PKK Türkiyədə böyük səs-küyə səbəb olan vandallığı üzərinə götürdü: "O, dövlətin agenti olduğu üçün cəzalandırıldı"
Xəbər verildiyi kimi, Türkiyədə keçirilən prezident və parlament seçkilərinin səhəri Ağrı şəhərinin Doğubəyazid rayonunun Türkmən kənd sakini, kiçik ticarətçi, 11 uşaq atası Mövlüd Bengi elektirk dirəyinə bağlanaraq vəhşicəsinə öldürülüb.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədən 2 gün sonra qardaşı tərəfindən meyidi tapılan Benginin boynuna asılmış “2015-ci ildən dövlətə agentlik etdiyi üçün öldürüldü” yazılı xəbərdarlığından sonra bütün diqqətlər PKK terror təşkilatına simpatiyasını gizlətməyən HDP-yə yönəlmişdi.
Elə hadisədən dərhal sonra Daxili işlər naziri Süleyman Soylunun HDP-nin həmsədri Pərvin Pulduna zəng edərək “Sizə həddinizi bildirəcəyik”deməsi də, bu qənaəti gücləndirirdi.
Həmin vaxtdan Türkiyənin gündəminə “bomba” kimi düşən bu hadisə siyasi pariyaların da bir-birinə sərt ittiham səsləndirməsinə səbəb olub.
Belə ki, dünən AKP-nin sözçüsü Mahir Ünal CHP-ni ittiham edərək, hadisəyə hələ də rəsmi münasibət bildirməmələrini sərt tənqid edib.
Maraqlı budur ki, hadisənin yaratdığı ajiotaj pik nöqtəyə çıxdığı bir anda HDP rəhbərliyi üzərlərinə yönələn bütün ittihamları rədd edərək, AKP-nin xeyrinə seçki təbliğatı aparan və iqtidar partiyasına səs verən Mövlud Benginin belə qətlə yetirilməsində əllərinin olmadığını bəyan edib.
Bu gün isə PKK terror təşkilatı rəsmi bəyanat yayaraq, həmin qətli törətdiklərini etiraf edib.
PKK rəsmi saytından yaydığı açıqlamada qeyd edib ki, Mövlud Bengi PKK-lı Eyyib Kartalla Mehmet Meninin yerini Türkiyə təhlükəsizlik qüvvələrinə xəbər verdiyi üçün ölümlə cəzalandırılıb.
Açıqlamada o da etiraf olunub ki, Mövlud Bengi sayəsində son 3 ildə bir çox PKK-lı terrorçu ələ keçirilib.
Türkiyə mətbuatı onu da xatırladır ki, hadisədən sonra Türkmən kəndi ilə Çiflik kənd sakinlərinə 5 günlük küçəyə çıxma qadağası elan olunub. Bundan başqa qatillərin tutulması üçün əraziyə əlavə xüsusi təyinatlılar göndərilib.
Bu xəbər üçün şərh yazın