Razim Məmmədovun rüşvətə görə həbs edilən qohumu :"Gedib əraziyə baxdım, bildirdim ki, tikinti üçün BŞİH-dən icazə alınmalıdır"
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Faktinfo.az Report.az-a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən X.Məmmədov sərbəst ifadə verib.
O bildirib ki, 2017-ci ildən Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədr müavini işləyib.
X.Məmmədov qeyd edib ki, birlikdə onun rəisi Əvəz İsmayılov olub: “İşimiz məhəllədaxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsi olub”.
O söyləyib ki, maşın ustası İlham Məlikov 2018-ci il fevral ayında ona zəng edib, dostu Elsevər Rufullayevin tikinti işinə görə onun yanına gələcəyini bildirib: “İlkinə “tikinti mənim sahəm deyil” dedim. O isə məsləhət almaq istədiklərini qeyd etdi. Sonra gəldilər və danışdıq. Həmin şəxs bizim ərazidə torpaqda tikinti işləri görmək istəyirdi. Gedib əraziyə baxdım və ona bildirdim ki, tikinti üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalıdır”.
X.Məmmədovun sözlərinə görə, daha sonra heç nədən xəbəri olmayıb: “May ayında 97 saylı JEK-in sədri Arif Gülgəzov zəng edib, həmin ərazidə bünövrə qazıldığını söylədi. Mən isə orda işi dayandırdım. Səhəri gün İlhamla Elsevər yanıma gəldilər. Elsevər dedi ki, Bakı Şəhər İcra Hakimiyyətindən sərəncam alacaq. Növbəti gün isə Əmlak Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətindən sənədlər gətirdi. Sənədlərdən şübhələndim və saxta olduğunu qeyd etdim. Buna görə də tanışım Qaçayın yanına göndərdim ki, layihə çəksin və Bakı Şəhər İcra Hakimiyyətində təsdiqlətdirsin. Bir qədər sonra Fövqəladə Hallar Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin tikintiyə nəzarət üzrə vəzifəli şəxsləri əraziyə gəlmişdilər. Mən də orada Bakı Şəhər İcra Hakimiyyətinin işçisindən sənədlər barədə soruşdum. Bütün sənədlərin qaydasında olduğunu dedi və sonra da onlar tikintiyə davam etdilər. İki ay sonra Bakı Şəhər İcra Hakimiyyətindən Zülfəli İsmayılov gəlib tikintini dayandırdı. Mən də Arif Gülgəzovdan Elsevərin bizə verdiyi sənədlərin surətini alıb, Zülfəli müəllimə verdim. Sonra da bu hadisələr baş verdi”.
Daha sonra X.Məmmədov dövlət ittihamçısının suallarını cavablandırıb. O, sürücüsü vasitəsilə zərərçəkmiş E.Rufullayevdən tikintiyə icazə üçün 50 min manat almadığını, həmin şəxsin ümumiyyətlə ona pul təklif etmədiyini deyib.
Məhkəmənin növbəti iclası yanvarın 4-nə təyin edilib.
İttiham aktına əsasən, Xətai Кayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə görə və dələduzluq edib və rüşvət alıb.
Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
X.Məmmədov Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.
O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.
Qeyd edək ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur. R.Məmmədov Prezidentin sərəncamı əsasında vəzifəsindən azad olunub.
Bu xəbər üçün şərh yazın