RESPUBLİKA KLİNİK XƏSTƏXANASINDA NƏ DƏYİŞDİ? -

RESPUBLİKA KLİNİK XƏSTƏXANASINDA NƏ DƏYİŞDİ? - Bir xəstəxanada iki baş həkimə ehtiyac varmı?

Faktinfo.az saytı bildirir ki, Azərbaycanda sorğu keçirilərsə, bəlkə də əhalinin ən çox narazılıq etdiyi - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və TƏBİB olduğu təsdiqini tapar.

     Düzdür, vətəndaşlarımız demək olar, hər gün baş alıb gedən qiymət artımına görə, İqtisadi İnkişaf Nazirliyini də qınayır. Amma bu insan sağlamlığından üstün tutulmadığından TƏBİB qədər deyil. Məsələn, götürək TƏBİB-ə tabe Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasını. TƏBİB-in o zamankı rəhbəri Ramin Bayramlının əmrinə əsasən, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovu Azər İsmayılov əvəz etdi. Bir müddət var ki, Azər İsmayılov Respublika Klinik Xəstəxanasının və səhiyyə müəssisəsinə tabeli Respublika Uşaq Klinik Xəstəxanasının direktorudur.


  Bu əvəzləmədən kifayət qədər müddət keçib, yaxşılığa, xəstə məmnunluğuna dair nəsə dəyişibmi? Respublika Klinik Xəstəxanası və səhiyyə müəssisəsinə tabeli Respublika Uşaq Klinik Xəstəxanasında xəstələr onlara göstərilən tibbi xidmətdən razıdırlarmı, həkim və tibbi personalı oradakı mühit sıxmır ki? Təbii, bu suallara cavab verməyi TƏBİB rəhbərliyi məqbul bilməz.


  Amma sözügedən xəstəxana barədə bir müddət əvvəl Reportyor.info saytı yazmışdı. Sayt qeyd edirdi ki, xəstəxana mafiya qaydaları ilə idarə olunur, orada gestapo rejimi hökm sürür, xəstənin vəziyyəti ilə maraqlanmaq istəyən jurnalistin üstünə hücum çəkilir.


  Faktinfo.az saytı xəbər verir ki, 1 saat xəstəxanasının qarşısında müşahidə etmək kifayətdir ki, xəstə məmnuniyyətinin nə yerdə olduğunu, həkim və tibbi personalın nə səbəbdən narazılıq etdiyini, Respublika Klinik Xəstəxanası və səhiyyə müəssisəsinə tabeli Respublika Uşaq Klinik Xəstəxanasında ölüm faizinin azalıb, yoxsa çoxaldığını biləsən.


  Görünür, tibbi xidmətin səviyyəsinə nəzarət etməli olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi heç nəyin fərqində deyil, TƏBİB-də xəstəxanalarda baş verənlərlə maraqlanmaq, müqayisəli təhlillərə əsaslanmaq istəmir. Belə olan halda hər iki qurum haradan xəbərdar olsun ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 2, Respublika Uşaq Klinik Xəstəxanasında 2 müavin olmalı halda, Azər İsmayılovun rəhbərliyi ilə müavinlərin sayı 6-ya çatdırılıb.


  Qeyd edək ki, sovet həm də, müstəqillik illərində sözügedən və ona tabeli Uşaq Klinik Xəstəxanasında müavinlərin ümumi sayı 4-dən yuxarı olmayıb, xəstəxananın hər birində 2 müavin olub. Yəni, ştat vahidlərinə xüsusi diqqət yetirilib. İndi nə oldu ki, birdən-birə müavinlərin sayı 6-ya çatdırıldı. Bəlkə bilmirik, bunu tibbi xidmətin yüksəlməsi və ya xəstə məmnuniyyətinin artması ilə əlaqələndirəcəklər, yoxsa...


   Eləcə də, nə ehtiyac var, statistika üzrə müavin ştatına ki, Azər İsmayılov bu vəzifəyə məxsusi olaraq, Yevlax rayonundan öz yerlisini gətirib. TƏBİB məqbul bildimi bu təyinatı? Hansı məntiqlə razılaşdırıldı əlavə 2 müavin vəzifəsi? Və yaxud TƏBİB rəhbərliyi Respublika Uşaq Klinik Xəstəxanasında baş həkim vəzifəsində Telman İbadovu bildiyi halda, necə olur ki, ora 71 yaşlı digər baş həkim də gətirilir? Bir xəstəxananın 2 baş həkimi olur? Harada görünüb, prezident sərəncamı yaş məhdudiyyətinə görə bir həkimə tətbiq edilir, digərinə yox?!


    Bu səpkili sualların sayını uzatmaq, orada ailə ansambılını, qudalar idarəçiliyini, müavinlərin sıxışdırıldığını yazıb mövzunu uzatmaq, adbaad hər məsələnin üzərində dayanıb, hansı nazirin xəstəxanada çalışan müavini Azər İsmayılova tapşırdığını da vurğulamaq olar. Bu isə başqa yazının mövzusudur.

 Mövzu ilə bağlı TƏBİB-dən münasibət öyrənmək istəsək də zənglərimizə cavab verilmədi.

  FAKTİNFO.AZ

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi