Saakaşvilidən Paşinyana "cəsarətli ol" çağırışı- "...tərəddüdü rədd edərək va-bank getməlisiniz"
Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edib.
Faktinfo.az bildirir ki, AzPolitika.info Saakaşvilinin “feysbuk” səhifəsinə istinadla xəbər verib.O, Paşinyanı Putin təhlükəsi barədə xəbərdar edir və ona cəsarətli davranmağı, Azərbaycanla təcili olaraq sülh müqaviləsi imzalamağı, eyni zamanda Rusiyanın hərbi bazasını çıxarmağı və KTMT, Gömrük İttifaqı kimi təşkilatlardan çıxmağı tövsiyə edir.
Saakaşvilinin müraciətini təqdim edirik:
“Ermənistanın Baş naziri Nikol Paşinyana mesajım
Mən ilk dəfədir ki, sizə müraciət edirəm və bunu açıq edirəm, çünki regionumuzun və Ermənistanın taleyi məni çox narahat edir. Özümün Rusiya və bu yaxınlarda MDB sammitində məni bu təşkilatın dağılmasında günahlandıran Putinlə ünsiyyət təcrübəmə əsaslanaraq, sizə bir neçə məsləhət verməyi özümə rəva bilirəm.
Siz xalq üsyanları nəticəsində hakimiyyətə gəlmisiniz, yəni, Putinin terminologiyası ilə desək - rəngli inqilab nəticəsində və inanın ki, siz onu necə mayalandırsanız da, sədaqət andı içsəniz də, o sizi heç vaxt bağışlamazdı və bağışlamayacaq. Üstəlik, sizin son bəyanatlarınızdan, siyasi gedişlərinizdən və xüsusən də Roma Nizamnaməsinin ratifikasiyasından sonra – o, sizin qan düşməninizdir və əlində olan bütün imkanlarla – daxili iğtişaşlarla, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və hibrid müharibənin bütün arsenalından istifadə edəcək.
Çox az vaxtınızın olduğunu başa düşməlisiniz. Hakimiyyətə gələndən sonra siz əsaslı islahatlar aparmadınız və ya apara bilmədiniz, ona görə də indiki dövlət aparatınız həqiqətən də Kremlin “beşinci kolon”udur. Avropaya inteqrasiyada gecikmisiniz. Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni şans verir. Müəyyən müddətdən sonra biz üç Baltikyanı ölkə kimi yaşaya bilərik - açıq sərhədlərlə, üçünün hər birinin üstünlüklərindən istifadə edərək, bütöv bir logistika, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməli və hər hansı bir tərəddüdü rədd edərək va-bank getməlisiniz.
Rusiya hərbi bazasının dərhal çıxarılmasını tələb edin, MDB, KTMT, Gömrük İttifaqından çıxın və Avropa İttifaqı və NATO-ya ərizə verin.
2013-cü ildə biz Avropa Komissiyasının sədri Barrozu ilə birlikdə İrəvana uçduq və boş yerə sələfinizi Moskvanın himayəsi altında bu təşkilatların bəzilərinə qoşulmamağa inandırmağa çalışdıq.
Və nəhayət, siz açıq şəkildə bəyan etməli və dərhal Azərbaycanla sülh müqaviləsi imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində əsaslı dəyişikliklərə yol açmalısınız.
Sizdə şəxsi cəsarət və siyasi cəsarət əskik olmayacaq və ümid edirəm ki, Putinə sizi məhv etməyə və eyni zamanda ölkənizi məhv etməyə və regionumuzu tamamilə sarsıtmağa imkan verməyəcəksiniz.
Hamımızın üzləşdiyi təhlükə çox realdır və dərhal hərəkətə keçməyi tələb edir. Ümid edirəm bu dəfə tərəddüd etməyəcəksiniz. Sizə və erməni xalqına uğurlar”.
Bu xəbər üçün şərh yazın