Qazax Mərkəzi Xəstəxanasından şikayət: "Rəcəb Babaşov da..."
Qazax Mərkəzi Rayon Xəstəxanasının stomotoloji şöbəsində çalışanlar, bu gün də özləri üçün “qaz vurub qazan doldurmaqla” məşğul olurlar.
Yəni, “burda mənəm Bağdadda kor xəlifə” zərb- məsəli, deyəsən bu ünvanda lap yerinə düşür. Məsələn, gundemxeber.az-a Rəşad Əlisgəndərov adlı şəxs müraciət edərək bildirir ki, “Qazax MRX-ı dövlət səhiyyə müəssisəsi olsa da, burada hər kəs öz bildiyi kimi hərəkət edir. Yəni, ötən günlərin birində kəskin diş ağrısı səbəbindən yaxın qohumum ilə birlikdə Qazax MRX-nın stomotoloji şöbəsinə müraciət edik. Saat təqribən 18:00 radələri olardı, şöbənin qadın həkimləri iş otaqlarında xəstə qəbul edib işləyirdilər. Yaxınlaşıb onlara yaxın qohumumun kəskin diş ağrısı olduğunu və buna görə köməklik göstərilməsinin lazım olduğunu bildirdim. Qeyd edim ki, həmin vaxt diş həkimi iki nəfər qadın idi. Onlar bizə “Biz diş çəkmirik” deyərək, sanki bizi başlarından etmək istədilər. O halda onlara, siz bu şöbədə nə işlə məşğul olursunuz deyə sual etdim. Qadın həkimlərdən biri “Biz bura “zakaz”a gəlmişik” dedi və “sən mənim vaxtımı alma” deyib məni acıladı. Daha sonra o, “siz dəlisiniz, dəlixana Qazaxın o biri başındadır, gedin ora müraciət edin” dedi və bu yolla bizi təhqir etməkdən də çəkinmədi.Heç cür başa düşə bilmədik ki, həmin həkim belə bir ixtiyarı, belə bir arxayınçılığı kimdən və hardan alıb? Görəsən gecə-gündüz Qazax MRX-nın stomotoloji şöbəsində şəxsi ciblərinə işləyən həmin həkimlər, heç olmazsa səhiyyə naziri cənab Teymur Mustafayevi unudublarmı ki, onlar belə bir formada danışırlar?”
Maraqlı məqam o oldu ki, həmin vaxt bu səhiyyə müəssisəsində çalışan bir neçə nəfər işci bizə yaxınlaşaraq “Qaqa, stomotoloji şöbədə bütün avadanlıqlar həkimlərin şəxsi vəsaitləri hesabına alınır. Ona görə də bu şöbədə həkimlər haqqını verib işləyirlər. Heç RİH-nin başçısı Rəcəb Babaşov da bu şöbəyə girişə bilmir. Cünki, həkimlər haqlıdırlar. Gecə saat 24:00-a kimi həkimlər burada özəl klinikada çalışanlar kimi işləyirlər. Bəli, biz az sonra onu da öyrəndik ki, Qazax səhiyyəsinin direktoru Sevda xanım Məmmədovanın bacısı və qardaşı oğlu da stomotoloji şöbədə həkim işləyirlər. Ona görə də “arxalı köpək qurd basar” prinsipi bu şöbədə ayaq tutub yeriyir. Şikayətçi Rəşad Əlisgəndərov onu da bildirir ki, “RİH-nin başcısı məzuniyyətdə olduğundan hələlik gözləmə mövqeyindəyik. Onsuz da iş günlərinin birində Rəcəb Babaşovun qəbulunda olacağıq və bununla bağlı aidiyyətı üzrə dövlət qurumlarına da müraciət edəcəyik”. Dövlət səhiyyə müəsisəsinin gecə saat 24:00-a kimi işləməsi bir yana, burada işləyənlər stomotoloji şöbəni sanki ata-baba yurdu hesab edirlər. Onsuz da Qazax səhiyyəsindən ard-arda mətbuatda tənqidi məqalələr yayımlanır. Amma, baş verənlərdən bir kimsə nəticə çıxarmır. Bəlkə ölkəmizin səhiyyə sahəsi rəhmətə gedib, mənim xəbərim yoxdur. Ola bilər ki, xəbərim olmasın!
Düşündürücü haldır ki, Qazax MRX-nın stomotoloji şöbəsində yerli sakinlərə baha qiymətə tibbi xidmət göstərənlər, xalqdan olsalar da, onlar bu gün xalqı bəyənmirlər. Çünki, harınlamış həkimlərə bir kimsə “dur” demir. Yəqin ki, bu cür gedişlə harınlamış həkimlərə ya icra hakimiyyəti və ya səhiyyə şöbəsi, ya da ki, nazirlik şərait yaradırlar. Deməli, Qazax MRX-nın stomotoloji şöbəsində çalışan həkimlər varlandıqca onların gözləri ayaqlarının altını görməyəcək. Çünki, bu şöbədə çalışanlar imkansız xəstələrə “dəlixana”ya getmələrini məsləhət bilirlər.
Yazıda adıçəkilən şəxslərin mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.
/GundemXeber.Az
Bu xəbər üçün şərh yazın