“Prezident parlamentin də tərkibinin dəyişməsini istəyir”
Elxan Şahinoğlu: “Müşahidə olunan proses artıq geri dönüşü mümkün olmayan siyasətdir”
Prezident İlham Əliyev kadr islahatlarını davam etdirir. Prezident yaşı 70-i keçmiş məmurların, nazirlərin istefa verməsini istədiyini açıqlayandan sonra son iki həftə ərzində istefalar çoxaldı.
Prezident Administrasiyasının rəhbərinin yeni gənc kadrla əvəz olunması prosesin miqyasını daha da böyütmüş oldu.
Prezident bir neçə rayonun icra başçısını dəyişib. Yaşlı məmurların yerinə gənclər təyin olunur. Baxmayaraq ki, prezident kadr islahatlarının yaşlılara qarşı istifadə olunmasının əleyhinədir, hamıya aydındır ki, illərdir eyni vəzifədə olanlar yerlərini gənclərə verməlidirlər.
Baş verən dəyişikliklərin gələn il ölkədə keçiriləcək parlament seçkilərinə nə cür yansıyacağı, seçkilərin necə keçiriləcəyi məsələsini də müzakirəyə çıxarmaqdadır.
Bu barədə fikirlərini “Yeni Müsavat”a bölüşən politoloq Elxan Şahinoğlu bildirdi ki, müşahidə olunan proses artıq geri dönüşü mümkün olmayan siyasətdir. Bundan başqa, kadr islahatının əsas mənası həm də odur ki, bəziləri vəzifənin müvəqqəti olduğunu anlasınlar. Azərbaycanda rüşvətin və korrupsiyanın kökünü kəsmək lazımdır. Bunun alternativinin olmadığını prezident də bilir və kadr islahatlarının əsas qayələrindən biri də budur. Prezidentin siyasətində başqa bir yenilik də var: “Prezidentin öz otağından ayrı-ayrı məmurlarla görüşü və açıqlamaları televiziyalarda yayınlanır. Prezident bunu ona görə edir ki, cəmiyyətə narahat edən məsələlərdən xəbərdar olduğunu göstərsin. Prezident İlham Əliyev məmurların qəbulunu ictimai açıq keçirir. Problemləri sadalayır, hər dəfə ictimai nəzarətin vacibliyini vurğulayır, medianın rolunu qeyd edir. Qəbullarında və müşavirədə büdcə layihəsindəki şişirdilmiş rəqəmlərdən danışır, bunu ifşa etməyə çağırır. Televiziya yayınları zamanı prezident elə vacib tənqidləri səsləndirdi ki, ən kiçik detalardan belə məlumatlı olduğunu büruzə verdi. Prezident konkret icra başçısının və hansısa məmurun doğru və ya yalan danışdığından da xəbərdardır. Çünki, prezident alternativ məlumatlar əldə etdiyini də həmin məmurlara anlatmağa çalışır.
Bu xəbər üçün şərh yazın