“Qızımı zorla qaçırıb və villada...“-Məktəb direktorunun oğlu ilə bağlı ittiham...
Qızının zorakılığa məruz qaldığını deyən ana prokurorluğa müraciət edib. Ananın şikayətçi olduğu şəxs isə məktəb direktorunun oğludur.
Paytaxt sakini Sara Nəsibzadə 19 yaşlı qızının oğurlanıb, zorakılığa məruz qalması ilə bağlı Səbail Rayon Prokurorluğunda müraciət edib. İş hazırda araşdırılır.
Sara Nəbizadə musavat.com-a deyib ki, qızının üzərindəki xəsarətlərlə bağlı ekspertiza keçirilib, amma hələlik ekspertin rəyi məlum deyil.
“Qızımı zorla maşına basıb, telefonunu əlindən alıb, Badamdar qəsəbəsindəki villalarına aparıb. Orada4-5 saat ərzində onu döyüb, işgəncə verib. İndi də ata-anası öz vəzifələrindən sui-istifadə eləyib, onun cəzalandırılmasına imkan vermirlər, istintaqa təzyiq göstərirlər” - deyə ana şikayətində bildirib.
Ananın şikayətçi olduğu şəxs 23 yaşlı Fərid Cəfərlidir. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. Sara Nəsibzadə iddia edir ki, Fərid Cəfərli bu cinayət əməlini törətsə də validenləri bunu gizlədə bilir.
Narazı ana deyir ki, o, valideynlərinə, onların vəzifəsinə güvənib, istədiyi özbaşınalığı edir: "Valideynlərinin sayəsində cəzasız qalır. Martın 2-də qızım oğurlanıb, zorakılığa məruz qalmasından sonra da Fərid Cəfərlinin cəzalandırılmaması valideynlərinin müdaxiləsinin nəticəsidir. Fərid Cəfərlinin anası Firəngiz Həsənova Bakıda 53 nömrəli məktəbin direktorudur. Atası Ramil Cəfərov isə Neft Şirkətinin auditorudur. Fərid Cəfərli özü də deyib ki, hara istəyirlər, şikayət eləsinlər".
Sara Nəsibzadənin sözlərinə görə, bir müddət əvvəl qızı intihara cəhd edib. Onun həyatını həkimlər xilas edib. Valideyin qızı ilə hazırda şikayətçi olduğu şəxsin tanışlığı haqda bunları deyib: “Qızımla Fərid Cəfərli 2015-ci ilin sentyabrından tanışdılar. Onu görəndə anladım ki, bizlik deyil. 2015-ci ilin dekabrında bizə gəlmişdi, içkili idi. Dedim ki, get, valideynlərin gəlsin. Dəfələrlə ailəmizi, qızımı güdürdü. Ona görə də qızımı özüm aparıb-gətirirdim. 2016-cı il iyunun 24-də gecə saat 10-da evimizə basqın elədi. Qızımın otağında onu boğub öldürmək istəyirdi. Məni də itələdi, təpiklə vurdu. Azyaşlı oğlum qorxusundan stolun altına girmişdi. Qızımın telefonunu da götürüb, getdi. Həmin gecə anasına zəng elədim, olanları danışdım. Təxminən iki saat sonra atası gəldi, heç bir reaksiya vermədi. Sanki heç nə olmayıbmış. Ertəsi gün qızım intihara cəhd elədi, özünü zəhərləmişdi. Tez xəstəxanaya çatdırdıq. Orada da anasına zəng elədim. Özlərinə əziyyət verib xəstəxanaya da gəlmədilər. Sonradan valideynləri evə gəldilər. Sən demə, gəlişlərinin məqsədi bizi şantaj etmək imiş. Atası dedi ki, "əgər oğlumdan şikayətçi olsanız, əlimdəki şəkilləri yayacağam". Qızım bu şantaj qarşısında geri çəkildi, ərizəni geri götürdü. Bu hadisədən 6-7 ay sonra – 2017-ci il martın 2-də Fərid Cəfərli qızımı zorla maşına basıb aparıb, ona işgəncə verib. 4-5 saat ərzində qızıma elə işgəncələr verib. Onu vəhşicəsinə döyüb. Bunu təsdiqləyən şəkilləri polisə də təqdim eləmişik. Biz hadisə ilə əlaqədar ərazi üzrə 41-ci polis bölməsinə müraciət elədik, oradan iş materialları istintaqa verildi. Hazırda iş Səbail Rayon Prokurorluğundadır. Üç həftədən çoxdur ki, ekspertiza keçirilib, hələ nəticəsi məlum deyil. Məni ən çox narahat edən isə onun valideynlərinin bu dəfə də vəzifələrindən sui-istifadə edib, qızıma qarşı cinayəti ört-basdır etmələridir”.
Səbail Rayon Prokurorluğundan isə bildirilib ki, ekspertizanın rəyini gözləyirlər. Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq.
Fərid Cəfərlinin atası Ramil Cəfərov iddialarla bağlı danışarkən prokurorluğa müraciət etməyimizi vəistintaqın işinə müdaxilə edib-etmədiklərini oradan öyrənməyimizi məsləhət bildi.
Ramil Cəfərov şikayətçinin məktubunu araşdırdığına görə media nümayəndələrini də hədələyib və araşdırma aparacağını bildirib: "Siz niyə müdaxilə edirsiz? Sizin bunu yazmağınız istintaqa müdaxilədir. Cinayət tərkibi yaradır. Sizinlə bağlı araşdırma apararam, lazımi tədbir görülər”.
Bu xəbər üçün şərh yazın