“Pulları yığırlar, sığorta hadisəsi baş verəndə pul vermirlər” - Ziyad Səmədzadə
Dünyanın heç bir ölkəsində təbii fəlakətlər nəticəsində dəyən zərəri dövlət ödəmir. Bunun səbəbi sığorta sistemində kifayət qədər arxayınçılığın olmasıdır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, sığorta şirkətləri həmişə riskli məsələlərdən uzaqlaşırlar: "Onlar riskli sahələri sığorta etməkdən çəkinirlər. Pulları yığırlar, sığorta hadisəsi baş verəndə pul vermirlər. Bunlar ciddi məsələdir. Bu insanlarda belə bir arxayınçılıq yaranıb ki, baş verən təbii fəlakət, faciə zamanı məsuliyyəti dövlət öz üzərinə götürəcək və dəyən ziyanı ödəyəcək. Amma dünyanın heş bir ölkəsində belə bir praktika yoxdur. Siz təsəvvür edin ki, son 10-15 ildə nə qədər faciə, təbii fəlakət baş verib və hamısının da məsuliyyətini dövlət öz üzərinə götürərək dəyən ziyanı ödəyib. Belə olmaz".
Komitə sədrinin sözlərinə görə. sığorta bazarının inkişaf etməsi vacibdir: "Bu sahədəki problemlərin aradan qaldırılması ilə bağlı dövlət qurumları, sığorta şirkətlərinin, deputatların, mütəxəssislərin birgə iştirakı ilə dinləmə keçirsək yaxşı olar”.//Trend.az
Bu xəbər üçün şərh yazın