaq, daha doğrusu, verilən tapşırığın ikinci mərhələsini yerinə yetirmək üçün BSU-da təmir-yenidənqurma və restavrasiya, bərpa işlərinə başladı. Bu işlərin görülməsi kifayət qədər vəsait tələb edirdi. Vəsait isə yox idi, çünki BSU zamanla talan olunmuşdu.
Yeni rəhbərlik Təhsil Nazirliyi, Nazirlər Kabineti ilə yazışmalar aparır, paralel olaraq, müxtəlif mənbələr hesabına işlərə başlayırdı. Beləliklə, kanalizasiya sularının zirzəmiyə axmasının qarşısı alınır, su xətləri,elektrik naqilləri yenisi ilə əvəzlənir, bərbad vəziyyətdə olan tualetlər, bütün infastruktur təzələnirdi. Miqyaslı təmir və tikinti işlərinin 15 iyul 2016-cı ildə başlanmasından bir neçə gün sonra mətbuat hərəkətə keçir: “BSU-da tarixi memarlıq əsəri olan mozaikalar sökülür” başlıqlı məqalələr dövriyyəyə buraxılır və ictimaiyyəti çaşdırmaq yolu tutulur. Nurlana Əliyevanı tənqidin hədəfinə gətirmək məqsədilə yazılan bu xəbərlər isə çox çəkmir ki, inkar edilir.Sitat:“Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bildirir ki, Bakı Slavyan Universitetinin giriş hissənin fasadında olan mozaikanın sökülməsini “Tarixi memarlıq əsəri olan mozaikalar sökülür” kimi qələmə vermək, mətbuatda yazmaq yanlışdır” (Faktinfo.az 11 avqust 2016-cı il “Mədəniyyət və Turizm Nazirliyi inkar edir”).
Həmin günlərdə bir daha məlum oldu ki, quru palçıq divara yapışmadığı kimi, Nurlana Əliyevanın əleyhinə aparılan bu kampaniya da özünü doğrultmadı. Bir sözlə, BSU-da aparılan təmir-tikinti işləri yekunlaşdı,15 sentyabr bilik günündə açılış edildi. Maraqlısı isə o oldu ki, iki aylığa universitetdən tətilə ayrılan tələbələr geri qayıtdıqda gördükləri mənzərədən heyrətləndilər. Onların dilində “Bu necə baş verdi?”, “Nə tez təmir olundu?” və s. ifadələr işləndi.Nəticədə xanım rektorun əsassız qəsdinə durmaq, necə olursa- olsun, onu tədris və universitet həyatından bezdirib uzaqlaşdırmaq istəyənlər milli mənafe baxımından yanıldılar. Bu da son olmadı. Ardınca BSU-nun xanım rektorunun uğurlarını həzm edə bilmədilər, ona qarşı mətbuatda dərc edilən “Nurlana Əliyeva adına qocalar evi” başlıqlı “məqalə” saatlar sonra məlum saytlar tərəfindən tirajlandı. Hətta, məlum “məqalə”dən sonra “ardı var...”la bir neçə belə məqalə yazıldı. Bu məqalələrin ətrafında isə müzakirələr açıldı. Təhsil üzrə ekspertlər münasibət bildirdi.Sitat:“Rektor vəzifəsi tolerantlıq, müdriklik və böyük savad tələb edir”, “Təsadüfi adamları rektor təyin etmirlər” kimi fikirlər səsləndirdilər. Bununla, N.Əliyevanın nüfuzunun aşağı salınacağı faktoru əsas kimi götürülüb, ona əks fikirlərin sujet xəttində “Məncə o həm də tələm-tələsik özündən əvvəl rektor işləmiş şəxslərin fəaliyyətini təftiş etməməlidir”iddiası irəli sürülürdü. Hətta, qabağa gedərək BSU rektorunun özünü müdafiə elementlərinə irad tutulurdu.Onun 10 min işarəlik müsahibəyə yer ayırması belə diqqətdən kənarda qalmır, N.Əliyeva buna görə də qınanılırdı.
Amma fikirləşmədilər ki, yaşadığımız indiki cəmiyyətdə bütün zümrədən olan insanların özünü müdafiə haqqı var.Belə olduğu təqdirdə ölkə prezidentinin etimad göstərib yüksək eşalonda görmək istədiyi xanım rektor nədən özünü müdafiə tədbirlərindən kənarda qalmalıdır? Mətbuatda onu bolluca tənqid edənlər N.Əliyevanın ictimai rəyi xeyrinə dəyişmək istəməsini belə həzm edə bilmədilər. Hətta irəli gedərək, müdafiə etdikləri keçmiş universitet rəhbərliyinin təbliğinə sətir altı da olsa, fikir ayırdılar.Təhsil üzrə ekspert ,fəlsəfə doktoru Etibar Əliyevin vaxtilə dediklərindən sitat:“Ondan (N.Əliyevadan – red) əvvəl rektor işləmiş şəxslər kifayət qədər savadlı və qabiliyyətli olublar. Onların bəlkə də ən əsas qüsuru kollecdə çalışmamaları olub. Nurlana xanım universitetdə yaradıcılıq fakültəsini bağlayıb. Bu adam heç cür təqdir oluna bilməz”.
Beləliklə, bu kimi arqumentsizlikdən doğan fikirlərin bolluğunda xronologiyanı uzatmaq da olar. Nurlana Əliyevaya qarşı açılan “cəbhə”nin hansı səbəblərdən qaynaqlandığını ən xırda elementlərinə qədər təhlil etmək də mümkündür. Elə rektorun bir müddət əvvəl tənqid olunmasına dair “Universitet kollecə doğru geri...” məqaləsində başlığın 3 saat sonra “Rektorun apardığı yarıtmaz kadr siyasəti, BSU-nun çöküşünü sürətləndirir” sərlövhəsi ilə əvəzlənməsi fikrimizə ən böyük sübutdur.Təhsil üzrə ekspert Etibar Əliyev fikrini belə tamamlayır:“Azərbaycan Dövlət Neft Akademiyası və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Dövlət İqtisad Universitetinə təyin edilən rektorlar ciddi islahatlar aparır. Bununla da universitetlərinin nüfuzunu yüksəldir”.
Bu fikirdə paradoks isə ondan ibarətdir ki, cəmiyyətdə inandırmağı bacaran, şüurlarda tipik şərq qadını obrazını yeniləyən N.Əliyeva qəbul olunmur, belə demək mümkündürsə adı bir müddət əvvəl 620 min manatlıq rüşvət qalmaqalında hallanan Dövlət İqtisad Universitetinin rektoru yenilikçi adlandırılır,belə bir şəxs N.Əliyevaya nümunə göstərilir. Göründüyü kimi, sərt, qısqanc və amansız şərqdə qadının boy verib görünmək istəməsinə, idarəçilikdə təmsil olunmasına sevinilmir, Nurlana Əliyeva rektor kürsüsündə oturar-oturmaz arqumentsiz tənqid olunur.
Hörmətli cənablar, indi özünüz deyin: Siz təkzibolunmaz faktlara inanırsınız, yoxsa anonim şayiələrə, qeyri-səmimi müraciətlərə?!Axı fakt elə bir təkzibedilməz dəlildir ki, onu heç cür təhrif etmək olmaz. N.Əliyeva universitetə rəhbərliyinin birinci həftəsindən tənqid olundu. Onun tənqid olunması üçün ifadə olunan arqumentlərə fakt kimi yanaşılmalı, yoxsa anonim şayələr kimi qəbul edilməli idi?!
Rektor xanımın BSU-ya gətirmək istədiyi müasirlik, idarəçilik, təmsilçilik kimi anlayışların nəticəsi gözlənilmir, haqqında “Universitet kollecə doğru geri...” tənqidi məqaləsi yazılır. Düzdür, həmkarlarım əsaslandıra bilər ki, hansı cəmiyyətdə tənqid, müxalif və alternativ fikir yoxdursa, orada inkişafdan söhbət gedə bilməz. Ancaq xüsusi vurğulamaq istəyirik ki, səslənən hər bir tənqid sağlam düşüncənin məhsulu olmalı, obyektivlik, ədalət ön planda dayanmalıdır.Təəssüf ki, N.Əliyeva ilə bağlı belə olmadı. Bir az əvvəl vurğuladığımız kimi, o rektor təyin olunandan bir həftə sonra kütləvi xarakter alan bir şəkildə tənqid olundu. Əslində onu tanıyanlar, təfəkkürünə bələd olanlar bilirdi ki, o şərqə məxsus bütün adət-ənənələrin daşıyıcısıdır, qayda-qanunları pozmadan irəli getməyi bacaran Azərbaycan qadınıdır ki, üst geyiminə fikir verməyən, açıq-saçıq tələbə qarşısına çıxan müəllimlərin geyimlərinə fikir vermələrini bir şərt kimi onların qarşısında qoyacaqdı.
