"Oğlunuzu şikəst edən professor mənim elmi rəhbərimdir"- Xeyrulla Ağayev yazır

"Oğlunuzu şikəst edən professor mənim elmi rəhbərimdir"- Xeyrulla Ağayev yazır 

Təbrik edirəm həm yaşca, həm qəlbən, həm də ruhən gəncliyini yaşayanları!.. Gənclik eşqiniz heç vaxt sönməsin!...

Həyatda ən çox sevdiyim gənci- 22 yaşlı BƏXTİYARIMI, Qəlbimin həmdəmi BƏXTİŞİ təbrik edirəm bu əziz gündə!.. O da yaşayır öz gəncliyini... hamıdan fərqli... necə ki körpəliyini də, uşaqlığını da yaşayıb hamıdan fərqli, sakitcə... öz içində.. dinməz-söyləməz.. danışmadan.. 

Çünki, hələ 2 yaşında “professor-həkim” adlı pul düşgünü cəllad insafsızlığı və naşılığıyla məhrum etdi Bəxtişi danışmaq qabiliyyətindən... cərrahi əməliyyat zamanı sinirlərinə toxunaraq həm dilindən, həm zehni inkişafdan məhrum etdi... və hamının istedadlı olacağını dedikləri, hələ təzəcə dil açıb danışan körpəni susmağa məhkum etdi.... Anadangəlmə dodaq şikəstliyini aradan götürmək əvəzinə dil və beynini də şikəst elədi “həkim”.., qaş düzəldən yerdə.....??!..

Çox bəlalar çəkdi başı bu başıbəlalı Bəxtişim... 6 yaşı oldu... tay-tuşları məktəbə getdi- o isə həsədlə onların arxasınca baxdı.. bəli.. o məktəbə gedə bilməzdi.. axı danışa bilmir.. 17-18 yaşlarında həmyaşıdlar ali məktəblərə ya orduya getdilər, kimi təhsil dalınca, kimi xidmətə.. Bəxtiş isə hamısından məhrum idi... yenə gözləri yol çəkirdi...

Dil- ünsiyyət vasitəsi kimi yalnız insana xas olub, onu bütün canlı və cansız aləmdən fərqləndirib dünyanın əşrəfinə döndərib.. Ancaq insan təkcə dillə danışa bilirmi, insanı anlaya bilirmi??!... Əsla yox.. Bəxtişim danışır.. hər gün danışır.. hər şeyi danışır- çünki hər şeyi çox gözəl anlayır, duyur, lap o dil qatili “profesor”dan da yaxşı danışır Bəxtişim.. İnsan dilində danışır, qəlb dilində danışır, Ruhuyla danışır hamıyla... və hamıya öz fikrini bir çox dillilərdən və pul diliylədanışan o “həkim”dən də yaxşa anlada bilir hamını.. çünki ürəklə danışır.. səmimi danışır..yalan nə olduğunu bilmir.. saxtakarlıqdan anlayışı yox.. pislik bacarmır.. çox şeyi baxışlarıyla deyir.. Onun yolunda hədsiz əzablara qatlaşan Anası ağrıyanda onun gözlərindəki hissləri, duyğulari ifadə etməyi ən mahir şair ya psixoloqlar belə bacarmaz... Mənimlə Ruhuyla bağlıdı Bəxtişim.. gəlişimi qabaqcadan hiss edir, əl çalıb oynayır hər evə qayıdışıma.. hər səhər mən evdən çıxanda xeyir-dualarını baxışlarıyla çatdırır mənə.. Ürəyim ağrıyanda o rahatlıq tapa bilmir, həssas qəlbiylə mənə məlhəm olur, ağrılarımı yox edir.. başım ağrıyanda əlini qoymağı kifayətdir ki, sakitləşsin on minlərlə kitabı içində daşıyan başım..

Bəxtişim- bəxt ulduzumdur, taleyimdə nail olduğum bütün uğurlara görə daha çox ona minnətdaram, onun xeyirxah Ruhuna!.. və ən böyük uğurlarımı məhz o dünyaya gələndən sonra qazanmışam.. (yeri gəlmişkən xatırladım ki, onun dünyaya gəlişi də əlamətdar gündə oldu, 1995-ci il iyunun 24-də biz İsmayıllı mədəniyyət evində gözəl ziyalımız, tarixçi-alimimiz, yazıçı-publisist Aydın Səlimzadənin xatirə gecəsini keçirən gün.. və ona ən böyük Aydınımız- BƏXTİYAR Vahabzadənin adını qoyduq..) O talismanım olub, dağdağanım olub, İlham pərim olub.. Mənim gözümdə o dünyanın ən Məsum, ən saf, ən həssas, ən intellektli, ən zirəng, ən mərhəmətli İnsanıdır... çünki o hamıyla RUH dilində danışır, çoxlarının öz saxta və dayaz düşüncələrini, iyrənc niyyətlərini, məkrli planlarını gerçəkləşdirmək üçün sui-istifadə etdyi “insan” dilində yox..

Bayramın mübarək Bəxtişim- ey RUH tərcümanım, qəlb şairim, yazıçım, təbibim, loğmanım, fəxrim, məni bu dünyaya ən bərk bağlayn sehirli Varlığım- BƏXTİŞİM mənim!..

Bəxtiyarımı bəxtiyarlıgdan məhrum edən "professor" elə indi də ATU-nun Cərrahiyyə korpusunda çalışır. ucaboy.. enlikürək.. qıpqırmızı sifət.. Dəfələrlə onunla üz-üzə gəlmişəm.. heç vaxt bir kəlmə də olsun ağır söz deməmişəm, ona nifrətimi də biruzə verməməyə çalışmışam. Onun üz-gözündə vicdan əzablarının izlərini axtarmışam hər zaman.. çox təəssüf ki, qıpqırmızı sifət və yoğun boynu tamamılə başqa şeylər deyir.. Hər dəfə onunla rastlaşanda nədənsə Z.Freydi xatırlayıram "Əzab- vicdan mənşəlidir" ifadəsiylə.. Vicdan olmasa- yaşamağa nə var ki?!.. Bütün əzablarımızın ANAsı elə VİCDAN imiş.. Nə deyim.. Niyə deyim.?!... 

Bu məqamda bir faktı xatırlamamaq ədalətsizlik olardı. 3 il öncə Bəxtişi yenidən əməliyyat etməli olduq. Əksər xəstəxanaları gəzib dolaşsam da, çox həkimlərlə danışsam da, heç kim razılaşmadı.. axı çox ağır və riskli əməliyyat idi. Nəhayət mənə dedilər ki, Semaşko xəstəxanasında Türkiyə təcrübəli yaxşı həkim var, bəlkə o razılaşar.. Getdim.. nəzakətlə qəbul etdi, ikilikdə oturub söhbət etdik, Bəxtişin xəstəliyinin və "əlil taleyinin" tarixçəsini danışdım.. 

Birdən həkim dik atıldı və yaxınlaşıb əllərimdən tutdu, duluxsunub dedi "Oğlunuzu şikəst edən professor mənim elmi rəhbərimdir, uşağınızı mən əməliyyat edəcəm, çalışacam öz rəhbərimin günahlarınız az qismini də olsa yuyam".. çox təzadlı bir vəziyyət yarandı.. Gənc həkimin gözlərində elmi rəhbərinə görə dərin əzabları duydum aydınca.. razılaşdıq. Həkim öz dəstəsilə bir neçə gündən sonra çətin əməliyyatı uğurla başa çatdırdı.. tam təmənnasız olaraq..Hətta tibb bacıları belə xırda hörmətə yaxın durmadılar, bir gəpik pul almağa razılaşmadılar.. əksinə- özləri bizə minnətdarlıq etdilər övlada belə qayğıya görə.. həm də "həkim tapşırıb" dedilər.. 

17 iyulda Səhiyyə işçiləri günündə həkimə zəng edib bayramını təbrik etdim əsl Hippokrat andını içmiş TƏBİB kimi... hədsiz sevinc içində dedi "Müəllim, sizin bu təbrikinizi taleyimin ən böyük mükafatı kimi gəbul edirəm və heç vaxt bu təbriki unutmayacam".. Həkimlə dostlaşdım.. və səmimi dostluğumuz davam edir.. 

Bəli- TANRIya minnətdaram yaxşı insanları rastıma çıxardığına görə.. Yaxşılar xilas edib yaşadacaq bu təzadlı dünyamızı...

"Oğlunuzu şikəst edən professor mənim elmi rəhbərimdir"- Xeyrulla Ağayev yazır
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi