Oqtay Rzanın xatirəsinə
Oqtay Rza ilə dostluğumuz 1978-ci il mart ayının 28-ə təsadüf edir.
Onu mənimlə həmkəndlim Səlahəddin müəllim (Səlahəddin müəllim o vaxt APİ-nin biologiya fakültəsinin dosenti Hazırda Almaniyada yaşayır və biologiya elmi sahəsində dünyanın ən görkəmli alimlərindən sayılır) tanış eləmişdi. Uzun illər Səlahəddin müəllim və mən Oqtay Rza ilə dostluğumuza sadiq qaldıq. Son illər Oqtay Rza ilə Respublika Mətbuat Mərkəzində görüşərdim. Ölümündən bir neçə gün qabaq da Respublika Mətbuat Mərkəzində qabaqlaşdıq.
85 illik yubileyi ilə bağlı yazdığı bir ərizədə iki qrammatik səhv getmişdi. O, mənim bilgisayarda nəsə yazdırdığımı görüb dedi: “Mirzə, olarmı operator xanım mənim ərizəmdə olan qrammatik səhvləri düzəltsin. Oxuyub deyərlər, Oqtay Rza həm müəllim olub, həm də şairdir. Amma sözləri düz yaza bilmir. Bu mənim üçün böyük nöqsan sayılar”. Gülümsəyib dedim: “Oqtay müəllim, hərif səhvləri kiçik nöqsanlardır. Buna dözmək olar. Kaş ki, böyük nöqsanlarımız olmasın”. Operator xanım ərizədəki səhvləri düzəldənədək Oqtay müəllimlə xeyli söhbət etdim. Bir-birimizin səhhəti ilə maraqlandıq.O, ayaqlarındakı və böyrəklərindəki ağrılardan gileyləndi. Sonra dedi: “Sənin böyrəyimə yazdığın o dərmanları hələ də almamışam”. “Niyə” - deyə soruşdum. Çünki sən yazdığın kağızı itirmişəm” - dedi. Oqtay müəllimin səhhətinə qarşı biganəliyinə dözməyərək dedim: “Yaxşı olar ki, siz uroloq həkimə müraciət edib, həkimin dediklərinə də əməl edəsiniz”. Osa mənə - “Mənim həkimim də, loğmanım da sənsən”. Bu dəfə nə yazsan, ona əməl edəcəyəm” - dedi. Mən həmin böyrək dərmanlarının adlarını kağıza yazıb Oqtay müəllimə verib, dedim: “Bil ki, bu dərmanları içərkən araq içmək olmaz”. Oqtay müəllim isə: “Yanacaq olmadan, dərmanlar fayda verməz. Bir də ki, mənlə araq içən çox dostlarıma da həkimlər araq içməməyi məsləhət görmüşdülər. Onlar da həkimlərin sözünlərinə əməl edərək araq içməyi tərgitdilər. Amma araq içməyi tərgidən kimi öldülər”. Mən də gülə-gülə dedim: “Oqtay müəllim, sizin o dostlarınıza araq içməməyi mən məsləhət bilməmişəm. Mən bu sözləri sizə deyirəm”. Oqtay müəllim ciddi tövr alaraq dedi: “Eləsə mən araq içə-içə öləcəyəm”. “Daha sorasını özün bilərsən” – deyə köksümü ötürdüm.
Elə həmin gün də Oqtay Rza ilə sağollaşıb rayona getdim. Bir neçə gündən sonra Bakıya qayıtdım. Sabahısı Mətbuat Mərkəzinə gələndə gördüm ki,orada lövhəyə Oqtay Rzanın şəkilini vurub, nəsə yazıblar. Elə bildim ki, Oqtay Rzanın 85 illik yubileyi ilə bağlı haradasa ədəbi məclis keçiriləcək. Odur ki, həmin məlumat lövhəsinə diqqətlə baxdım, gördüm ki, Oqtay Rzanın şəklinin üstünə “Allah rəhmət eləsin” sözləri yazılıb.
Dost itkisi ağır olduğundan dünya gözlərimdə qaraldı. Bədahətən bu bayatıları söylədim:
Xoş xəyala daldı, getdi!
Oqtay Rza qaldı, getdi!
Üz-gözündən nur çiləndi!
Söz-söhbəti baldı, getdi!
Elə sanman öldü Oqtay,
Qansız ölmə güldü Oqtay,
Könlü sonsuz kainatdı,
Qəlbi qızıl güldü Oqtay!
Ulu Tanrıya əyandı,
Olumdan ölümə yandı..,
Oqtay Rza bölünməmiş,
Bölünməz Azərbaycandı!!!
Həmin gündən başlayaraq əziz dostum Oqtay Rzanın xatirəsinə həsr etdiyim “Biz üç dost idik” əsərini yazıram. Artıq bu əsərim başa çatmaq üzrədir. İnşallah, onu tezliklə Oqtar Rza sevənlərin diqqətinə çatdıracağam.
İndi isə Allahdan Oqtay Rzaya rəhmət, ailəsinə, qohumlarına, dostlarına dözüm, səbir diləyirəm!!!
FƏZAİL İSMAYIL BÖYÜKKİŞİ
Faktinfo.az
Bu xəbər üçün şərh yazın