“POLAD HƏŞİMOV POSTA GƏLDİ VƏ VURUŞMAĞA BAŞLADI” - Döyüşçülərimizin xatirələri + FOTOLAR
“Tovuz döyüşləri zamanı düşmənin xeyli sayda əsgər və zabitini məhv etdik”.
Bunu Report.az-ın döyüşlərin baş verdiyi postlara ezam olunan əməkdaşına müsahibəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Faiq Abdıyev deyib.
O, 2020-ci il iyulun 12-də başlayan Tovuz döyüşlərində iştirak edib və yaralanıb.
F.Abdıyev bildirib ki, yarası sağaldıqdan sonra Vətənin keşiyində qürurla xidmətini davam etdirir: “Həmin gün məlumat gəldi ki, düşmənin diversiya qrupu bizim ön xətdəki mövqelərimizə hücuma keçib. Onlar iriçaplı silahlardan atəş açmağa başladılar. Dərhal verilən tapşırığa əsasən, həmin yüksəkliyə getdik və döyüşlərə qoşulduq. Döyüşlər zamanı düşmənin xeyli sayda əsgər və zabiti məhv edildi. Çox təəssüflər olsun ki, həmin döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanları - general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, digər yüksək rütbəli zabit və əsgərlərimiz şəhid oldular. Bu hadisələr bizi daha da qəzəbləndirdi və onların intiqamlarının alınması üçün düşmənə daha da sarsıdıcı zərbələr endirməyə başladıq. Döyüşdə yaralandığım üçün sona qədər vuruşa bilmədim. Lakin hərbçi yoldaşlarımdan aldığım qələbə xəbəri mənim daha tez sağalmağıma təkan verdi. Şükürlər olsun ki, müalicə aldığım hospitalda göstərilən tibbi yardımlardan sonra tam sağaldım və yenidən hərbi qulluqçu olaraq böyük qürurla Vətənimin keşiyindəyəm”.
Azərbaycan Ordusunun baş leytenantı Akşin Alıyev də Tovuz döyüşlərinin iştirakçısı olub. Milli qəhrəmanlarla çiyin-çiyinə vuruşan zabit deyib ki, həmin hadisələr onun yaddaşına tarixi bir zəfər kimi həkk olunub: “Döyüş zamanı ermənilər mövqelərimizi, dinc sakinlərin yaşadığı kəndlərimizi iriçaplı silahlardan və minaatanlardan atəşə tuturdular. Dərhal adekvat cavab tədbirləri görüldü və düşmənə ciddi zərbələr endirdik. Ağır döyüşlərin getdiyi anda Milli Qəhrəman, general-mayor Polad Həşimov və digər zabitlərimiz də həmin mövqelərə gəlmişdilər. Təəssüflər olsun ki, iyulun 14-də düşmənin açdığı atəş nəticəsində yüksək rütbəli zabit və gizirlərimiz şəhid oldular. Buna baxmayaraq, heç bir əsgər və zabitin ruh düşkünlüyü olmadı. Döyüş yoldaşlarımız qisas və nifrət hissi ilə düşmənin ön və arxa hərbi təminat hissələrinə ağır zərbələr endirərək onların xeyli sayda texnika və canlı qüvvəsini məhv etdilər”.
“Ermənilər düşünürdülər ki, yüksək rütbəli hərbçilərimizin şəhid olması bizdə ruh düşkünlüyü yaradacaq. Lakin onlar Tovuz döyüşlərində anladılar ki, Azərbaycan Ordusunun döyüş ruhunu əlindən almaq mümkün deyil. Bunu 44 günlük Vətən müharibəsi dövründə də sübut etdik. Vətən müharibəsinin açarı olan Tovuz döyüşlərinin iştirakçısı olmaqla, Milli Qəhrəmanlar - Polad Həşimov, İlqar Mirzəyev və orada şəhid olan digər hərbçi yoldaşlarımızla birgə savaşdığım üçün hər zaman qürur duyuram”, - zabit vurğulayıb.
Azərbaycan Ordusunun hərbi qulluqçusu İlkin Əmiraslanov da Tovuz döyüşlərində qəhrəmanlıq göstərib. O, Milli Qəhrəman Polad Həşimovun və digər hərbçilərimizin şəhadətə ucaldığı həmin anı heç bir zaman unutmayacağını deyib: "İyulun 12-si saat 14 radələrində düşmən iriçaplı mərmilərlə mövqelərimizi atəşə tutmağa başladı. Həyəcan siqnalı ilə döyüşə atıldıq və ermənilərə qarşı adekvat tədbirlər gördük. Nəticədə onlar ciddi itkilər verdilər. İyulun 13-də general-mayor Polad Həşimov da döyüş mövqeyinə gəldi və bizimlə çiyin-çiyinə düşmənə qarşı vuruşmağa başladı. Bu, bizim üçün böyük qürur hissi idi. Onların şəhid olması isə bizdə düşmənə qarşı nifrəti daha da artırdı”.
O söyləyib ki, Azərbaycan Ordusu böyük qisas hissi ilə döyüşə atılaraq şəhidlik zirvəsinə ucalan hərbçilərin qanını yerdə qoymayıb: “Vətən müharibəsinin başlanğıc nöqtəsi olan bu döyüşlər heç bir zaman unudulmayacaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə ordumuzun şücaəti Tovuz döyüşlərindən sonra düşmənə növbəti bir zərbə oldu. Ermənilər ordumuzun gücünü bir daha görmüş oldular”.
Azərbaycan Ordusunun kapitanı Yaşar Alıyev bildirib ki, Tovuz döyüşləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. O, Milli Qəhrəmanların şəhid olduğu mövqedə hərbi xidmətini davam etdirdiyi üçün böyük qürur hissi keçirdiyini deyib: “Düşmən təxribat törədərək mövqelərimizə soxulmağa cəhd elədi, müxtəlif silahlardan atəş açmağa başladı. Hərbçilərimizin ayıq-sayıqlığı ilə düşmənin diversiya qrupu geri otuzduruldu. Atışma isə davam edirdi. Çox keçmədi ki, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov və digər yüksəkrütbəli hərbçilərimiz də döyüş mövqeyinə gəldilər. Bu, bizi çox ürəkləndirdi. Onların əsgərlərlə çiyin-çiyinə düşmənə qarşı döyüşməsi ruh yüksəkliyimizi daha da artırdı. Çox təəssüflər olsun ki, həmin şəxslər düşmən təxribatının qarşısını alarkən şəhid oldular. Buna baxmayaraq, biz döyüşdən bir an belə olsa, çəkilmədik və düşmən mövqelərini, canlı qüvvələrini məhv etdik”.
Qeyd edək ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Ermənistan ordusunun bölmələri daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib.
İyulun 12-də Ermənistan silahlı qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyi müşahidə olunub. Həmin gün qarşı tərəf dövlət sərhədində irimiqyaslı təxribata əl atıb. Amma Ermənistan ordusunun bu təxribatının qarşısı alınıb və dayaq nöqtələri, yüzədək hərbi qulluqçusu məhv edilib.
Tovuz döyüşlərində Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı, Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulardan baş əsgər Elşad Məmmədov, əsgərlər Elçin Mustafazadə, Nazim İsmayılov və Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub. Erməni təxribatları nəticəsində mülki şəxs, 76 yaşlı Əziz Əzizov da həlak olub.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncamla general-mayor Polad Həşimova və polkovnik İlqar Mirzəyevə Azərbaycan Milli Qəhrəmanı adı verilib.
Bu xəbər üçün şərh yazın