Sual oluna bilər, burada pis nə var ki, gecə paltarı ilə tələbə qarşısına çıxan müəllimlərə düzgün geyinmələrini tövsiyyə etdiyinə görə tənqid olundu, rektor xanım müasir olmamaqda günahlandırıldı.Onu ittiham edib ,haqqında tənqid yazdıranlar elə başa düşdülər ki, müasirlik həyat, məişət tərzinin yeni qaydalarla nizamlanmasıdır və onlar geyimə irad tutan rektoru tənqid edərkən alqışlanacaqlar. Belələri bilməli idi ki, biz dünyada gedən proseslərdə geniş anlamda iştirakımız və onun əməli sübutu olan işimizlə fərqlənə bilərik ki, N.Əliyeva da müəllimlərdən dərsə gəlmələrini, dərs keçmələrini tələb edirdi. Burada pis nə var idi ki, onu tənqid edib ondan əvvəlki rektor işləmiş şəxsləri kifayət qədər savadlı, qabiliyyətli və bacarıqlı adlandırmaqla, ictimai rəydə N.Əliyevanın pedoqoji fəaliyyətini, savadını, qabiliyyətini və bacarığını kölgələyir, onu aşağılamağa cəhd göstərirdilər. Bir az da irəli gedərək, bunu N.Əliyevanın BSU-da fakültəni bağlaması ilə əsaslandırdılar. Amma nədənsə həmişə obyektivlikdən danışan təhsil ekspertlərimiz bu dəfə bağlanan yaradıcılıq fakültəsinin “ölü can”lardan ibarət olduğunu unudur, ictimaiyyətin gözünə kül üfürürdülər. Və yaxud, N.Əliyevanın BSU-nu təmir etdirməsini faciə kimi qələmə verib, universitetin girişində olan mozaikaların bərpasını tənqid etməklə ümumi ölkə mətbuatında bu mövzuya bir həftə vaxt ayırdılar.
İndi özünüz deyin, hansı namuslu Azərbaycan vətəndaşı ictimai rəydən, milli amal və idealdan özünü təcrid edib tarixi memarlıq abidəsi olan mozaikaları sökərdi. O da ola ki, bunu mütərəqqi fikirli N.Əliyeva edəydi! Nədən N.Əliyeva barəsində tənqid yazan mətbuat, nə də yazılan tənqidləri şişirdib rektor xanımın ətrafında müzakirə açan təhsil üzrə ekspertlərimiz vurğulamadılar ki, niyə indiyə qədər BSU-da kafedralar kiçik-kiçik otaqlardan ibarət olub. Həmin kiçik otaqlara 40 nəfər müəllim,kafedranın elmi ictimaiyyəti yığışıb. Bakı Slavyan Universitetində müəllim və digər işçilərin sayı tələbələrin sayı ilə nisbətdə hədsiz çox olub. Bu nisbətə hansı universitetdə rast gəlinib? Bu nisbət hüdudvari bir neçə dəfə artıq deyilmi?!
Məgər, N.Əliyeva təmtəraqlı universitetə rektor təyin olunmuşdu ki, oradakı təmir işlərini faciəyə çevirirdilər? Vaxtilə akt zalının bərbad vəziyyətdə olmasını, kanalzasiya sularının zirzəmiyə axıdılmasını, orada anarxiyanın baş alıb getməsini bugünkü vəziyyətlə müqayisə etmək məgər o qədər çətindir?!
N.Əliyevaya qədər orada olan maliyyə yeyintiləri o həddə çatmışdı ki, müəllimlərin məzuniyyət pulunu verməyə vəsait yox idi.Dekanlıqlarda attesstasiya komissiyasının protokolu olmayıbsa, sənədləşmə pis bir halda təzahür edibsə, əmr kitabları möhürlənib qaytanlanmayıbsa, orada bir ədəd ağıllı lövhə, proyektor, 30 ədəd kompyuter yox idisə, gərəkən də o idi ki, N.Əliyeva kollec direktoru olduğuna görə qınanılmamalı idi. Çünki, N.Əliyeva zamanla rəhbəri olduğu Pedoqoji Kollecdə normal pedoqoji mühit yaratmışdı. Ora əsaslı təmir olunmuşdu, müasir avadanlıqlar alınmışdı,Nurlana xanım kolleclə vidalaşanda onlarla ağıllı lövhə, proyektor, 100-ə yaxın kompyuter avadanlığını təhvil verərək nazir müşaviri vəzifəsinə təyin olunmuşdu.
Məgər, 5 il bundan qabaq BSU-nun maddi texniki bazasının yaradılması üçün imkanları və ya ora ayrılan vəsait Pedoqoji Kollecə ayrılan vəsaitdən az idi ki, pis günə düşüb, Fransadan, Ruminiyadan, Polşadan və digər Avropa ölkələrindən universitetə gələn nümayəndə heyyətinin təəccübünə, heyrətinə səbəb olurdu?! Axı sizlər bilirsiniz ki, Bakı Slavyan Universiteti qədər xarici ölkə universitetləri ilə təmasda olub,qarşılıqlı işləyən ikinci bir ali məktəbimiz yoxdur.
Qənaətimiz belədir: Süni ittihamlarla təfəkkürünü səfərbər edərək N.Əliyeva haqqında tənqid yazmaq istəyən mətbuat orqanının rəhbəri, fikir yürüdən təhsil üzrə istənilən ekspert, digər hər hansı şəxs onunla üz-üzə otursun, fikir mübadiləsi aparsın, onu dərindən tanısın,nəticədə cəmiyyət haqqındakı elmin qanunları ilə emosional təsvirin yerini dəyişik salmasın.
Fuad İsgəndərov
Faktinfo.az saytının baş redaktoru
Bu xəbər üçün şərh yazın