QHT-lərə Dövlət Dəstəyi Şurası ilə bağlı niyə birmənalı fikir yoxdur?-

QHT-lərə Dövlət Dəstəyi Şurası ilə bağlı niyə birmənalı fikir yoxdur?- Azay Quliyev seçkiyə hansı şərtlər altında gedir?

Ölkəmizdə fəaliyyət göstərən Qeyri- Hökumət Təşkilatları (QHT) ilə bağlı heç vaxt birmənalı fikir olmayıb. Haçalanan fikirləri müqayisə etdikdə isə mənfi rəylər, narazılıqlar daim üstünlük təşkil edib.

Faktinfo.az bildirir ki,sözügedən qurumların fəaliyyətinin hərəkətverici qüvvəsi sayılan QHT-lərə Dövlət Dəstəyi Şurasının adı da hər zaman medianın gündəmindədir. QHT-lərlə bağlı ayrı-seçkiliyə yol verilməsi, ayrılan dövlət vəsaitlərinin müxtəlif adlar altında mənimsənilməsi və digər neqativ hallarla bağlı mütəmadi olaraq tənqidi yazılara rast gəlmək mümkündür. İnternet üzərindən axtarış verilsə,misal olaraq, AFN.az saytının vaxtilə təqdim etdiyi araşdırma yazısından maraqlı faktlara rast gəlmək olar.

Saytın bildirdiyinə görə, dövlət büdcəsindən QHT-lərə Dövlət Dəstəyi Şurasına 2011-ci ildə 2 milyon 766 min 324 manat, 2012-ci ildə 3 milyon 812 min 160 manat, 2013-cü ildə 3 milyon 210 min 240 manat, 2014-cü ildə 4 milyon 12 min 800 manat, 2015-ci ildə 6 milyon 619 min 200 manat, 2016-cı ildə 6 milyon 619 min 200 manat vəsait ayrılıb. 2017-ci ildə  isə Şuraya ayrılan vəsait azaldılaraq 5 milyon 16 min manata endirilib.

2011-ci ildə Şura tərəfindən elan edilən 4 müsabiqə çərçivəsində 338 layihəyə 2 milyon 45 min 416 manat ayrılıb. 2012-ci ildə 2 müsabiqə çərçivəsində 348 layihəyə 2 milyon 31 min manat, 2013-cü ildə 2 müsabiqə çərçivəsində 474 layihəyə 3 milyon 414 min 632 manat, 2014-cü ildə 2 müsabiqə çərçivəsində 386 layihəyə 2 milyon 928 min 292 manat ayrılıb, 2015-ci ildə 2 müsabiqə çərçivəsində 513 layihəyə 4 milyon 750 min 664 manat ayrılıb. Bundan əlavə, xarici QHT-lərin 7 layihəsinə 504 679,0 manat ayrılıb.

Şura 2016-cı ildə 3 qrant müsabiqəsi üzrə 483 layihəyə 4 541 000 manat vəsait ayırıb. Şuranın hesabatında qeyd olunur: “Bu təşkilatlardan 6-sı Şuraya müraciət edərək müxtəlif səbəblərə görə layihəni icra edə bilməyəcəklərini bildirmişlər. Şura bu müraciətləri nəzərə alaraq ümumi dəyəri 57 000,0 manat olan 6 QHT layihəsi ilə bağlı qəbul etdiyi qərarı ləğv etmişdir.”


Sayt onu da qeyd edir ki, hər il Nazirlər Kabinetinin müvafiq qərarı ilə Şura Katibliyinin illik smetası təsdiqlənir. Bu qərarlardan aydın olur ki, Katibliyə ayrılan vəsaitlərin əsas hissəsi “sair xərclər” adı altında qeyd olunur . Belə ki, 2011-ci ildə Katibliyin 719 min manatlıq büdcəsinin 596 min 805 manatı, 2012-ci ildə 1 milyon 846 min 189 manatın 1 milyon 647 min 17 manatı, 2013-cü ildə 1 milyon 440 min manatın 1 milyon 92 min 107 manatı, 2014-cü ildə 1 milyon 340 min manatın 896 min 188 manatı, 2015-2016-cı illərin hər birində 1 milyon 156 min 188 manatı “Sair xərclər”ə aid edilib. Bu "sair" xərclərinsə ən yaxşı halda 50 faizinin açıqlaması, o da ümumi formada Nazirlər Kabinetinin qərarında əksini tapır.

Şuranın xərclər smetasına nəzər yetirdikdə, görmək olur ki, 2012-ci ildə “Sair xərclər” bölməsi üzrə nəzərdə tutulan vəsaitlər 3 dəfə artıb – 2011-ci ildəki 596 min 805 manatdan 1 milyon 647 min 17 manata. Və bu məbləğin yalnız 276 min manatının ümumi açması var – Şuranın mətbu nəşrlərinin təsis olunması, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların, forumların təşkil edilməsi, üzvlərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, işin təşkili ilə əlaqədar xidmət haqlarının, ekspertlərin qonorar xərclərinin ödənilməsi və fəaliyyəti ilə bağlı digər xərclər adı ilə. 2013-cü ildə bu xərclərə 338 min manat, 2014-cü ildə 343 min 500 manat, 2015-2016-cı illərin hər birində 362 min manat ayrılıb. Bu vəsaitlərin hansı hissəsinin məsələn, bülleten buraxılışına, yaxud konfrans təşkilinə, və ya xidməti ezamiyyəyə sərf olunduğuna dair Şuranın illik hesabatlarında hər hansı məlumat verilmir.

