Sabir Rüstəmxanlı hakimiyyətin kadr siyasətini tənqid etdi:"İcra başçısı tanıyıram, çoban rayonu ondan qat-qat yaxşı idarə edər"

Sabir Rüstəmxanlı hakimiyyətin kadr siyasətini tənqid etdi:"İcra başçısı tanıyıram, çoban rayonu ondan qat-qat yaxşı idarə edər" 

Strateq.az-ın budəfəki müsahibi cəsarətli qələmin, kəsərli sözün ucaltdıqlarındandır – Azərbaycanın xalq şairi, tanınmış yazıçı-publisist, 25 il Azərbaycan parlamentinin deputatı olmuş, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı… Ötən ay 71 yaşını haqlamış bu ziyalı-siyasətçimizlə hakimiyyətin ona olan soyuq münasibətindən tutmuş, son günlərin əsas problemlərinədək, bir çox məsələlər barədə söhbətləşmişik.

Sabir bəy, çoxdandır görünmürsünz? İctimai planda, sanki, arxa planakeçmisinizGörünməyə ehtiyac duymursunuz?

– Mən öz yaradıcılıq mühitimdə, başçılıq eldiyim siyasi partiyada, Dünya Azərbaycanlıları Konqresində varam və əvvəlki vaxtlardan daha çox görünürəm. Ümumi siyasət meydanında az görünürəm, çünki belə bir meydan yoxdur.

Paradoksal məqamlar da var: bizim görünə biləcəyimiz yerlərdə əvəzimizə başqaları görünür. Azərbaycan mədəniyyət xadimlərinin, böyük yazıçılarımızın, bəstəkarlarımızın yubileyləri keçirilir, heç birinə dəvət olunmuruq. Desəm ki, bəlkə, müxalifət olduğuma görə dəvət edilmirəm, düz olmaz. Elə deyil. Bakıda bu yaxınlarda Beynəlxalq Humanitar Forum keçirildi. Azərbaycanın milli humanitar fikrinin inkişafında, hər halda, müəyyən zəhmətimiz var. Amma qəribədir ki, Humanitar Foruma dəvət edilmədim. Yazıçı Çingiz Abdullayev deyir, onu da dəvət etməyiblər, bir çox tanınmış yazıçılarımıza da “ehtiyac olmayıb”.  Forumdan çəkilişlərə baxdım. Vəzifə sahiblərinin arvad-uşaqları, tanımadığım adamlar oturmuşdu orada. Mən, hər halda, ölkədə humanitar fikrin daşıyıcılarını tanıyıram…

Bilmirəm, bəlkə, hesab edirlər ki, biz muxalifətçiyik və görüşlərdə olsaq, iqtidarın əleyhinə nəsə danışa bilərik? Ancaq unudurlar ki, o yerlərdə iqtidar yox, dünyada gedən humanitar proseslər müzakirə edilir. Biz isə Azərbaycanın mövqeyini istənilən iqtidar nümayəndəsindən daha ciddi və arqumentli şəkildə, dövlətimizin, milətimizin xeyrinə təqdim edə bilərik.

Foruma gələn qonaqlar şablon, əvvəlcədən hazırlanmış çıxışlarla əsil humanitar mövqeyi bir-birindən yaxşı ayıra bilirlər. Eyni zamanda, onu da nəzərə almalıyıq ki, əsil humanitar fikrin, əsil ziyalı fikrinin bir özəlliyi də müxalif mövqeyi ilə yenilik axtarışlarını, həqiqət axtarışlarını şərtləndirməsindədir.

– Dəvət edilməməyinizin səbəbləri ilə maraqlanmısınız?

– Maraqlanmıram. Hər halda, əgər elə hesab edirlər ki, Azərbaycanın böyük şairlərinin yubileyində o yubileyi təşkil edənlərin qohum-əqrabaları, idarə işçiləri, şəxsin kimliyini belə bilməyən adamlar iştirak etməlidir, onda qoy keçirsinlər. Mən belə məsələlərin həsrətini çəkmirəm. Sadəcə məsələyə yanaşmanın doğru olmadığını demək istəyirəm. Problem budur.

Bizim gənclyimizdə cəmiyyətlə yazıçı arasında sıx əlaqələr vardı. Hər gün böyük zavodlarda, fabriklərdə, yataqxanalarda, ali məktəblərdə görüşlərimiz keçirilirdi. Belə görüşlərə bu gün də ehtiyac var, millətin ləyaqət hissini, millətin döyüş ruhunu gücləndirmək gərəkdir. Bunun indiki iqtidara heç bir ziyanı ola bilməz.

Azərbaycan müstəqil olandan sonra, demək olar ki, mən heç bir universitet auditoriyasında görünmürəm. Mən yazıçıyam, şairəm, oxucularla görüşməliyəm. Bu necə olur: başqa ölkələrdə oxucularla görüşlərimiz keçirilir, amma Azərbaycan oxucusu ilə ünsiyyət qura bilmirik. Ali məktəb auditoriyalarını əlimizdən alıblar. Təhsil Nazirliyi yaxşı bir qərar verib: orta məktəblərdə kitab oxuma vərdişləri  gücləndirmilədir, yazıçılarla əlaqələr qurulmalıdır… Görüş üçün bir-iki orta məktəbə çağırıblar. Amma ali məktəblər, elə bil, rektorların malikanələridir. Kənar adamları  buraxmırlar. 

Sovet vaxtı eyni gündə 2-3 yerdə görüşlər keçirilirdi. Bu görüşlər milli ruhun güclənməsinə ciddi təsirlər göstərirdi. Ədəbiyyat ölkənin tarixini və bu gününü anlamağa, gənc nəslin tərbiyəsinə  kömək edən bir gücdür. Cavanlardan soruşanda “nə oxuyursan?”, cavabında dünya ədəbiyyatından misal çəkirlər. Amma Azərbaycan ədəbiyyatından yox… Niyə? Bilərəkdənmi Azərbaycan ədəbiyyatını gözdən salmaq istəyirlər?! Nə üçün Azərbaycan ədəbiyyatı ilə gəncliymiz arasında divar çəkirlər?! Televiziyada epizodik çıxış edirik. Kimdi ona baxan? Camaat bu gün şoulara, seriallara  baxır. Efirdə qısa görüşlərin ciddi izi qalmır.

– Hesab edirsiniz ki, yazıçılar, ziyalılar xalqdan ayrı düşüb?

– Bəli, ziyalılarla xalq arasında ayrılıq var. Mövqeyimizi görmürlər, çıxışlarımızı eşitmirlər. Camaatla ünsiyyətimiz zəifləyib. Bu səhvdir.

Demək isəyirsiniz ki, məmur sözü ilə yazıçı sözünün təsiri eyni tutula bilməz?

– Məmurun ayrı dili var, şairin, yazıçının ayrı. Məmurun dediyinə xalq şübhə ilə yanaşa bilər, amma yazıçı, şair sözünə xalq inanır. Məmurun boş-boş tərifindənsə, yazıçı çıxışı daha təsirlidir. Ola bilsin ki, həmin çıxışda müəyyən tənqidlər səslənsin, amma bütün hallarda belə çıxışlar dövlətin mövqeyini, indiki durumunu daha yaxşı başa salar, xalqı dövlətin ətrafında daha sıx birləşdirər… Bir də -mənim vətənimdə qapılar mənim üzümə niyə bağlanmalıdır? Heç sovet dövründə belə ali məktəb qapıları üzümə bağlanmayıb. İndi niyə belə olmalıdır?

– Siyasi təcrübəniz kifayət qədərdir. Necə düşünürsünüz, bu konkret məmur kaprizidir, yoxsa ümumi siyasi dövrün gətirdiyi bir imperativdir? Bəlkə, doğrudan, ziyalı sözünə ehtiyac duyulmur? Bu barədə hansı qənaətləriniz var?

