RAMİZ MEHDİYEV YAP-DAN ÇIXARILACAQ - Hazırlıq işlərinə start verilib...
"Yaxın günlərdə AMEA prezidenti Ramiz Mehdiyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından çıxarılacaq. Artıq bununla bağlı müəyyən hazırlıq işlərinə start verilib".
Bu informasiyanı "AzPolitika.info"ya hakim partiyaya yaxın mənbələr verib. Məlumatda qeyd olunur ki, R.Mehdiyevin ötən həftə AMEA-nın rəsmi saytında dərc etdiyi geniş məqalə YAP-da ciddi narazılıqla qarşılanıb. Çünki akademik həmin məqalədə hakimiyyətlə dialoqa gedən siyasi partiyaları aşağılayıb, onlara qarşı radikal müxalifətin apardığı kampaniyalarda istifadə etdiyi epitetlərdən yararlanıb. Bundan başqa, Ramiz Mehdiyev Azərbaycanın milli təhsil sistemi haqqında da təhqiramiz fikirlər səsləndirib . Eyni zamanda, onu tənqid edən Milli Məclisin bəzi üzvlərini, elm adamlarını təhqir edib.
Mənbə bildirib ki, AMEA prezidentinin müxalifət ritorikasından istifadə etməsi, millət vəkillərini aşağılaması YAP üzvləri tərəfindən də narazılıqla qarşılanıb, qəbuledilməz hesab olunub. Ona görə də, onun partiya sıralarından xaric edilməsi məsələsi ortaya qoyulacaq. Daha sonra akademiya rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı hakimiyyət qarşısında məsələ qaldırılacaq.
Qeyd edək ki, artıq YAP üzvü olan bəzi deputatlar mediada R.Mehdiyevin hakim partiyadan çıxarılması məsələsini səsləndirməyə başlayıblar.
Bu xəbər üçün şərh yazın