Qərbi Kaspi Universitetinin müəllimləri 15000-ə yaxın məktəbli ilə görüşüblər
Qərbi Kaspi Universitetinin professor və müəllimləri 2017/2018-ci tədris ili ərzində Bakı və regionlarda yerləşən 250-dən çox orta məktəbdə şagirdlərlə görüşlər keçiriblər.
Universitetdən Faktinfo.az-a verilən məlumata görə, ümumilikdə 15000-ə yaxın məktəblinin iştirak etdiyi görüşlərdə şagirdlərə imtahan öncəsi stressin aradan qaldırılması və doğru ixtisas seçimi mövzularında, eyni zamanda əmək bazarında böyük tələbatın formalaşdığı mühəndislik ixtisaslarının təbliği məqsədi ilə robototexnika təlimləri keçirilib.
Görüşlərdə eyni zamanda Qərbi Kaspi Universiteti barədə də məktəblilərə məlumatlar verilib. Bildirilib ki, son illərdə universitet tədrisin keyfiyyətinin aratırılması məqsədi ilə tədbirlər həyata keçirib, metodiki təkmilləşdirmə məqsədi ilə beynəlxalq institutlar və aparıcı ali təhsil ocaqları ilə əməkdaşlığı genişləndirib, eləcə də maddi-texniki bazanın, infrastrukturun yaxşılaşdırılması yönündə əhəmiyyətli adddımlar atıb.
Diqqətə çatdırılıb ki, hazırda universitet “Erasmus+” və “Mövlanə” proqramları çərçivəsində dünyanın nüfuzlu universitetləri ilə müəllim və tələbə mübadiləsi həyata keçirir. MBA proqramında təhsil alan tələbələrin bir təhsil müddətində üç diplom almaq imkan var. Belə ki, Qərbi Kaspi Universiteti, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) və ABŞ-ın Potomak Universitetinin birgə həyata keçirdiyi layihə ilə tələbələr bu ildən etibarən üç istiqamətdən (menecment, marketinq, bank işi və maliyyə) birini seçib, əlavə dörd fənn keçməklə üçüncü diplomu da əldə edə bilirlər.
Şagirdlərin diqqətinə çatdırılıb ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır, universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var.
Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir və onlarda mühəndislik sahələrinə olan marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün səy göstərir. Texnoparkda universitetin tələbələri və orta məktəb şagirdlərinin birgə işlədiyi layihələrdən biri (Vooby – ingilis dilini onlayn öyrənmə platforması)
Türkiyədə keçirilən beynəlxalq müsabiqədə 800-dək layihə arasından finala vəsiqə qazanaraq mükafatlandırılıb.
Bu xəbər üçün şərh yazın