Qarabağla bağlı dərsliyə SƏRT ETİRAZLAR - Qalmaqal
Bir neçə ildir ki, orta təhsil müəssisələrinin 8-ci sinfində şagirdlərə ayrıca olaraq "Qarabağ tarixi” fənni tədris olunur. Bu dərsliyə münasibət isə birmənalı deyil. Bir sıra siyasətçilər və tarixçilər hesab edir ki, Qarabağ tarixinin ayrıca dərslik kimi keçirilməsi Azərbaycanın Qarabağın ona mənsub olduğunu inkar etməsi deməkdir.
Faktinfo.az xəbər verir , mövzu ilə bağlı Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli AzEdu.az-a açıqlamasında bildirib ki, məsələyə iki müstəvidə yanaşmaq olar:
Birincisi, Qarabağ ayrıca ölkə deyil, Azərbaycanın tərkib hissəsidir. İkinci müstəvi isə daha həssasdır. İşğal olunmuş ərazilərimiz var. Buna görə də məsələnin həllinə yönələrək məktəblərdə Qarabağın xüsusi öyrənilməsinə diqqət ayrılıb. Bu mənada bu addımı məqbul hesab etmək olar. Hesab edirəm ki, söz-söhbətləri aradan qaldırmaq üçün Azərbaycan tarixi dərsliklərində Qarabağla bağlı dərs saatlarının sayını artırmaq vacibdir”.
Tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov hesab edir ki, Qarabağ tarixinin ayrıca keçirilməsi düzgün deyil.
:
Belə çıxır ki, ayrıca Dərbənd, Təbriz, Urmiya, Gəncə, Şirvan tarixləri də keçirilməlidir. Biz bununla özümüzə nə demək istəyirik? Azərbaycan bütöv olsaydı, bölgələrin tarixini keçməyə dəyərdi. Bu gün Azərbaycan bütöv ölkə deyil. Ona görə İrəvan, Zəngəzur, Dərbənd və eləcə də Qarabağ tarixi Azərbaycan tarixinin tərkib hissəsində keçirilməlidir. Məktəblərdə Azərbaycan tarixinə paralel Qarabağ tarixi keçirilirsə, ermənilər də bunu bilirsə, bu, onların əlinə fürsət verməkdən başqa bir şey deyil. Beləliklə, özünüz də etiraf edirsiniz ki, Qarabağ Azərbaycanın deyil. Bu gün-sabah da Şirvan tarixi meydana çıxar. Yaxşı olar ki, Azərbaycan tarixi fənninin saatları artırılsın. I və IV qruplara da imtahan olaraq Azərbaycan tarixi əlavə edilməlidir ki, qeyri-humanitar sahənin gəncləri də öz tarixlərini bilsinlər”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu dərsliyi Azərbaycanın siyasi səhvi adlandırıb:
"Qarabağ özü ayrılıqda mövcud olmayıb ki, özünün də ayrıca tarixi olsun. Qarabağ mənsub olduğu ölkənin tarixi ilə ortaq tarixə malikdir. Bunu ayrıca fənn kimi tədris etmək ermənilərin dəyirmanına su tökmək deməkdir. Heç bir Qarabağ tarixindən söhbət gedə bilməz. Məsələyə ümumi Azərbaycan tarixi kontekstində baxılmalıdır. Qarabağın başına gələn oyunlar buranın özünə görə yox, Azərbaycana görə gətirilib”
Bu xəbər üçün şərh yazın