"ÖLÜRƏM, MƏNİ XİLAS EDİN!" - 22 yaşlı gəncin ürəkparçalayan müraciəti + FOTOLAR
22 yaşlı gənc - Şamaxı rayon, Dağ Bağırlı kənd sakini Əbdürrəhmanov Cabbar Faiq oğlu "AzPolitika.info"ya ürəkparçalayan müraciət göndərib.
Ömrünün cəmi iki on ilini yaşamış Cabbar nə iş istəmir, nə maddi təminat. Bu həyat dolu gəncimiz yaşamaq, var olmaq istəyir. Bilir ki, daşıdığı anadangəlmə ürək qüsuru insan ömrünü gözləmədiyi anda qıra, arzuları, ümidləri bir anda məhv ola bilər...
Cabbar onu da bilir ki, bu xəstəliyin müalicəsi var, imkanı olan insanlar müalicə olunub sağalır, həyata davam edir. O da şanslı gənclərdən biri olmaq istəyir, fəqət, nə ailəsinin, nə də yaxınlarının tələb olunan vəsaiti toplamağa imkanı yoxdur. Çünki Belarusda, Almaniyada klinikaların istədiyi 200 min manat onlar üçün əlçatmaz, fantastik rəqəmdir.
Amma Cabbar ümidsiz deyil, Azərbaycan xalqına, onun mərhəmətli, yardımsevər insanlarına, imkanlı şəxslərinə güvənir, onların dəstəyinə ümid bəsləyir: "Sizə yalvarıram, Allah xətrinə, mənə kömək edin, yaşamaq istəyirəm. Kimin hansı məbləğə imkanı çatır, bu karta göndərsin, telefon nömrəsi ilə əlaqə saxlasın. Bilirəm ki, indi fırıldaqçılar, dələduzlar çoxdur, insanlarımızı aldadırlar, şübhə yaradırlar. Nəticədə mənim kimi həqiqi köməyə ehtiyacı olanlar ağrı-acılar içində məhv olub həyatdan gedirlər. Bütün suallarına cavab verərəm, xəstəliyimlə bağlı sənədləri göndərərəm. Yetər ki, məni ölümün pəncəsindən almağa dəstək əli uzadın!..." (Telefon: 050 791 15 23)
P.S:"AzPolitika.info" əməkdaşı Cabbar Əbdürrəhmanovun həqiqətən anadangəlmə ürək qüsuru olduğu barədə sənədlərlə tanış olub və redaksiya xeyirxah insanlardan ona dəstək olmağı xahiş edir.
Bu xəbər üçün şərh yazın