Eyni zamanda “sair xərclər” bölməsi üzrə yerdə qalan çox böyük məbləğlərin də xərc istiqamətləri demək olar ki, tamamən ictimaiyyət üçün qaranlıq olaraq qalmaqdadır: 2011-ci ildə bu məbləğ 386 min 805 manat, 2012-ci ildə 1 milyon 371 min 17 manat, 2013-cü ildə 754 min 107 manat, 2014-cü ildə 552 min 688 manat, 2015-2016-cı illərin hər birində 794 min 188 manat, qeyd olunan 6 ildə ümumilikdə isə 3 milyon 419 min 93 manat təşkil edib.

O cümlədən, Şuranın xərclərinin kiçik bir hissəsi tender yolu ilə aparılır, yaxud tenderlərin rəsmi qeydiyyat sistemində qeydə alınır. Belə ki, saytın araşdırması zamanı o da məlum olub ki, tenderlərin qeydiyyatı sistemində 2011-ci ildə bu qurumun qeydə alınan alqı-satqılarının sayı 7 olub. Ümumi məbləği isə cəmi 63 508 manat təşkil edib. 2012-ci ildə Şuranın rəsmi qeydə alınan 6 alqı-satqısının dəyəri 128 914 manat olub. 2013-cü ildə qeydə alınan alqı-satqıların məbləği 158 211,56 manat təşkil edib. Bu alqı-satqılarda əsas 2 məsələ diqqəti cəlb edib. Belə ki, 2013-cü ildə Şura 10 000 manatı Online ekspertiza proqram təminatının və elektron modulların hazırlanması xidmətlərinin, 48 000 manatı isə Ofis üçün mərkəzi havalandırma və soyuducu sistemin quraşdırılması xidmətlərinin satın alınması üçün “Bakı İnvest LTD” MMC-yə köçürüb. Bir MMC-nin iki tamamilə fərqli xidməti təmin etməsi diqqətçəkicidir. Daha maraqlısı budur ki, 2014-cü ildə bu MMC Şuraya 18 min 550 manatlıq mebel də tədarük edib. Digər tərəfdən, 2013-cü ilin fevralında dövlət qeydiyyatına alınan bu şirkətə elə həmin il 2 işi həvalə etmək üçün yəqin ki, Şura rəhbərliyinin xüsusi əsasları olub.

Eyni sözləri “Servis-C.H.” MMC barədə də söyləmək olar – nə halətdirsə, bu MMC də 2013-cü ilin fevralında qeydiyyata alınıb və  elə həmin il də Şuraya 14563,56 manatlıq mebel sata bilib. 

Saytın əhatəli araşdırmasından o da aydın olur ki,Şuranın 2013-cü ildəki alqı-satqıları arasında ən maraqlısı  elektrik avadanlıqlarının satın alınmasıdır. Bu işi Şura üçün 6249 manat müqabilində fiziki şəxs Qurbanov Fərasət Şəkur oğlu həyata keçirib(?!) Düzü, tenderlərin reyestrində bu adı oxuyanda söhbətin məhz Şura Katibliyinin rəhbəri olan F.Qurbanovdan getdiyi güman edilmir. Lakin Şuranın saytında Fərasət müəllimin ata adının Şəkur olduğunu oxuyanda xeyli təəccübləndik: bir qurumun keçirdiyi tenderdə birbaşa elə həmin qurumun rəhbərinin qalib çıxması təcrübəsinə yəqin ki, Azərbaycanda belə rast gəlmək mümkün deyil. Əlbəttə, indiyədək rəhbərlərin müxtəlif qohum-qardaşların şirkətləri vasitəsilə tenderlərə qatılıb qalib ayrılması hallarına yüz dəfələrlə rast gəlinib. Amma beləsi, sözün düzü nə eşidilib, nə də ki,görünüb...

Eləcə də, 2014-cü ildə Şuranın rəsmi reyestrində qeydə alınan 2 alqı-satqısının ümumi məbləği cəmi 23 min 800 manat olub.Maraqlıdır ki, 2015-ci ildə Şuranın heç bir alqı-satqısı rəsmi qeydiyyat siyahısında əksini tapmayıb. Həmin il üzrə Şuranın xərcləri barədə sədr Azay Quliyevin QHT-lərin Ümumrespublika Forumunda çıxış edərkən verdiyi bir açıqlama var. Həmin açıqlamadan məlum olur ki, “QHT-lərə maliyyə yardımı fondundan, eyni zamanda şura və katibliyin saxlanılması xərclərindən 360 min manat vəsaitə qənaət olunub və bu vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur”. 

 Şuranın 2015-ci il üzrə hesabatında həmin Forumda Şura katibliyi rəhbərinin çıxışına istinadən məlumat verilir ki, “Şuranın Katibliyi müqavilə öhdəliyini pozan QHT-lərə qarşı sərt tədbirlər görmüş və onlar haqqında müxtəlif qərarlar qəbul etmişdir. Belə ki, 89 yerli və xarici QHT-dən 135 843 manat vəsait tutulmuşdur. 2015-ci ilin sonuna qədər bu istiqamətdə intizam tədbirləri davam etdiriləcək.”

A.Quliyev isə Forumda qeyd edib ki, 2016-cı il üçün Şura xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması üçün müraciət etməyib: “2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədi ilə ayrılan vəsaitə qənaət edilib və 1 milyon 927 min 788 manat növbəti illərdə istifadə olunması üçün Şuranın hesabında saxlanılıb. Buna görə də 2016-cı ildə də Şura xarici QHT-lərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmasını istəməyəcək və dövlət büdcəsindən bu məqsədlə vəsait ayrılmayacaq”.

Faktlar saymaqla bitib-tükənmir.Belə ki, 2016-cı ildəki alqı-satqıların   bir neçəsi barədə Şuranın saytında elan və nəticəyə dair bildiriş yerləşdirilsə də, məbləğlər açıqlanmayıb. Yalnız sentyabrda 3 lot üzrə elan olunmuş tenderin 2 lotunun nəticələri rəsmi reyestrdə qeydə alınıb. Belə ki, “L Standart” MMC 2016-cı ilin iyununda qeydiyyatdan keçirilib, hüquqi təmsilçisi Əliyeva Lalə Eldar qızıdır. Sentyabrda isə bu MMC “Lot-3:Şuranın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müvafiq istiqamətlər üzrə tədbirlərin təşkilinin satın alınması” işini Şuradan ala bilib – 95 780 manat dəyərində.

Həmin tenderdə “Lot-2: Şuranın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müvafiq istiqamətlər üzrə təlimlərin təşkilinin satın alınması” işini isə “Satman” MMC əldə edib – 55 805 manatlıq. 2008-ci ildə qeydiyyata alınmış bu MMC-nin hüquqi ünvanı Zaqatala şəhəri Ş.Qurbanov, ev 5, mənzil 16-dir. Maraqlıdır ki, Şuradan 2016-cı ildə Konfransın təşkili işini əldə edən “Azlut” MMC də eyni hüquqi ünvanda, eyni ildə qeydiyyatdan keçib. Bu MMC Şuranın sentyabrda elan etdiyi tenderin “Lot-1: Şuranın elektron resurslarının təkmilləşdirilməsi və yeni sahələr üzrə proqram təminatının yaradılmasının satın alınması” hissəsi üzrə də qalib elan edilib. Lakin oktyabrın 26-da Tender komissiyasının verdiyi bu qərarı Katiblik noyabrın 3-də ləğv edib. Şuranın saytında bununla bağlı yerləşdirilən bildirişdə tender nəticəsinin nədən ləğv olunduğu isə açıqlanmır. Qeyd edək ki, Şuranın İnternet saytında Tender komissiyası adından elan və bildirişlər yerləşdirilsə də, komissiyanın tərkibi barədə də heç bir məlumat açıqlanmır. Bu faktlar saymaqla qurtarmır.

Faktinfo.az xüsusi olaraq vurğulayır kitəqdim edilən yazıdakı biabırçı faktlar QHT-lərə Dövlət Dəstəyi Şurasının və bu Şuraya rəhbərlik edən Azay Quliyevin fəaliyyəti haqda aydın təsəvvür yaradır. Daim şəffaflıqdan danışan qurumun rəhbəri Azay Quliyevin əməlləri göz önündədir. Sadalanan bu sübutların, dəlillərin qarşısında görəsən, onun nə isə deməyə sözü varmı?

Belə bir şəxs bir neçə dönəmdir ki, Milli Məclisdə təmsil olunur,hazırda növbəti dəfə deputatlığa  namizədliyini 8 Saylı Binəqədi birinci seçki Dairəsindən irəli sürüb.

 Görəsən, adıçəkilən seçki dairəsinin seçicilərinin Azay Quliyevin fəaliyyətindən əhatəli şəkildə xəbərdardırlarmı? Bir məsələ də maraq doğurur: görəsən, Azay Quliyev QHT-lər vasitəsilə xərclənən bu vəsaitlərdən  heç olmazsa, 3-5 xəstə seçicinin müalicə pulunu ödəyibmi, hansısa imkansızın xeyir-şər məclisinin xərcinə yardım edibmi? Şəxsən biz hansısa seçicidən bu barədə bir şey eşitməmişik.Çünki sadə vətəndaşlar  belə məsələlərə xüsusi diqqət yetirirlər.

Faktinfo.az

QHT-lərə Dövlət Dəstəyi Şurası ilə bağlı niyə birmənalı fikir yoxdur?-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi