RÜŞVƏT ALARKƏN YAXALANAN GÖMRÜK POLKOVNİKİ AZADLIĞA BURAXILDI - VİDEO
Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin sabiq rəisi polkovnik Ceyhun Babayev azadlığa buraxılıb.
Qafqazinfo.az-ın əldə etdiyi xəbərə görə, Ceyhun Babayevin çəkilməmiş həbs müddəti şərti cəza ilə əvəz edilib.
Yerli məhkəmə qərar qəbul edərkən məhkuma təyin olunmuş cəzanın 2/3 hissəsinin çəkilməsini və cəzaçəkmə müəssisəsinin rəyini əsas götürüb.
Qeyd edək ki, Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 dollar (85 manat) olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) alarkən cinayət başında yaxalanıb.
Ona qarşı Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) maddəsi ilə ittiham verilib.
C.Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-c il 26 fevral tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bu xəbər üçün şərh yazın