Putin ABŞ-ı hücumla hədələdi:"Rusiya Avropanı deyil, Amerikanı da hədəfə alacaq"
“Birləşmiş Ştatlar Avropada ortamənzilli raketlər yerləşdirərsə, Rusiya təkcə həmin silahların yerləşdiyi ölkələri deyil, ABŞ-ın özünü də hədəfə alacaq”. Bunu Rusiya Prezidenti Vladimir Putin fevralın 20-də ölkənin vəziyyətinə dair illik çıxışında deyib.
Putin çıxışında bir daha qeyd edib ki, Birləşmiş Ştatlar 1987-ci ildə imzalanmış Ortamənzilli Raket Qüvvələri sazişindən (INF) özünün raketdən müdafiə sistemini inkişaf etdirmək üçün çıxıb.
Birləşmiş Ştatlar bu ayın əvvəlində INF sazişindən çıxmaqla bağlı altı aylıq prosesə başlayıb. Bundan öncə Vaşinqton və NATO dəfələrlə Moskvanı 9M729 qanadlı raketi (SSC-8) hazırlamaqla sazişi pozmaqda ittiham edib.
İttihamları rədd edən Rusiya da sazişdən çıxdığını bəyan edib.
Həmin saziş hər iki ölkənin 500-5 min 500 kilometri vura bilən qanadlı və ballistik raketlər hazırlamasını və yerləşdirməsini qadağan edir.
Putin deyib ki, Rusiya Birləşmiş Ştatlara təhdid deyil, onunla “hərtərəfli, bərabər və dostyana” münasibətlər qurmaq istəyir. Prezident onu da vurğulayıb ki, ötənilki çıxışında təqdim etdiyi nüvə qabiliyyətli silahların hazırlanması yubanmadan gedir.
Onun sözlərinə görə, Rusiya bu yaz nüvə enerjisiylə işləyən, nüvə qabiliyyətli sualtı dron yerləşdirilmiş ilk sualtı qayığını yerləşdirəcək. Putin Birləşmiş Ştatların Rusiyanın “qanuni maraqları”nı gözardı etməkdə, iqtisadi sanksiyalar daxil, “anti-Rusiya fəaliyyəti”nin təşkilində suçlayıb.
Moskva 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Vaşinqtonla müttəfiqləri ona qarşı iqtisadi sanksiyalar tətbiq edib.
Bu xəbər üçün şərh yazın