Nuru Paşanın vəfatından 72 il ötür

Nuru Paşanın vəfatından 72 il ötür 

Azərbaycanı erməni qüvvələri və bolşeviklərdən azad edən, Bakı fatehi, Qafqaz İslam Ordusunun komandanı, general-leytenant Nuru Paşanın vəfatından bu gün 72 il keçir.

1949-cu ilin martın 2-də İstanbuldakı silah fabrikində baş verən böyük partlayışda həlak olan Nuru Paşanın qəza, yoxsa sui-qəsd nəticəsində öldüyü indiyədək qaranlıq qalır.


Qeyd edək ki, Nuru Killigil 1890-cı ildə Osmanlı imperiyasının Monastır şəhərində (hazırkı Şimali Makedoniyanın Bitola şəhəri) anadan olub.


1909-cu ildə baş leytenant rütbəsi ilə Monastır Hərbi Məktəbini bitirib. Osmanlı ordusunda imperiyanın müxtəlif yerlərində xidmət edən Nuru Killigil 1911-ci ildə İtaliya-Osmanlı müharibəsinin iştirakçısı olub.


Birinci Dünya müharibəsində 1917-ci ilədək Benqazi və Tripoli istiqamətlərində xidmətdə olub, Britaniya, İtaliya və Fransa ordularına qarşı döyüşüb.


Ənvər Paşa Azərbaycan və Dağıstanın Osmanlıdan yardım istəməsi ilə qurduğu Qafqaz İslam Ordusunun komandalığı qardaşı Nuru Paşaya verib. 1918-ci ilin mayın 25-də Azərbaycana gələn Qafqaz İslam Ordusuna bir neçə min nəfərdən ibarət azərbaycanlı əsgərlər də qoşulub. Göyçay, Salyan, Ağsu və Kürdəmiri bolşevik və erməni işğalından azad edən Qafqaz İslam Ordusu eyni ilin sentyabrın 15-də Bakını işğalçılardan təmizləyib. Bakı döyüşlərində Qafqaz İslam Ordusundan 1 130 nəfər şəhid olub.



Bakıda böyük coşqu ilə qarşılanan Nuru Paşa Təzəpir məscidində minbərə çıxaraq xalqa xitab edib. Sözügedən minbər “Nuru paşa minbəri” kimi tanınır və məsciddə qorunub saxlanılır. Paşanın Gəncədə qonaq qaldığı ev də muzey olaraq fəaliyyət göstərir.


Mudros müqaviləsindən sonra Qafqaz İslam Ordusu Bakını tərk etməyə məcbur olub, Nuru Paşa isə ingilislər tərəfindən Batumidə həbs edilib.


Nuru Paşa 1919-cu ilin avqustun 8-də məhkəmə qarşısına çıxarılmaq üçün aparılarkən qafqazlıların köməyi ilə həbsdən qaçmağı bacarıb.


İşğaldan azad etdiyi Bakının daha sonra bolşeviklərin zəbt etməsi generalı sarsıdıb. Azərbaycanlı mühacir Cabbar Ərtürk 1956-cı ildə yazdığı “Anayurdda unudulan türklük” adlı kitabında Nuru Paşanın bu mövzu ilə bağlı sözlərinə yer verib:


“Böyük qardaşım (Ənvər Paşa – “Report”) şəhid olması ürəyimi necə sızlatdısa, Azərbaycanın işğalı da qəlbimi o qədər göynətdi. Qardaşım fani idi, Azərbaycandakı türklük isə əbədidir. Kaş ölərdim, ancaq Azərbaycan türklükdən kənar qalmazdı”./report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər