“Rusiya istəyirdi ki, Tovuz işğal olunsun” - Putinin gizli planı üzə çıxdı
“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Gundem.az-ın suallarını cavablandırıb.
Faktinfo.az müsahibəni təqdim edir:
- Ərəstun bəy, bu günlərdə Rusiyanın Ermənistan ərazisində Azərbaycanla sərhəddə hərbi baza tikməsinə dair məlumat yayıldı. Əgər bu həqiqətdirsə, Moskvanın belə bir addımını nə ilə izah etmək olar?
- Rusiyanın Azərbaycan-Ermənistan sərhədində, konkret olaraq Tovuz rayonunun bir neçə kilometrliyində hərbi baza yaratması həm Azərbaycana yeni təzyiq vasitəsidir, həm də həmin bölgədən keçən beynəlxalq nəqliyyat və enerji kommunikasiya xətlərinə nəzarət etmək istədiyi deməkdir. Bunu anlamaq üçün biz İkinci Qarabağ müharibəsindən öncəki dövrə - 2020-ci ilin iyul hadisələrinə, yəni Tovuz döyüşlərinə nəzər salmalıyıq. İyulun 12-də ermənilər Tovuz istiqamətində Azərbaycanın dövlət sərhədini pozaraq təxribata əl atdılar. Başda general Polad Həşimov olmaqla bir neçə hərbçimiz şəhid oldu. Zaman və məkan təsadüfi seçilməmişdi. Ermənistan çalışdı ki, Azərbaycanı Qarabağdan kənar ərazidə münaqişəyə cəlb etsin. Əslində bu İrəvanın deyil, Moskvanın planı idi. Rusiya istəyirdi ki, həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində, həm də Ermənistanla strateji müttəfiq olaraq “İkitərəfli Hərbi Əməkdaşlıq Müqaviləsi” əsasında müdaxilə etsin. Nəticədə Tovuz işğal olunsun və rus hərbçilər sülhməramlı qismində ora yerləşdirilsin. Mən deyərdim ki, 2016-cı il aprel döyüşlərindən sonra Rusiyanın əsas məqsədi Cənubi Qafqazdakı kommunikasiya xətlərinə nəzarət etmək olub. Rusiya elə nöqtələri seçib ki, oradan Azərbaycandakı enerji, dəmiryolu, internet və s. magistral xətlərə nəzarət edə bilsin. Qərb bölgəsində bu xətlərin ən yaxın keçdiyi ərazilər Tovuz və Tərtərdir. Tovuz döyüşləri və 44 günlük müharibə zamanı əsasən Tərtərin atəşə tutulması da buna hesablanmışdı. Eyni sülhməramlı yeritmək ssenarisi Tərtər üçün də nəzərdə tutulmuşdu. Yəni Tərtər işğal olunur, Rusiya Goranboya sülhməramlılar yerləşdirir. Rusiya bu istiqamətlərdə Azərbaycanın böyük bir hissəsinə - Gəncə dəhlizinə nəzarət etmək məqsəd güdürdü. Bu gün Tovuzun Əlibəyli kəndindən cəmi 1 kilometr məsafədə rus hərbi bazasının yaradılması bu istəkdən irəli gəlir. Rusiya bu yolla Azərbaycana təzyiq, təhdid etmək, həm də yeni hərbi-siyasi stiuasiya yaranarsa, həmin bazadan hərbi məqsədlər üçün istifadə etmək niyyətlərini güdür. Sonda Azərbaycanın Qərblə, Gürcüstan və Türkiyə ilə əlqələrinin kəsilməsinə yönəlmiş belə bir addım çox ciddi təhdid mənbəyidir. Eyni plan, təhdid Qarabağdakı “rus sülhməramlılar” vasitəsilə də həyata keçirilə bilər. Çünki rus hərbi qüvvələrinin Ağdərədə mövcudluğu kommunikasiyalara yaxın olan Tərtər üçün real təhdiddir.
- Brüssel görüşündən sonra Ermənistan müxalifəti İrəvanda ardıcıl mitinqlər keçirdi, amma nəticə əldə edə bilmədilər. Bununla yanaşı biz görürük ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları sanki dalana dirənib. Digər tərəfdən Paşinyan bu günlərdə Azərbaycanın müharibəyə hazırlaşdığına dair açıqlama verdi. İki ölkə arasındakı münasibətlərdəki bu qarışıqlığı, mürəkkəbliyi necə qiymətləndirmək olar?
- Avropa Birliyinin Azərbaycanla Ermənistan arasında vasitəçilik etməsi bir çox qüvvələrin maraqlarına uyğun deyil. Bu qüvvələr kimlərdir? Rusiya, İran və erməni müxalifəti. Rusiya özünün Ermənistandakı əlaltıları olar Sərkisyan-Köçəryan cütlüyü kimi siyasi qüvvələri ortaya atdı ki, onların əlilə Paşinyana təzyiq göstərsin. Paşinyan ruspərəst müxalifətin tələblərinə tabe olmadı. Sülh danışıqları davam edir. Amma Rusiyanın Ermənistandakı təzyiq rıçaqları bu müxalifətlə bitmir. Rusiyanın Ermənistanın dövlət strukturlarında, xüsusilə də orduda kifayət qədər resursları var. İndi erməni ordusu və onun daxilindəki Rusiyanın beşinci kolonu elə bir hərbi-siyasi vəziyyət yaradırlar ki, sanki Azərbaycan müharibəyə hazırlaşır. Onlar bu informasiyaları dövriyyəyə buraxmaqla Paşinyanı təhdid edirlər. Paşinyan da məcbur olur, sizin qeyd etdiyiniz ritorikaya keçir. Görünür, Paşinyan ağıllı siyasətçi deyil, ya da yaddaşı zəifdir. O, 2018-ci ildə hakimiyyətə gələndə qarşısına müharibə etmək vəzifəsi qoymamışdı. O, sülh yolu ilə Azərbaycanla anlaşma əldə etmək istəyirdi. Amma rəqibləri Paşinyanı satqınlıqda, xəyanətdə ittiham etdilər və o da bunun əksini sübut etmək üçün Azərbaycanla bağlı çox sərt, emosianal ifadələr işlətdi ki, bunun da nəticəsi Ermənistan üçün ağır oldu. İndi buna oxşar ssenari özünü göstərməkdədir. Mən hesbab edirəm ki, bu dəfə ssenari erməni müxalifəti tərəfindən deyil, ordudakı Rusiyaya bağlı generalitetin vasitəsilə reallaşdırılır. İstisna etmirəm ki, Rusiya həmin gerenalitetlə əl-ələ verərək Qarabağın dağlıq hissəsində də hansısa təxribatlar törədə bilər. Görünür, Paşinyan daxildəki müqaviməti qırmaq üçün belə bir ritorikaya əl atır və mən hesab edirəm ki, bu ritorika çox risklidir. Bir dəfə bu öz nəticəsini göstərib. Təəssüf ki, hazırda ritorika səviyyəsində olan çıxışların sonda eskolasiya şəklində real müstəviyə keçəcəyini istisna etmək olmaz.
- Azərbaycan Türkiyə ilə quru sərhədini bağladı. Bununla bağlı müxtəlif yanaşmalar olsa da, rəsmi izah verilməyib. Siz necə düşünürsünüz, Türkiyə ilə quru sərhədi hansı zərurətdən bağlandı?
- Burada bir çox səbəblər ola bilər. Məncə, quru yolunun bağlanması əsas təhlükəsizlik məsələlərilə bağlıdır. Azərbaycandan getmiş və getdikləri yerlərdə ölkəmizə qarşı təlimatlandırılmış şəxslərdən ibarət təxribatçı qruplar yaradılıb və indi onların ölkəyə yerləşdirilməsi, onların iştirakilə destablizasiya yaradılması planı var. Mən bu barədə çox ətraflı məlumata malikəm və tam məsuliyyətlə bu barədə açıqlama verirəm. Bu mənada sərhədlərin bağlı saxlanılması anlaşılandır. Digər tərəfdən vətəndaşların haqqı var ki, istədiklər vaxt ölkəyə sərbəst giriş-çıxış edə bilsinlər. Sərhədləri bağlamaq problemdən çıxış yolu deyil. Burada güc strukturlarını aktivləşdirmək lazımdır ki, ölkəyə pis niyyətlə gələn şəxsləri nəzarətdə saxlasınlar. Sərhədlərin bağlı saxlanılmasını Azərbaycan hakimiyyəti pandemiya ilə əlaqələndirir. O zaman məntiqi sual ortaya çıxır ki, nə üçün Azərbaycan Rusiya, İran, Gürcüstanla quru sərhədləri bağlayır, Türkiyə ilə yox. Görünür, sualı aradan qaldırmaq üçün Türkiyə ilə də quru sərhədləri bağlanıb. Amma mən yenə də bunu təhlükəsizlik məsələlərilə izah edərdim. Hesab edirəm ki, Azərbaycanın təkcə bizə dost olan deyil, dost olmayan ölkələrlə də quru sərhədləri açmalıdır. Bu, vətəndaşlarımızın rahatlığı üçün lazımdır. Amma eyni zamanda hətta ilk baxışdan ölkəmizə xoş niyyətlə gələnlərə də nəzarət gücləndirilməlidir.
- İran rəsmiləri həm də Ermənistana dəstək olaraq bəyan ediblər ki, Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsinə imkan verməyəcəklər. Bəzi ekspertlər hesab edirlər ki, İran tərəfi İsrail və Qərb dövlətlərinin Azərbaycanda möhkəmlənməsini qəbul edə bilmir. Necə hesab edirsiniz, İran bizim bölgəmizdə geosiyasi durumu dəyişə biləcək gücdədirmi?
- Mən düşünmürəm ki, İran bölgədəki geosiyasi vəziyyətə təsir etmək gücündə olsun. İranlılar hətta öz daxilindəki proseslərə belə lazımı səviyyədə nəzarət edə bilmirlər. İsrail kəşfiyyat orqanları İranda tez-tez əməliyyatlar keçirir, nüvə alimlərini, SEPAH rəsmilərini aradan götürür. Belə olan halda İranın çox mühüm geosiyasi əhəmiyyət kəsb edən Cənubi Qafqazla bağlı iddialı açıqlama verməsi, ən yumşaq şəkildə ifadə etsək gülüncdür. İranın bölgədə güclü mövqeyə sahib olduğunu deyə bilmərəm. Təbii ki, təxribatlar törədə bilərlər. Amma hegemon dövlətlər, o cümlədən də Türkiyə buna imkan verməz. İran 40 ildir ki, İsraili Yer üzündən silir, amma hələ silib qurtara bilməyib. İranın bu bəyanatına da sıradan bir açıqlama kimi baxmaq lazımdır. Azərbaycanın tərəfdaş seçimi İranı narahat etməməlidir. İran öz sərhədləri daxilinə nəzarət etməlidir. Biz isə tərəfdaş seçimimizi Tehranla və ya hərhası başqa ölkə ilə razılaşdırmamalıyıq.
- Böyük dövlətlərin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda möhkəmlənməsi ölkəmizə nə vəd edir? Azərbaycan öz ərazisində başqa qüvvələrin bir-birinə qarşı təxribat xarakterli və yaxud da qıcıqlandırıcı fəaliyyətlər göstərməsinə imkan verməlidirmi?
- Mən bunu “böyük dövlətlərin Azərbaycanda möhkəmlənməsi” yox, “böyük dövlətlərin bölgədəki maraqlarını təmin etmək üçün Azərbaycanla tərəfdaşlığı” kimi ifadə edərdim. Bu, hər bir halda alqışlanan prosesdir. Bir şərtlə ki, Azərbaycanın suverenliyinə xələl gəlməsin. Azərbaycan ən yaxın tərəfdaşının belə ölkədəki fəaliyyətini nəzarətdə saxlamalıdır. Onların fəaliyyəti hansısa çərçivədən çıxaraq dövlət maraqlarına toxunan mərhələyə çatdıqda gərəkən addımlar atılmalıdır. Ölkəmizdə söz sahibi Azərbaycan dövləti olmalıdır. Bunun alternativi yoxdur.
Azərbaycan xarici qüvvələrin mübarizə meydanı olmamalıdır. Hər hansı boşluğa yol verilsə, onlar ölkəni döyüş meydanına çevirə bilərlər ki, bu da yaxşı heç nə vəd etmir. İstər tərəfdaş, istərsə də qeyri-tərəfdaş ölkə olsun, dövlət onların hamısının ölkəmizdəki fəaliyyətinə ciddi nəzarət edilməlidir.
Bu xəbər üçün şərh yazın