Rəsul Quliyev iyun qiyamından danışdı:“Rövşən Cavadovun nazir qoyulmasını Elçibəydən heç vaxt xahiş etməmişəm”

Rəsul Quliyev iyun qiyamından danışdı:“Rövşən Cavadovun nazir qoyulmasını Elçibəydən heç vaxt xahiş etməmişəm” 

“Əbülfəz Elçibəy Kələkiyə getməmişdən öncə bəlkə də Etibar Məmmədov və Heydər Əliyevlə görüşüb.

Belə bir görüş olubsa, mən o görüşdə iştirak etməmişəm. Amma düşünürəm ki, ümumiyyətlə belə bir görüş olmayıb, bu uydurulmuş növbəti fantaziyadır”.

“Yeni Sabah” xəbər verir ki, bunu eks-spiker Rəsul Quliyev sosial şəbəkədə izləyicinin sualına cavab verərkən deyib. Sual bundan ibarət olub: “Elçibəy Kələkiyə getməzdən əvvəl onun kabinetinə Siz, Əliyev və Etibar Məmmədov gedibsiniz . Orada həqiqətənmi Elçibəyin dediyi kimi daxili işlər naziri seçmə söhbəti olub? Və də dediyinə görə daxili işlər naziri olaraq siz Rövşən Cavadovu təklif etmisiniz . Buradan da sual yaranır ki, sizin nazir qoymaq istədiyiniz adam niyə 2 il sonra sizə qarşı durdu?”.

R. Quliyev bildirib ki, o Ə.Elçibəyin belə bir açıqlama verməsinə də heç vaxt, heç yerdə rast gəlməyib: “Düşünürəm ki, belə bir bəyanat olmayıb. Həmin gün mən Elçibəylə görüşmək istəyirdim. Və buna azı 5 dəfə cəhd etdim. Mən Əbülfəz bəyə yalan informasiyaların, yəni Sürət Hüseynov Bakıya gələn kimi birinci onu öldürəcəyi barədə məlumatların verildiyindən xəbərdar idim və onun Bakını tərk edə biləcəyindən ehtiyat edirdim. Onunla görüşüb bu informasiyaların onun getməsi üçün təşkil edildiyini başa salmaq və getməkdən çəkindirmək istəyirdim.

Ancaq təəssüf ki, mən kabinetimdə görüş gözlədiyim gecənin yarısı Vaqif Axundov zəng etdi və Elçibəyin Bakını tərk etdiyini dedi və bu xəbəri H.Əliyevə çatdırmağımı xahiş etdi. Həqiqət bundan ibarətdir, yerdə qalanlar bizim xalqın sevdiyi rəvayətlərdir.

Sözsüz Əbülfəz bəyə Rövşən Cavadovun daxili işlər naziri qoyulmasını heç vaxt xahiş etməmişəm. Onun nazir yox, birinci müavin təyin edilməsi mənim xahişimlə Heydər Əliyev tərəfindən edilib. İki il sonra mənim əleyhimə çıxmasının əsas səbəbkarları Tükiyənin baş naziri və onun qardaşıdır. Onların fikirincə hakimiyyəti ələ keçirmək su içmək kimi bir şey idi və sadəlövh Rövşən Cavadovu buna inandıra bilmişdilər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər