Qətlə yetirilən jurnalistin nişanlısı Ağ evə getmək istəmir- Xədicə Çingiz Trampın təklifini rədd etdi
İstanbulda qətlə yetirilən jurnalist Camal Kaşıkçının nişanlısı Xədicə Çingiz ABŞ Prezidenti Donald Trampın Ağ evə gəlməsi barədə təklifini qəbul etməyib.
AZƏRTAC xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, Xədicə Çingiz bu addımı cəmiyyətin mövqeyinə təsir etməmək və Donald Trampa qarşı müsbət ictimai rəy formalaşdırmamaq məqsədi ilə atdığını bildirib. Onun sözlərinə görə, ABŞ Kaşıkçının qətli ilə bağlı təhqiqatın ədalətli nəticələrinə nail olmaq üçün bütün səylərini ortaya qoymayana qədər Ağ evi ziyarət etməyəcək.
Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini etiraf etmişdi.
Camal Kaşıkçı Ər-Riyadın hazırkı siyasətinə qarşı tənqidi münasibəti ilə məşhurdur. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçmək məcburiyyətində qalan jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətlə bağlı analitik yazılar dərc edirdi.
Bu xəbər üçün şərh yazın