Prezidentin təqdim etdiyi “yol xəritəsi”, hamı üçün bir “örnək modeli”-dir

Prezidentin təqdim etdiyi “yol xəritəsi”, hamı üçün bir “örnək modeli”-dir – Millət vəkili yazır

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə gündəmimizin başlıca mövzularındandır.

Xatırladım ki, sözügedən müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışan Prezident İlham Əliyev Azərbaycanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını qeyd edib. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri vurğulayan dövlətimizin başçısı Azərbaycanda vəziyyətin nəzarət altında saxlanıldığını bildirib. Eləcə də iqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verən Prezident İlham Əliyev 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını vurğulayaraq, ilin birinci rübünün iqtisadi göstəricilərindən danışıb.

Prezidentin həmin nitqini koronavirus pandemiyası dövründə çətin mərhələdən keçmək üçün ölkəmizin “yol xəritəsi” də adlandırmaq olar. Çünki prezident İlham Əliyev bu nitqində təkcə dünyamızın və ölkəmizin qarşılaşdığı problemlərdən söz açmaqla kifayətlənməyib, eyni zamanda bu problemlərdən çıxış yollarını göstərib, bu məqsədlə tapşırıq və göstərişlərini verib.

2020-ci ilin Azərbaycan üçün uğurla başladığını qeyd edən dövlət başçısı vurğulayıb ki,ilin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır.

Sitat: “Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər”.

Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlərin yaşandığını xatırladan dövlət başçısı Azərbaycanda durumun nəzarət altında olduğunu söyləyib. Prezidentin də ifadə etdiyi kimi koronavirus pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən tədbirlərin artıq müsbət nəticələr verməsi bizim doğru yolda olduğumuzun göstəricisidir.

Qeyd etmək istərdim ki, cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 minlərlə ola bilərdi.

Sitat: “Ən inkişaf etmiş ölkələrin təcrübəsi onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə bu, bizim üçün də dərs olmalıdır və mən bunu artıq bildirmişəm, bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır”.

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mümkün mənfi təsirləri haqda danışan dövlət başçısı bunun qlobal proses olduğunu vurğulayaraq qabaqlayıcı tədbirlər sayəsində bundan da minimum itkilərlə çıxmağın əsas vəzifələrdən olduğunu qeyd edib. Proqram xarakterli çıxışda demək olar ki, ölkənin yaxın zamanlar üçün atmalı olduğu bütün zəruri addımlar göstərilib, ən kritik mərhələlər üçün belə “xilas modelləri” təklif olunub.

Hesab edirəm ki, indi həm müvafiq dövlət strukturlarının, həm də hər birimizin bir nömrəli vəzifəsi bu tapşırıqları böyük məsuliyyətlə yerinə yetirməkdir. Belə olacağı təqdirdə isə prezident İlham Əliyevin “yol xəritəsi”-nin reallaşacağının şahidlərinə çevriləcəyik.

Könül Nurullayeva

Millət vəkili

Prezidentin təqdim etdiyi “yol xəritəsi”, hamı üçün bir “örnək modeli”-dir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər