“Qeyrətləri varsa, ərəblərin Bakıda elədikləri hərəkətlərə qarşı çıxsınlar” –

“Qeyrətləri varsa, ərəblərin Bakıda elədikləri hərəkətlərə qarşı çıxsınlar” – İcra başçısından şok açıqlamalar

“O metroda şortik geyinən qıza hücum çəkənlər belə qeyrətlidirsə, özlərinin namusu, qeyrəti varsa, onlar o qıza məsələni sözlə başa salmalı idilər.

 Birincisi, onlar öz ailələrinə cavabdehdirlər. Gedib onların ailə tərkibini yoxlayanda görərsən ki, elə onların özləri ərəblərlə bilavasitə əlaqəlidirlər”.

Strateq.az bildirir ki, bunu Daşkəsən rayon İcra Hakimiyyətnin başçısı Əhəd Abıyev“interpress.az”a deyib.

İcra başçısı şortik geyinən qıza hücum edənləri sərt şəkildə tənqid edib: “Onların qeyrəti varsa, ərəblərin Bakıda elədikləri hərəkətlərə münasibət bildirsinlər. Bəzi turist adı ilə Bakıya gələn ərəblərin “Tarqovu”da elədiklərini görüb xəcalət çəksinlər. Qız uşağıdır da, indi şortik geyinib gərək onu sözlə başa salasan. Daha onun üstünə hücum çəkmək nədir?”.

Ə.Abıyev insanların evdə gördüyü tərbiyəni cəmiyyətdə tətbiq etdiyini vurğulayıb: “Bəziləri evdə gördüyü tərbiyəni cəmiyyətdə nümayiş etdirir. Evdə ata-ana nə tərbiyə veribsə, onlar da həmin tərbiyəni cəmiyyətdə tətbiq edirlər. Əgər o qıza hücum çəkənlər qeyrətdən və namusdan danışırlarsa, ilk növbədə o qızı sözlə başa sala bilərdilər. Nəyə lazımdır ki, şortik geyindiyinə görə qız uşağına hücum etmək, onu döymək və yaxud da xuliqanlıq etmək?

 O qız özünü öldürə bilər, intihar edə bilər. Yeri gəlsə, xəsarət alar, şikəst olar. Gələcəyi bədbəxt olar. İndi geyimdir də, yəqin ki, hansısa mağazaya gedib satıcı tərifləyib şortiki, qız da alıb geyinib. İndi hansı mağazaya gedirsən, onsuz da bütün satıcılar mağazadakı məhsulların hamısını tərifləyir. Satıcıları da qınamaq olmur, onlar da müştərini razı yola salmalıdır”.

“Bəlkə, o qız özü də geyimindən xəcalət çəkir. Əgər o qız başqa bir tərbiyəsiz və əxlaqsız iş görürsə, bəli, müsəlman adət-ənənəsinə uyğun olaraq, o, lənətlənməlidir. Amma hücum etmək, döymək və xəsarət yetirmək yolverilməzdir. Bunun üçün hüquq-mühafizə orqanları var. Ümumiyyətlə, qız uşağını vurmaq, döymək və incitmək olmaz”, – deyə Əhəd Abıyev qeyd edib.

Qeyd edək ki, ötən gün Bakı metrosunda sərnişinlər arasında dava düşüb. Davaya səbəb isə metroda əyləşən qızın şortik geyinməsi olub. Qızın şortik geyinməsindən əsəbləşən gənc oğlanla həmin qız arasında mübahisə yaranıb. Daha sonra yaşlı qadının oğlanı müdafiə etməsi ilə bu mübahisə qalmaqala səbəb olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi