Qərb bölgəsində Hepatit-B və Hepatit-C virusuna yoluxma faizi yüksəlib

Qərb bölgəsində Hepatit-B və Hepatit-C virusuna yoluxma faizi yüksəlib 

Son illər Qərb bölgəsində Hepatit-B və Hepatit-C viruslarına yoluxma faizi yüksəlib.

Bu barədə Faktinfo.az saytına sözügedən bölgədə fəaliyyət göstərən və adının çəkilməsini istəməyən həkim bildirib. Mənbənin sözlərinə görə, hər iki virusla bağlı tibb müəssisələrinə müraciət edənlərin sayı ötən ilə nisbətən xeyli artıb: “Səhhətində problem yaranan xəstələrin əksəriyyəti infeksiyaya yoluxmasından gileylənir. Elə xəstələr də var ki, yoluxduğu infeksiya səbəbindən ölümlə üz-üzə qalıb. Məsələn, təkcə Ağstafa və Qazax rayonlarında hazırda yüzə yaxın şəxs  bu viruslardan əziyyət çəkir. Hətta,dünyasını dəyişənlərin də sayı  artıb”.

Mənbə onu da vurğulayıb ki,bu virusları insanlara daha çox ginekoloq və stomatoloq həkimlər keçirir: “Əksər həkimlər xəstələrin məlumatsızlığı və savadsızlığı ucbatından onları həmin viruslara yoluxdurur. İnsanlar isə bilmirlər ki, müayinə və müalicə zamanı istifadə olunan tibbi alətlər avtoklav vasitəsilə yüksək temperaturda sterilizə olunmalıdır. Adı çəkilən rayonlarda hər küçənin tinində fəaliyyət göstərən əksər stomatoloji kabinetlərdə avtoklav yoxdur. Buna görə də tibbi alətlər avtoklav vasitəsilə yüksək temperaturda sterilizə olunmadan istifadə edilir. Ona görə də məlum viruslar hər iki rayonda geniş yayılmağa başlayıb”.

Onu da qeyd edək ki, xəstəliyin ilk mərhələsində ciddi ağrı olmadığından insanlar onları gözləyən təhlükəni hiss edə bilmirlər.Yalnız o  zaman ağrı hiss edilir ki, artıq qaraciyərdə narahatlıq müşahidə olunur,serrozun əlamətləri baş qaldırır. Müalicəsi külli miqdarda vəsait tələb edən Hepatit-B və Hepatit-C virusunu isə böyük əksəriyyət maddi çətinliklər səbəbindən müalicə etdirə bilmir. Nəticədə qara ciyər çatışmazlığı yaranır.Bu isə ölümlə üz-üzə qalmaq deməkdir.

Lətafət Orucqızı

Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi