Rüfət Aslanlının sədr olduğu Şura niyə ləğv olundu?

Rüfət Aslanlının sədr olduğu Şura niyə ləğv olundu? 

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub.

Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Palatanın yeni nizamnaməsində öz əksini tapıb. Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir.

Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı, Direktorlar Şurasına həvalə edilmişdi. Direktorlar Şurası ləğv edildiyindən, sədr, müavin və üzv vəzifələrini itiriblər.

Qeyd edək ki, Direktorlar Şurasının sədri Rüfət Cəbrayıl oğlu Aslanlı, Direktorlar Şurası sədrinin müavini Nigar Ramiz qızı Məmmədova, Direktorlar Şurasının üzvü isə İlqar Nazim oğlu Muradov idi.

Prezidentin imzaladığı "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanla müəyyən edilib ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin üzvləri bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş nizamnaməyə uyğun olaraq təyin olunana qədər İdarə Heyətinin vəzifələrini Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bu Fərman qüvvəyə mindiyi günədək formalaşmış İdarə Heyəti həyata keçirir.

Yeni nizamnamədə bildirilir ki, Palatanı idarəetmə orqanı İdarə Heyətidir.

Palatanın İdarə Heyəti Palataya ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi beş nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun iki müavinindən və digər iki üzvdən ibarətdir.

Bütün hallarda, MBNP ilə bağlı islahatları ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət  bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, məlum islahatlar Palatanın çevik fəaliyyət göstərməsinə müsbət təsir göstərəcək:“Prezidentin imzaladığı Fərman, birmənalı şəkildə, MBNP-nin idarəetməsinin çevikləşməsinə imkan yaradır. Bunun sayəsində qurumda çevik idarəetmə sistemi qurmaq mümkün olacaq. Əvvəllər Palatada bir-birini təkrarlayan idarəetmə qurumu vardı. Nəticədə Palata çevik fəaliyyət göstərə bilmirdi. Ona görə də idarəetmənin çevikləşdirilməsinə ehtiyac vardı. Məlum yeniliklərdən sonra, əlbəttə ki, bu, çevik idarəetmə sisteminin qurulmasına imkan verəcək. Bu da Palatanın işinin keyfiyyətinin artırılması baxımından çox vacibdir. Digər tərəfdən, qanun bundan sonra Palataya yerlərdə nümayəndəliklər və filiallar yaratmaq hüququ verir. Bu da Palatanın coğrafi baxımdan genişlənməsində əhəmiyyətli rol oynayacaq. Bu baxımdan yeni dəyişikliklər MBNP-də qərarların qəbul edilməsində çevikliyin təmin edilməsinə imkan yaradacaq. Nəticədə Palata daha effektiv fəaliyyət göstərəcək. Ona görə də bununla bağlı verilən qərara müsbət prizmadan yanaşıram”. (baki-xeber.com)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi