Sağlamlıq məqsədi ilə milyon manatlarla vəsait ölkədən kənara çıxır
Oqtay Şirəliyev necə xarakterizə olunacaq?
Bu gün əhalinin narazı qalıb, dilə gətirdiyi məsələlərdən başlıcası səhiyyə sisteminin acınacaqlı durumda olmasıdır. Dəhşətdir! Guya, dövlət xəstəxanaları və poliklinikalarında müayinə və müalicə pulsuzdur. Həkimlərin,tibb bacılarının hamısı yaşam tərzini xəstələrə, onun sahiblərinə bağlayırlar. Apteklərdə dərmanların qiymətləri od tutub yanır. Xəstə, təqaüdçü, işləyən, işləməyən hamı dərmanların qiymətinin yüksək olmasından şikayətlənir. Yeri gəlmişkən, ötən ilin dekabr ayında millət vəkilləri də dərmanların qiymətlərinə dair tənqidi fikirləri də səsləndirdilər.Açığı səhiyyənin yoxluğu bu ölkənin milyonlarla manat varidatın xaricə daşınmasına səbəb olur. Ölkə vətəndaşları sağlamlıqlarının qeydinə qalmaq üçün Türkiyə, İran, Rusiya, Gürcüstan, Avropa ölkələrinə üz tutur. Bu məqsədlə ay ərzində minlərlə vətəndaş müayinə və müalicə üçün xarici ölkələrə yollanır.
Respublikamızdan milyonlarla manat vəsait səhiyyə məqsədilə çıxarılır. Amma ölkəmizə müayinə və müalicə üçün gələn yoxdur. Demək həyəcan təbili çalınası zamandır. Niyə bizdə səhiyyə sistemi inkişaf etməməlidir, hər gün sağlamlıq məqsədilə külli miqdarda vəsait xarici dövlətlərə aparılmalıdır? Nədən mövcud vəziyyəti nazir Oqtay Şirəliyev etiraf edib, səhiyyə sisteminin inkişaf etdirilməsi baxımından işlər görməməlidir? Məgər o, səhiyyə naziri deyilmi?! Axı ,Oqtay Şirəliyev də fikirləşməlidir ki, mənim də səhiyyə naziri olacağım günün limiti bitəcək. Onda mən ictimai rəydə səhiyyə sisteminin inkişafı ilə bağlı necə xarakterizə olunacam?
Hər gün ana və uşaq ölümləri, rayon mərkəzi xəstəxanalarında həkim laqeydliyi və savadsızlığı ucbatından insan ölümləri əhalini təşviş içində saxlayır. Artıq Azərbaycan xanımları dünyaya körpə gətirmək üçün doğum şöbələrinə üz tutmağa qorxur, xəstələr rayon mərkəzi xəstəxanalarına müalicə olunmaq üçün müraciət etməyə çəkinirlər. Açığı savadlı 3-5% həkim korpusu pis vəziyyəti etiraf edir və bunun sonunun necə tamamlanacağı qənaətini söyləməkdə çətinlik çəkirlər. İctimaiyyət, millət vəkilləri, KİV nümayəndələri səhiyyənin tənəzzül dövrünü yaşadığının fərqindədir. Gizlətməli heç nə qalmayıb. Hörmətli YAP icra katibi, baş nazirin müavini Əli Əhmədov da ölkə səhiyyəsindən dolayısı ilə də olsa gileylənib, vəziyyətə dair narahatçılığını bildirib.Bölgələrdə yerləşən rayon mərkəzi xəstəxanalarında vəziyyət daha acınacaqlıdır. Həkimlər açıq şəkildə ən yüngül xəstəliyə görə xəstələri vəziyyətdən çıxara bilmir. Hətta, xəstələrə qonşu dövlətlərə getməyi məsləhət görürlər. Reallıqda isə rayon mərkəzi xəstəxanalarına ayrılan dövlət vəsaiti mənimsənilir, xəstələrin dərman preparatları ilə təminatı yox səviyyəsindədir. Ən ucuz dərmanlar belə xəstələrə aldırılır. Xəstələrə yemək verilmir, verilən yeməkləri də xəstələr yeyə bilmir. Rayon mərkəzi xəstəxanalarına ayrılan dövlət vəsaiti- dərman, yemək, yanacaq, inventar pulları baş həkimlər tərəfindən mənimsənilir. Baş həkimlər dərman əvəzi boş fakturaya qol çəkib ümumi məbləğin 10%-ni alırlar. Hər halda belə deyilir.
Bəzən xəstələrin adları xəstəlik tarixi kitabçasına işlənmir. Hesablama Palatası müfəttişləri belə halların üstünü aça bilib və məlum olub ki,qeyd etdiyimiz məsələlər pis bir şəkildə təzahür edir.Maraqlı bir fakt: Qəbələ rayonunun baş həkimi erməni olduğu halda hələ də orada qalıb işləyir. Qarabağ əlili Mehman Hüseynov Kütləvi İnformasiya Vasitələrində çıxış edərək Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir həkimin adının əvvəllər Aruş olduğunu, sonradan dəyişərək Sabir etdiyini müəyyənləşdirdi, ictimaiyyət üçün açıqladı. İrəli gedərək baş həkimin əlilliklə bağlı ona verəcəyi sənədlərin qarşılığında 2000 manat istəməsini belə gizlətmədi. Dəhşət də budur ki, belə insanlar rayonlarda RMX-na rəhbərlik edir, açıqca alverlə məşğul olur. Səhiyyə sistemində maliyyə pozuntularına yol verirlər.
Neçə aylardır ki, mətbuat Qusar rayon Mərkəzi Xəstəxanasında dözülməz vəziyyəti, MX-nın baş həkimi Mübariz həkimi səhiyyədə özünəsərf bir şəkildə davrandığını, xəstəxananı taladığını yazır. Səhiyyə Nazirliyinin rəsmiləri isə buna münasibət bildirmir, heç nə olmamış kimi davranırlar. Baş həkimin nə üçün müdafiə olunduğu başa düşülmür. Görünür ki, davamlı şəkildə mətbuatın neçə illərdir yazdıqları boşuna gedib. İmişli, Cəlilabad, Biləsuvar,Agstafa və digər rayonlarda da rayon mərkəzi xəstəxanaları barədə yaddaşları səfərbər etmək məcburiyyəti yaranıb ki, şikayət məktubları redaksiyaların qapılarını döyməsin. Bütün bunlar səhiyyənin tənəzzülə getməsinin göstəricisidir.Azərbaycan səhiyyəsində düşünülmüş, proqramlaşdırılmış bir inkişafa ehtiyac var. Bunun üçün əsas da var. Millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı hörmətli Mehriban Əliyeva neçə illərdir ki, Avropa standartlarına cavab verən xəstəxanalar tikdirir, təmirsiz vəziyyətdə olan xəstəxanaların yenidən qurulmasını reallaşdırır. Avropa standartlarına uyğun tibbi avadanlıqlarla yeni tikilmiş və qurulmuş tibb müəssisələrini təmin edir. Qalır yüksək elimli mütəxəssis korpusu ki, “tibb inkişaf edir”-, deyə bilək. Bu isə hələlik yoxdur. Demək, düşünməyə dəyər.
Fuad İsgəndərov Faktinfo.az-ın baş redaktoru
Bu xəbər üçün şərh yazın