Rəsulzadənin Stalinə məktubu: Mənim xilas olmağım...
Rəsulzadə Məhəmmədəmin bəyin bir məktubu:
Möhtərəm Stalin!
Xilasım dostlarıma xoş bir heyrət təsiri bəxş edib. Təbii ki, onlar haqlıdırlar. Fəhlələrdən bir çoxu məhz müsavatçı olduqları üçün güllələnmədilərmi?! Belə bir şəraitdə adı çəkilən firqənin rəisi olmaq sifəti ilə mənim xilasım bir növ möcüzə imiş. Hadisənin izahı bu təbirə uyğundursa, insaf tələb edər. Qeyd edim ki, bu möcüzənin kəramətinə səbəb sizsiniz: çünki keçmiş dostluğu unutmayaraq məni Bakı zindanından çıxarmağı lazım bildiniz.
Moskvada olduğum iki il əsnasında dostluğunuzdan istifadə etdim. Bəzi məhrumiyyətlərə məruz qalsam da, bunlar hər kəsin təhəmmül etdiyi məhrumiyyətlər idi, xüsusilə mənə aid deyildi. Əksinə, bəzən olurdu ki, mən bir sıra imtiyazlardan yararlanırdım. Bunun üçün sizə təşəkkür edirəm.
Moskvadan çıxarkən sizinlə görüşə bilmədim. Çünki Rusiyanı gizli şəkildə tərk etməyə qərar vermişdim. Bu hərəkətimdə sizə qarşı ehtiramsızlıq görməyəcəyinizə ümid edirəm. Səfərim üçün icazə istəmədim. İşin mənfi cəhətini nəzərə aldım. Bəlkə, siz icazə verməzdiniz; o zaman hər nə surətlə olsa da, Rusiyanı tərk etmək haqqındakı qərarımdan təbii olaraq vaz keçmək lazım gəlirdi.
Halbuki vaz keçmək mənim üçün qeyri-mümkün idi. Çünki bu, özü-özümü rədd etmək və əbədi surətdə tam bir fəaliyyətsizliyə məhkum etmək demək idi. Eyni zamanda bu, Rusiyada cərəyan edən hadisələrin və yaranacaq vəziyyətin lal bir müşahidəçisi olmaqdı.
Hazırda Rusiyada baş verən hadisələr isə bundan yüz il əvvəl cərəyan edən hadisələrdən başqa bir şey deyildir. Yüz il əvvəl olduğu kimi, indi də Rusiya müstəmləkələri bir yerə toplamaqdadır.
Qədərin hökmü ilə iqtidara gələn Kommunist Firqəsi birdəfəlik məfkurə cəbhələrindən geri çəkilə-çəkilə keçmiş Rus imperiyasının bərpası fikrinə dayandı. Bu fikir isə firqənin ideoloji şüarlarından başqa, hakim olduğu mühitin cahangiranə təmayüllərindən doğmuş bir sıra mənafe və hədəfə malikdir. Bir hökumətin rəsmi məfkurəsi zadəgan şovinizmindən fəhlə kosmopolitizminə təbəddül edərsə, bundan məsələ çox da dəyişməz və ən sonda geridə qalmış və az inkişaf etmiş millətlərin milliyyətlərindən məhrum olmasına (denasionalizə olması), digər bir milliyyətə təmsilləri (assimilizə olmaları) kimi bir nəticəyə səbəb olur.
Yerli fəhlə (proletariat) sinfinə istinad iddiası ilə ələ silah alaraq Qafqaz və Türküstan kimi ucqar vilayətlərdə yaranmış demokratik siyasi təşəkkülləri işğal etdiyiniz zaman, ümumiyyətlə, sabiq imperiyanın Çarizm siyasəti ilə ruslaşdırılmış müstəmləkə şəhərlərindəki rus fəhləsindən ibarət ən kiçik azlığın arzusuna uyğun olaraq böyük bir çoxluq təşkil edən yerli əhalinin ən qanuni bir haqqını kobud bir surətdə çeynəmiş olursunuz. Fəhlənin Azərbaycan və ya Türküstanda diktatura elan etməsinin Moskva diktaturasından başqa bir şey olmadığı gün kimi aşkardır.
Keçmiş Petroqrad dövrünün siyasəti də bundan başqa bir şey deyildi. Ucqar vilayətlərin muxtariyyat şəklindəki zahiri görünüşü də ciddi bir şey ifadə etməz. Azərbaycan xanlıqlarının ilk Qafqaz “Namesnikləri” (canişinləri) zamanındakı istiqlalları indiki Qafqaz cümhuriyyətlərinin “Zakraykom” (Zaqafqaziya vilayət komitəsi) baş katibləri zamanındakı istiqlallarından heç də az deyildi. Ortadakı fərq olsa-olsa, indiki cümhuriyyətlərin dağılması prosesi o zamankı xanlıqların dağılma prosesindən daha artıq olmasından ibarətdir.
Bolşevik Firqəsinin mərkəziyyətçi olduğunu bildiyimdən, bu firqənin bir cür özünəməxsus bir imperialist olduğunu sezmiş və zəruri bir dəyişiklik keçirəcəyini daha əvvəl söyləmişdim. Qeyri-ixtiyari müşahidəçi vəziyyətində olduğum üçün bu dəyişmə gözlərimin önündə baş verirdi. Moskvada olduğum iki il ərzində mən Şərq millətlərinin və xüsusilə Türk qövmlərinin nicatının yalnız özlərində, özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti surətdə inandım.
Bunun üçün sisteminizdə millətin özü-özünə bəslədiyi bu imanın ta kökündən yox edildiyini və milli özünüdərk məfhumunun milli parçalanma məhfumuna dəyişdirildiyini soyuqqanlı şəkildə görə bilmirdim.
Sizin istədiyiniz bu dəyişiklik baş verə bilməz. Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər. Bu məqsədlə də onlar özlərini əsir edən qüvvələrə qarşı mücadilə edirlər və bu mücadilələrində onlara yardım edə biləcək müttəfiqlər axtarırlar. Bir zaman onlar Vilsonun prinsiplərinə inandılar; sizin şüarlarınız isə onlara daha cəlbedici göründü.
Fəqət, heyhat, Vilson prinsipləri Versal, Trianon və Sevr müqavilələrinə müncər oldusa, sizin şüarlarınızla Ukrayna, Türküstan və Qafqazın yenidən istilası ilə nəticələndi. Buna görə də vətənim Azərbaycanın sizin işğal və əsarətinizə qarşı mücadiləyə qəhrəman Türkiyənin Antantaya qarşı icra etdiyi mücadilə qədər müqəddəs bir haqqı vardır.
Öz siyasi əqidəmə sadiq qalmaqla bərabər, mən eyni zamanda sizin də dostunuz olaraq qalır, şəxsinizə qarşı ehtiram hissi bəsləyirəm. Nəticədə mənə qarşı göstərdiyiniz diqqəti heç bir zaman unutmayacağıma inanmanızı xahiş ilə sizə yaxşı bir xidmət göstərmək fürsətini cani-dildən təmənni etdiyimi ərz edirəm.
Ehtiramla
Qanuni-sani, 1923
Rəsulzadə Məhəmmədəmin
Teleqraf.com
Bu xəbər üçün şərh yazın