“Özəl kanallarımıza baxanda adamın əti tökülür” - Deputat
“Özəl kanallarımıza baxanda adamın əti tökülür. Başdan-ayağa səviyyəsizlik, qeyri-peşəkarlıq hökm sürür”.
Bunu yazıçı, millət vəkili Hüseynbala Mirələmov parlamentin Mədəniyyət komitəsinin aprelin 10-da keçirilən iclasında deyib.
O, Türkiyə telekanallarından nümunə çəkib: “Türkiyənin telekanallarına fikir verək. Baxırsan, nə qədər maraqlı verilişlər, filmlər, teleseriallar göstərilir.
Məsələn, “Möhtəşəm yüz il”i götürək. Necə baxımlı, maraqlı serialdır. Mən hətta Moskvada olarkən görürdüm ki, ruslar onu necə maraqla izləyirlər. Amma gəlin özümüzə dönüb baxaq, görək bizdə vəziyyət necədir: tək sözlə, biabırçılıq.
Guya teleserial çəkirlər, başdan-ayağa səviyyəsizlik, əttökənlikdir. Hansısa veriliş gedir, iki saat efir zəbt olunur, amma baxırsan ki, heç nə yoxdur, qeyri-peşəkarlıqdır. Ona görə hesab edirəm ki, Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılmalıdır.
Hətta, onlara elə səlahiyyət verilməlidir ki, televiziyaları birbaşa bağlaya bilsinlər. Artıq bəzi özəl telekanalların bağlanmasına ehtiyac duyulur”.
Onun fikirləri yazıçı və millət vəkili həmkarı Elmira Axundova tərəfindən dəstəklənib. E.Axundova da hesab edir ki, bəzi özəl telekanalların bağlanması məqsədəuyğun olardı: “Onları izləmək, onlara baxmaq mümkün deyil. Sanki bu xalqa, bu dövlətə aid deyillər. Bütün günü şit, bayağı verilişlər efirləri zəbt edir, zövqlər korlanılır.
Baxırsan xarici telekanallara, məsələn, Fransanın özəl televiziyalarına, çox maraqlı verilişlər gedir. Könhə, tanınmış, korifey sənətkarlar, dünya ulduzlarından bəhs edilir, onlar bir daha dinləyicilərə çatdırılır, xatırladılır.
Amma bizdə necədir, tam biabırçılıq. Sadəcə AzTV-də belə baxımlı verilişlərə baxmaq mümkündür, qismən də İTV-də. Ona görə düşünürəm ki, doğrudan da Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var. Şura artıq bəzi özəl telekanalların bağlanılmasına qərar verməlidir. Belə telekanallardansa, olmaması yaxşıdır”.
Akademik, millət vəkili Ziyad Səmədzadə bəzi telekanallarda milli adət-ənələrimizə, milli mentalitetimizə zidd məqamların yaşandığını və yayımlandığını bildirib: “Bunlar hər birimizdə ciddi təəssüf və narahatlıq doğurur. Bunlar aradan qaldırılmalıdır. Hesab edirəm ki, lazım gələrsə, bu yöndə məsələləri bir qədər qapalı şəkildə də müzakirə edə bilərik”./Oxu.az
Bu xəbər üçün şərh yazın