Polis qəza törədən zaman sərxoş vəziyyətdə olub - MƏHKƏMƏ

Polis qəza törədən zaman sərxoş vəziyyətdə olub - MƏHKƏMƏ 

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağdam rayonunda ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən İlkin Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılıb.

 

İttihama görə, hadisə 18 iyun 2022-ci il tarixdə saat 19:00 radələrində Ağdam rayonunun Xındırıstan kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, İlkin Vəliyevin idarə etdiyi “BMW” markalı avtomobillə Aşur Əliyevin idarə etdiyi “VAZ-21063” maşın və toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Aşur Əliyev ölüb.

 

Daha sonra İlkin Vəliyev saxlanılıb və barəsində  polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Məhkəmə baxışı iclasında İlkin Vəliyev Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilib.

 

O, ifadəsində deyib ki, 2008-ci il tarixdən Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinin Bakı şəhəri Qaradağ rayonun Mühafizə şöbəsində polis serjantı xüsusi rütbəsində polis nəfəri kimi işləyib, 2019-cu ilin noyabr ayında öz xahişi ilə daxili işlər orqanlarından xaric olunub, yenidən, 2021-ci ilin may ayından DİN-in Bakı şəhəri, Səbail rayon mühafizə idarəsinə polis serjantı xüsusi rütbəsində polis nəfəri kimi işə bərpa olunub:

 

“Öz ərizəmlə 2022-ci ilin avqust ayından daxili işlər orqanlarından xaric olundum. Hadisədən əvvəl yaşadığım Bakı şəhərindən Ağdam rayonuna babam İmran Vəliyevin il mərasimində iştirak etmək üçün gəldim. Səhəri gün, yəni 18 iyun 2022-ci tarixdə Ağdam rayonu, Təpə məhlə deyilən yerdə atam Əli Vəliyevin dayısı Ziyəddinin nəvəsinin əsgərliyə getməsi münasibətilə təşkil etdiyi qonaqlığa getdim, yarım saat oturub təxminən 100 qram spirtli içki qəbul etdim. Sonra hava isti olduğundan orada çox oturmadım, babamgilin yaşadığı Ağdam rayonunun Baharlı kəndinə getmək qərarına gəldim. Həmin vaxtı yanımda olan bibim nəvəsi Kənanla saat 19 radələrində etibarnamə əsasında idarə etdiyim, faktiki özümə məxsus olan “BMW” markalı avtomobillə məclisdən çıxıb təxminən bir dəqiqə hərəkət etdik. Sonra Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yolun bir qədər döngəli hissəsindən dönərkən qarşı hərəkət zolağına çıxarmamaq üçün idarə etdiyim maşını sağ tərəfə döndərdim. Bu zaman avtomobilin qabaq sağ və arxa sağ təkəri yolun ehtiyat hissəsinə düşdüyündən idarəetməni itirərək qarşıdan gələn “VAZ-21063” markalı dövlət qeydiyyat nişanını xatırlamadığım avtomobillə toqquşdu. Özümdə olmadığım üçün həmin andan sonra daha heç nə xatırlamıram. Ayılanda isə Ağdam Rayon Mərkəzi Xəstəxanasında olduğumu gördüm. Sonradan hadisə zamanı digər avtomobilin sürücüsü Aşur Əliyevin öldüyünü, hadisə nəticəsində hər iki maşına ciddi ziyan dəydiyini bildim”.

 

Təqsirləndirilən şəxs həmçinin ifadəsində avtomobili yüksək sürətlə, yəni 80-90 km/saat sürətlə idarə etməsini təsdiq etdiyini, maşının idarə etməsini itirib qarşıdan yolun əks istiqamətində gələn “VAZ-21063” markalı avtomobillə sonuncunun hərəkət zolağında toqquşduğunu, toqquşmadan əvvəl ayaq əyləcindən istifadə edib avtomobili sağa çəksə də, hadisə vaxtı hər hansı texniki vasitədən istifadə edib-etmədiyini xatırlamadığını, hadisənin qarşısını almaq üçün heç bir texniki imkanın olmadığını, hadisə vaxtı hava günəşli, yol asfalt örtüklü və quru olduğunu deyib.

 

İlkin Vəliyev məhkəmədə hadisənin baş vermə mexanizmini xatırlayaraq və həmin vaxt yolda “VAZ-21014” markalı avtomobil qarşı hərəkət zolağı ilə hərəkət etsə də, avtomobili idarə edərkən sərxoş halda olduğundan həmin avtomobilin onun qarşısına çıxdığını düşünüb toqquşmadan yayınmaq üçün maşını sağ ehtiyat hissəyə doğru hərəkət etdirdiyini, yol-nəqliyyat hadisəsi zamanı içkili vəziyyətdə olduğunu anlayıb və yol-nəqliyyat hadisələri ekspertizası rəyində göstərildiyi kimi yol-hərəkəti haqqında qanunun tələblərini pozduğunu başa düşüb öz səhvindən avtoqəza törətdiyini, “VAZ-21014” markalı avtomobili neçə metr məsafədən görməyini dəqiq xatırlamadığını söyləyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi