Rüstəm İbrahimbəyov:“Ermənilər bizə gülür ki, Heydər Əliyevin yaratdığı o boyda təşkilatı gör nə günə salıblar”
Azərbaycanın Xalq yazıçısı, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunması ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb. 2013-cü ildə Milli Şuranın sədri kimi prezident seçkilərində iştirak edən Rüstəm müəllim ozamankı proseslər, həmçinin Rusiyanın seçkiqabağı Azərbaycana növbəti təzyiq rıçaqlarını işə salması ilə bağlı səsləndirilən arqumentlər barədə də fikirlərini bölüşüb.
– Rüstəm bəy, 2001-ci ildə sizin də iştirakınızla, mərhum Heydər Əliyev və Vladimir Putinin iştirakı ilə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) təsis olunmasını xatırlayırsınız…
– Bəli, yaradıldı və çox gözəl də işləyirdi. Çox lazımlı bir təşkilat idi. Hamımız da birləşmişdik.
– Mayın 15-də Ədliyyə Nazirliyinin müraciəti əsasında ÜAK-ın qeydiyyatının Ali Məhkəmədə ləğv olunması Azərbaycanda ciddi narahatlığa səbəb olub. Amma ümidlər var ki, apelyasiya şikayəti verib təşkilatın bərpasına nail olmaq mümkündür. Bu məsələlərlə bağlı sizin münasibətiniz necədir?
– Təbii ki, olar. Mən də bunu mümkün sayıram. İş ondadır ki, təşkilatla bağlı Ali Məhkəmə qərar verib. Ona görə də apelyasiya ola bilməz. Amma ondan qabaqkı qərarlarla bağlı məhkəməyə müraciət etmək olar ki, düzgün hərəkət etməyiblər. Həmin müddətdə isə məsələni araşdırmaq üçün vaxt olacaq və ləğv olunma barədə qərar həyata keçirilməyəcək. Bu da 1 il çəkə bilər. Həmin vaxt ərzində rəsmi qurumların tələblərinə əməl olunsa, hər şey düzələ bilər. Bunun başqa yolu yoxdur. Mən təəccüblənirəm ki, 1-2 ildir bununla məşğul olmurlar. Fikrimcə, hələ imkanlar var və bunu eləmək lazımdır.
– Amma bəzi müşahidəçilər ümidsizdir və hesab olunur ki, ÜAK-ın bazası əsasında yeni təşkilatın yaradılması prosesinə başlamaq lazımdır…
– Yeni təşkilat sıfırdan başlamalıdır da.
– Siz yenə də Konqresin üzvüsünüz?
– Mən bir vaxtlar təşkilatın vitse-prezidenti də olmuşam. Son vaxtlar çox adamlar Konqresdən uzaqlaşıb. Çünki onun fəaliyyəti şəxsən məni o qədər də qane etmirdi, bir az zəif işləyirdi. İndi təzə prezident gəlib. Mənə elə gəlir ki, təzədən bu təşkilatda hamımız birləşib çalışsaq, bir şey alınar.
– ÜAK-ı xilas etmək üçün Rusiyadakı tanınmış azərbaycanlılar, siz də daxil, bir araya gəlməklə bağlı təşəbbüs göstəribmi?
– Yox, hələlik belə təşəbbüslər yoxdur. Amma vəziyyət tələb edir ki, bir araya gələk, birləşək.
– Yeni rəhbərliklə tanışlığınız varmı, onun potensialını necə dəyərləndirirsiniz?
– Çox hörmətli şəxsdir. Azərbaycanlıların arasında çox böyük hörmətə malikdir və camaatı birləşdirə bilər.
– Rusiya belə hörmətli şəxsin azərbaycanlıların ən böyük diaspora təşkilatına rəhbər gətirilməsindən narahat ola bilərdimi?
– Yox. Doğrudan da bu təşkilat Rusiyada yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etməlidir, bizi birləşdirməlidir. Bizim axı burada Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyəti də var. Amma bu təşkilatın imkanları azdır. Çünki Rusiya Konstitusiyasına görə, siyasi proseslərə müdaxiləsi, seçkilərdə iştirakı qadağandır, ancaq mədəniyyətlə məşğul ola bilər. Konqres isə bu istiqamətdə çox böyük işlər görə bilərdi. Burada kifayət qədər azərbaycanlı yaşayır, onların arasından deputat seçmək olardı. Başqa millətlərin belə təşkilatları öz resurslarından yaxşı istifadə edirlər. Biz də onu edə bilərdik və buna inanırdıq. Sonra gördük ki, yox… Son illərdə təşkilat çox zəifləmişdi, demək olar ki, heç nə ilə məşğul olduqları bilinmirdi.
– Belə ehtimallar var ki, Rusiyadakı ermənipərəst qüvvələr və erməni diasporu azərbaycanlıların siyasi proseslərə müdaxiləsinn qarşısını almaq üçün ən böyük diaspor təşkilatımızın ləğvinə nail oldu. Bu barədə nə deyə bilərsiniz?
– Bu, çox dayaz və mənasız fikirlərdir. Çünki təşkilat özü normal fəaliyyət göstərsəydi, hüquqi tələblərə əməl etsəydi, nə erməni, nə ingilis, nə amerikan bir şey edə bilməzdi. Günahlar təşkilatın özündədir. Erməni söhbəti gülünc şeylərdir, özümüzü gülünc günə qoyuruq.
– Amma məsələyə digər tərəfdən yanaşsaq, ermənilər Rusiyada “Artsax” adlı təşkilat yaradır, normal fəaliyyət göstərir, separatçıların “bayraqları” bu ölkənin ərazisində qaldırılır…
– İndi bizimkilər etmirlər, bu, ermənilərin günahıdır? Bizimkilər də etsinlər də!
– Görünən budur ki, son zamanlar Rusiyadan təzyiqlər görünməmiş dərəcədə artıb və ÜAK-ın ləğvi növbəti addımdır. Sizcə, bütün bunlar təsadüfdür?
– Konqres özü-özündən öldü. Biz öz günahımız, səhvlərimiz olan kimi başlayırıq ki, “ermənilərin işidir”. Yüz faiz doğrudur ki, ermənilər konqresin ləğvinə görə sevinirlər. Onlar gülürlər ki, Heydər Əliyevin yaratdığı o boyda təşkilatı gör nə günə salıblar. Bu, başqa məsələ. Amma onların nə işi var ki, bu məsələyə qarışsınlar? Konqresin nə fəaliyyəti var idi ki, ermənilər bununla məşğul olsun? Demək olar ki, konqres 5-6 ildir fəaliyyəti göstərmirdi. Təzə prezidentinsə müəyyən işləri görməyə vaxtı olmayıb. Çalışmaq lazımdır ki, vaxt itirmədən məhkəməyə müraciət etsinlər, əvvəlki iddiaların doğru olmadığını sübut etməyə çalışsınlar. İş açılan kimi qeydiyyatın ləğvi ilə bağlı qərarın icrasını saxlamağa məcbur olacaqlar.
– Xatırlayırsınızsa, 2013-cü il prezident seçkiləri ərəfəsində də ÜAK-ın qeydiyyatı ilə bağlı problemlər var idi. O zaman sizin də iştirakınızla “Milyarderlər ittifaqı” yaradıldı. İndi belə fikirlər geniş yayılıb ki, 2018-ci il prezident seçkiləri ərəfəsində Rusiya növbəti təzyiqlərə start verib. Bu kimi fikirlər haqda nə deyə bilərsiniz?
– “Milyarder” ifadəsi axmaq bir termindir. İş ondadır ki, o vaxt iki təşkilat var idi, Ümumrusiya Azərbaycanları Konqresi və Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti. Bunların arasında münasibət o qədər də yaxşı deyildi. Azərbaycanlıların məqsədidir də, iki təşkilat olan kimi bir-biri ilə yola getmirlər. Ona görə belə bir qərara gəldik ki, bunları bir araya gətirmək üçün yeni təşkilat yaradaq. Beləcə Rusiya azərbaycanlılarının təşkilatlarını birləşdirmək üçün ittifaq təsis etməyə qərar verdik. Çünki Rusiya qanunları ilə onları bir təşkilatda birləşdirmək mümkün deyildi. Ona görə də ittifaq yaratdıq ki, bunlar öz nizamnamələri ilə ayrıca fəaliyyət göstərsinlər, amma ittifaqa daxil olsunlar. Azərbaycanda əvvəlcə buna razılıq verdilər, ancaq sonra bu qurumu dağıtdılar. Nəticədə Milli-Mədəni Muxtariyyətin fəaliyyəti 90 faiz azalıb, konqres də bu vəziyyətə düşüb.
– Amma rəsmi Bakı əvvəlcə sizin ittifaqı təqdir edirdi, hətta Abbas Abbasov Bakıya gəlmişdi, razılıq almışdı. Amma sonradan Rusiya sizin təşkilatdan Azərbaycan hakimiyyətinı təzyiq rıçağı kimi istifadə etməyə başlayanda münasibət dəyişdi. Elə deyilmi?
– Yox, elə deyil. Bu təşkilat yaranmışdı, Azərbaycandan dedilər biz narazıyıq, bağlayın, biz də bağladıq.
– Amma siz prezidentliyə iddia ortaya qoyandan sonra durum daha da kritikləşdi…
– Bunun səbəbləri çoxdur. Mənə görə də, Abbas Abbasova görə də, başqalarına görə də… Amma iş ondadır ki, nə olur-olsun, biz Azərbaycanın xeyrinə işləməliyik. Dediyim kimi, o zaman iki təşkilat qurulmuşdu, birincini Heydər Əliyev özü yaratmışdı, digərini isə Rusiyada yaşayan azərbaycanlılar birləşib təsis etmişdilər. Rusiyanın bütün quberniyalarında hər iki qurumun təşkilatları var və gözəl fəaliyyət göstərirlər. Amma konqresin mərkəzi təşkilatını bağladılar və nəticədə vəziyyət gərginləşdi.
– Yəni ÜAK-ın ləğvinin 2018-ci il prezident seçkilərinə heç bir aidiyəti yoxdur?
– Ola bilər dəxli olsun.
– Rüstəm bəy, budəfəki prezident seçkilərində siz, yaxud həmfikirləriniz tərəfindən ortaya iddia qoymağınız gözləniləndirmi?
– Yox əşi. Heç o vaxt da mənim prezident olmaq fikrim yox idi. Mən müxalifəti bir yerə yığıb dedim ki, “birləşin”. Bunlar da birləşmənin şərtini qoydular ki, seçkiyə sən getməlisən. Mən onlara dedim ki, axı məndən nə prezident, mən bu işlərdən uzağam, sizi birləşdirirəm ki, bir qüvvə kimi seçkidə iştirak edəsiniz. Dedilər, yox, razılıq verməsəniz, biz dağılacağıq. Doğrudan da mən 20 il müddətində bəlkə ilk dəfə idi ki, hamını birləşdirdim. Bu şərtdən sonra mən namizəd olmağa məcbur oldum. Amma onlara da dedim ki, axı mən Rusiyanın vətəndaşıyam, bu, alınmayacaq. Ona görə də bir aydan sonra mən öz yerimə tanınmış alimimiz Cəmil Həsənlinin namizədliyini irəli sürdüm və o, seçkilərdə çox gözəl iştirak etdi.
– Deməli, bu dəfə hər hansı təşəbbüsünüz olmayacaq, eləmi?
– Deyirəm o dəfə də olmayıb, məcburi oldu. Özü də mənim təşəbbüsüm deyildi, məni məcbur etdilər.
– Müxalifət bildiyi halda ki, sizin şansınız yoxdur, heç seçkiyə qatılmaq üçün vətəndaşlığınız da yoxdur, niyə buna israr etdi?
– Əksinə, müxalifət inanırdı ki, mənim şansım, imkanlarım böyükdür, Azərbaycanda da, Rusiyada da məni tanıyırlar. Siz dəqiq baxsanız, Cəmil Həsənli çox böyük uğurla seçkilərdə iştirak etdi və çoxsaylı səslər topladı. Milli Şura mənim təşəbbüsüm idi. Onu yaradanda inanırdım ki, müxalifət birləşə bilər. Mən bir şeyi başa düşmürəm, niyə seçkidə iştirak etməklə bağlı mövqe qoyan adam Azərbaycanın düşməni olur? Biz təklif edirdik ki, ya Rüstəm İbrahimbəyov, ya Cəmil Həsənli seçkidə iştirak etsin. Buna görə məni də, onu da “düşmən” elan etdilər, nəyə görə? Təsəvvür edin, adam seçkidə iştirakla bağlı niyyətini ifadə edəndə deyirlər “o, ”beşinci kolon"dur, düşməndir". O vaxtdan mən nə seçkilərlə, nə siyasətlə məşğul olmuram. Mənim bir işim var: yaradıcılıq. Mən daha elə işlərlə məşğul olmuram. O zaman mənim inamım var idi… Odur ki, əvvəl Ziyalılar Forumu yaratdıq və dəfələrlə müraciət etdik. Bax, Azərbaycan indi ağır iqtisadi durumla üzləşib… Biz beş il qabaq məktublar yazırdıq ki, ancaq neftə ümid etmək olmaz, korrupsiyanı kəsmək lazımdır. Bunun əvəzində bizim bir neçə adamımızı işdən qovdular, biabır eləməyə başladılar ki, “bunlar düşməndir”. Nəticədə məcbur etdilər ki, mən radikallaşım. Ondan qabaq mən dəfələrlə deyirdim ki, Azərbaycanda ziyalılar var, amma ziyalılıq yoxdur. Çünki ziyalılar ictimai qüvvə kimi ölkənin həyatında iştirak etmirlər. Biz çalışdıq ki, bu təşəbbüsü həyata keçirək. Amma bizi rəsmən dağıtdılar, camaatı işdən qovdular. Belə olanda mən dedim ki, yaxşı, bir halda ki, demokratiyadır, gəlin, seçki yolu ilə vəziyyəti bir az dəyişdirək. Dediyim kimi, müxalifəti birləşdirdim, amma seçkilərdə iştirak etmək niyyətində də deyildim. Amma şərt qoydular ki, “sən razılıq verməsən, biz Milli Şuradan çıxacağıq”. Artıq o məsələləri unutmuşam, öz işimlə məşğulam.
– Bir müddət əvvəl mərhum qardaşınız Maqsud İbrahimbəyovun anım günü sizsiz keçirildi. Belə demək olarmı ki, Bakıya gəlişinizə problemlər qalır?
– Azərbaycanda indi vəziyyət belədir ki, ora gəlmək çox təhlükəlidir. Eldar Mahmudovla bağlı prosesləri izləmirsinizmi? Demək, kiminsə ağlına nə isə gəlir, camaatı tutub basırlar içəri. İndi iqtidar özü bu adamları dama basır, deyir ki, bunlar belə işlər görüblər. Amma bu proses davam edir axı. Sabah gələrəm, hüquq-mühafizə orqanlarının rəhbərliyi deyər ki, bizim hansısa tələbimiz var və məni bir neçə ay Bakıda saxlayarlar. Mənim Rusiyadan başqa ölkələrdə də işlərim var axı.
– Amma siz qardaşınızın dəfninə sərbəst gəlib-getdiniz…
– O vaxt mənim əziz qardaşım rəhmətə gedəndə belə şeylərə fikir vermədim, elə xəbər tutan kimi Bakıya uçdum. Amma mənim Bakıya gəlib-getməyim çox yüksək səviyyədə həll olunmuşdu. Daha sonra isə iqtidarın bəzi nümayəndələri dedilər ki, bu, böyük humanizm hərəkətidir ki, Rüstəm İbrahimbəyovu buraxdılar. Onları oxuyandan sonra mətbuatda cavab verdim ki, “nə humanizm, mən qardaşımın hüzrünə gəlmişəm. Ölkədə nə vəziyyətdir ki, qardaş qardaşın qəbri üstünə gələndə onu ”humanizm" sayırlar?"
– Yenə də qayıdaq ÜAK məsələsinə. Hazırda Rusiyadasınız, konqreslə bağlı təşəbbüs göstərmək niyyətiniz varmı? Bəlkə azərbaycanlı ziyalıları, fəalları bir yerə toplayıb ortaya mövqe qoyasınız, müvafiq qurumlara müraciət edəsiniz…
– İş ondadır ki, mən hansısa fəaliyyət göstərsəm, Azərbaycan iqtidarı yenə narazı qalacaq.
– Siz sübut edin ki, Azərbaycan naminə çalışırsınız, diaspor təşkilatının varlığı üçün də mübarizə aparırsınız.
– (Əsəbi halda) Mən nəyi sübut etməliyəm, a kişi?! Bu təşkilatın prezidenti var, zəng eləsin mənə, desin ki, Rüstəm müəllim, vəziyyət belədir, sənin burada adamların, hörmətin var, gəl, görək neynirik. Mənə zəng edən var ki? Mən özüm niyə getməliyəm? Ay Paşasoy, sən bir az gülməli şeylər danışırsan e, bağışla məni…
– Hər halda, sizin bu istiqamətdə addım atmağınızda da pis bir şey olmaz. Məsələn, hansısa erməni təşkilatı ÜAK-ın taleyini yaşasaydı, Armen Cigarxanyan kənarda qalmazdı, yəqin ki, razısınız?
– (Yenə əsəbiləşir) Ay balam, təklif olunmalıdır! Mənim Azərbaycan iqtidarı ilə münasibətimin nə yerdə olduğunu bilirsiniz. Ordan UAK-ın yeni seçilmiş prezidentinə deyəcəklər ki, “lazım deyil, filankəs bu prosesdə iştirak etməsin”. Siz ya vəziyyəti başa düşmürsünüz, ya da bunları bilə-bilə… Bağışlayın məni, bu, demaqogiyadır e… Axı mən istəmirəm yeni prezidenti çətin vəziyyətdə qoyum. O, lazım bilsə – bizim çox gözəl, uzunmüddətli münasibətlərimiz, bir-birimizə hörmətimiz var – zəng edər mənə ki “Rüstəm müəllim, gəl, bir məsləhətləşək!”
– Siz prosesə qarışsanız, vəziyyət yaxşılığa doğru dəyişə bilərmi? Buna inamınız varmı?
– Mən qabaqcadan bunu necə deyə bilərəm? Mənim bu işə qarışmağımın nəticəsi necə olacaq, bunu kim deyə bilər?..
Bu xəbər üçün şərh yazın