– Mən bunu heç kimlə müzakirə etməmişəm. Heç etmək  niyyətim də yoxdur. Görürəm ki, bizdə iqtidar öz çevrəsində öz ziyalısını, öz şairini, yazıçısını –  özünə sərf edən şəkildə danışan, onun dediyi yalana da, doğruya da boyun əyən müti təbəqə yaratmaq istəyir. Sanki iqtidar onların laylasında özünü daha rahat hiss edir.

– Burada qəribə heç nə yoxdur. Bütün hakimiyyətlərin belə siyasəti olub…

– Hə, dünya yaranandan belə olub. Amma yanlış yoldur. Axı həmin o layla deyənlərin mövqeyi nəticə etibarilə milli dövlətçiliyimzə, tariximizə ziyan vurur. Məncə, əsil ziyalı həmişə sözün düzünü deməlidir: dəxili yoxdur, iqtidarın xoşuna gələr, ya gəlməz. Ziyalı öz şəxsi maraqlarının yox, milli ruhun daşıyıcısıdırsa, o, hər şeyi doğru deməlidir. Buna görə o, döyülər, əziyyət çəkər, amma vaxt gələr, görərlər ki, onun dediyi söz düzdür. Bu mənada gördüyüm həqiqətlərin qəbul olunduğu yerdə varam, ona ehtiyac yoxdursa, onda mən sakitcə oturub öz işimi görərəm.

– Cəmiyyətin bugünkü vəziyyəti Sizə necə təsir bağışlayır? Hansı problemlər Sizi daha şox narahat edir?

– Məni ən çox narahat edən cəmiyyətdə qütbləşmənin, ziddiyyətlərin çoxalmasıdır. Yeni sistemdən, bazar iqtisadiyyatından danışırıq, amma ölkədə bazar iqtisadiyyatı yoxdur;  müəyyən adamların idarə etdiyi bazar azad bazar deyil. Digər tərəfdən, milli dövlətin ən böyük gücü vətəndaşların birliyi və həmrəyliyidir. Xalq öz dövləti ətrafında sıx birləşməlidir. Amma təəssüf ki, bu gün siyasət sanki qəsdən elə yürüdülür ki, cəmiyyətdə milli dövlətə olan inam və sevgi azalsın. Camaat desin ki, “əşi, nəyimə lazımdır belə müstəqilik?”. Adamlar məni küçədə saxlayıb soruşurlar ki, “Bəs o meydanlara niyə çıxmışdınız?”, “O boyda əziyyət çəkdiniz, amma müstəqil dövlətdə siz görünmürsünz. Sizinlə görüşmək istəyirik”… Əlbəttə, mən onlara cavab verib deyirəm ki, problemlər keçicidir, əsas odur ki, azad və müstəqil dövlətimiz, bayrağımız var. Onda da qayıdıb deyirlər ki, “axı dövlət məni müdafiə edə bilmir? Torpağım işğal altındadır, öz vəziyyətiz də çox ağır”…  Belə deyirlər adama… İnsanlarda SSRİ-nin xiffəti yaranıb, “rahatca yaşayırdıq da…” deyirlər.

Əlbəttə, sovet dövrü ilə müqayisə aparan insanı tərəddüd boğur. O  zaman bir ümid vardı ki, müstəqil dövlətdə daha yaxşı olacaq.  “Ömür kitabı”nı yazanda bu xalqı dəyişəcəyimizə, milləti xarici müstəmləkəçilərin aşağılamağından qurtaracağımza ümid vardı bizdə… Mən də indi fikirləşirəm. Ömrümün bu vaxtında necə saxtakarlıq edim? Nə deyim ona? Bir bəhanə tapıram, təsəlli verirəm, ümid verirəm, amma içimdə narahatam. Görürəm ki, bir çox şeylər dağılıb. Cəmiyyət parçalanıb, sevgi, insanların bir-birinə inamı azalıb. Laqeydlik baş alıb gedir. İnsanın öz dövlətinə, məmuruna olan etibarı, sevgisi azalır. Vətəndaş məmura inanmalıdır.  Bu, böyük bir nəslin qanla qazandığı dövlətin məmurudur, dövlətə xidmət etməldir. Məmuru təhqir edirlər, aşağılayırlar. Çünki özü öz əməlləriylə haqq verir. Bunun səbəbləri aydınlaşmalıdır. Müxalifət düşərgəsinin parça-parça olması göz önündədir. İqtidarla müxalifət arasında elə bir ziddiyyət yaradıblar ki, bəlkə, heç düşmənlə belə münasibət yoxdur…

– Amma hər halda vətəndaş ümidini də kəsməyib. Baxın, dövlət məmurlara yaxın bir sıra müəssələrin pis idarəetmə nəticəsində yaranmış milyardlarla borcunu ödəyir, amma devalvasiya nəticəsində kredit borcunda boğulan sadə vətəndaşına əl uzatmır. Vətəndaş bunu görür, amma qəzəbli reaksiya da vermir. Yəni, belə baxanda, Azərbaycan cəmiyyəti çox tolerantdır. Belə görünür, cəmiyyətin dövlətə və iqtidara etimadı hələ çoxdur…

– Təbii, dövlətə inam limiti hələ tükənməyib. Səbəblərdən biri budur. İkincisi, cəmiyyətdə öz dövlətinin məsuliyyətini duymaq hissi tamamilə yox olmayb. Çağdaş tarixdəki hadisələrə baxın: illər ərzində müşahidə olunan bir ssenari təkrarlanır. Xüsusən enerjinin bol olduğu islam ölkələrində tez-tez rast gəlinir. Yeni qurulan, zəif ölkədə normal bir seçki olur, hakimiyyət qurulur. Bundan sonra beynəlxalq güclər maraqlı olur ki, bu dövlətlərdə avtoritarizm, xalqla hakimiyyət arasında ziddiyət güclənsin. Həmin dövr ərzində də hakimiyyətin sərvəti xarici banklara yığılır. Bundan sonra həmin ölkədə bir daxili savaş salınır. Hakimiyyət dağılır, pullar batır, keçir beynəlxalq maliyyə mafiyasının əlinə… Bu, bir ssenaridir. Bir çox ölkələrin başına gətirilib. Bunu görə-görə müsəlman ölkələri yenə o bataqlığa gedirlər. Azərbaycan cəmiyyətində bunu başa düşənlər çoxdur. Bizim cəmiyyət həmin bəlanın bizim də başımıza gəlməsini istəmir:  “rəngli inqilab” olsun, daxili didişmələr başlansın. Küçəyə çıxıb baxın: nə qədər narazı adam var. Amma bir mitinq olanda orada 3-4 mindən artıq adam gəlmir. Bu o demək deyil ki, hamı hər şeydən razıdır. Sadəcə ölkədə münaqişənin olmasını, sabitliyin dağılmasını istəmirlər. Ümidləri var ki, ölkənin problemləri həll olunacaq. Bu, böyük bir məsələdir. Bəzən yazırlar ki, iqtidar müxalifəti məhv edib. Təbii, hazırda müxalifət seqmenti çox zəifləyib. Biz bunu görürük. Amma küll halında müxalif düşüncə sahiblərini axı məhv eləmək olmaz. Bu, xalqın bir hissəsidir. Türkiyədə hamı gördü də, seçkidə xalqın yarısı iqtidarın əleyhinə səs verdi. Müxalifəti məhv eləməklə öyünmək lazım deyil. Ölkənin normal, sözü ədalətlə, düz deyən, düşmənçilik etməyən müxalifətə ehtiyac var.

Belə bir fikir də yayırlar ki, indiki hakimiyyət alternativsizdir. Bu da yalnış fikirdir. “Bizdən başqa heç kim yoxdur” tezisi düzgün deyil. 10 milyonun içində idarəçiliyə çəlb etmək üçün 500 nəfər tapmaq mümkün deyil, yəni? İndiki müxalifətin içindən 4-5 hökümət çıxartmaq olar. Artur Rəsizadənin rəhbərlik elədiyi hökumətin kadrlarını daha uğurlu adamlarla əvəz eləmək olar. Lakin dediyim hökuməti yarada biləcək qüvvələr param-parçadır. Bu da bir siyasətdir. Xaricdən və daxildən idarə edilir.

– Kənar qüvvə təsiri nə qədər inandırıcıdır? İndi sosial sahədə baş verənləri axı xarici qüvvə ilə izah etmək olmaz. Bəs cəmiyyətin bütün təbəqələrinin məsuliyyəti olmalı deyil?

– Mən deyirəm ki, ümidsiz olmayaq, “bu cəmiyyəti idarə edən başqa qüvvə yoxdur” tezisi doğru deyil. Mən "xarici qüvvələr" ona görə deyirəm ki, biz təcrid olunmamışıq. İran, Avropa, Rusiya öz marağına uyğun, çox ciddi şəkildə, cəmiyyətin içində işləyir. Problemlərin bir hissəsi də bəzi idarəçilik mexanizmlərinin düzgün olmamasından irəli gəlir. İdarəçilikdə bir çox yanlışlıqlar və boşluqlar var. İdarəçilikdə vakuum olmaz.  Boşluq olan kimi, oranı əyrilik tutacaq.

Mən nazir işləmişəm, çoxlarını tanıyıram. Məşədi İbadın sözü olmasın, mən bilmirəm, Azərbaycan prezidenti bəzilərini nəyə görə işdə saxlayır? Neçə il biz Milli Məclisdə dedik ki, kənd təsərrüfatına diqqət artırılsın. Bu ildən başlayıblar. Amma bunu 10 il əvvəldən etmək olardı. İndi bəzi sahələrdə islahat adı ilə gedən proseslər yanlışdır. Hamısını demirəm. Məsələn, “ASAN Xidmət” çox uğurlu bir layihədir. Amma bu gün rayonlarda mədəniyyət şöbələrini birləşdirirlməsi yanlış addımdır. Yardımlının ucqar kəndində yaşayan bir kitabxanaçı arayış almaq üçün durub gəlməlidir Masallıya. Bəziləri daha uzağa gedirlər. Azərbaycanın dağ rayonlarını saxlayan, camaatın köçməsinin qarşını alan mədəniyyət şəbəkəsini dağıtmaq yox, qorumaq, yaratmaq  lazımdır.  Sən mədəniyyət şöbələrini birləşdirmisən, kənd kitabxanalarının yarıdan çoxu ixtisara düşüb, admalar işsiz qalıb. Kəndin eltasını da müəliim, həkim, kitabxanaçı, mədəniyyət evinin işçisi təmsil edir. Bunlar kəndin özəyidir. Bizə mədəniyyət lazım deyil? Əksinə, kəndlərdə mədəniyyət şəbəkələrini genişləndirmək lazımdır. Mədəniyyətlə bağlı ayrılan  büdcə onsuz da çox aşağıdır. İndi onun ixtisarı nə verə bilər? Rayonda ayrı-ayrı idarələr – qaz, maliyyə, sosial və s. idarələri  varsa, niyə mədəniyyət şöbəsi ayrı rayona tabe edilməldir?

Dəyişilməli olan başqa şeylərdir. İcra başçıları köhnə “raykom” katiblərinə bənzəyirlər, amma əllərində onların səlahiyyəti yoxdur, bələdiyyənin səlahiyyəti tam müəyyən edilməyib…

– Sovet vaxtı raykom katibi siyasi post idi və ora siyasi cəhətdən ən hazırlıqlı adamlar təyin edilirdi. İndi KİV-də ayrı-ayrı icra başçıları barədə o qədər xoş olmayan məlumatlar yayılır,  tənqidlərin arası kəsilmir.  Siz bu tənqidlərlə razısınız?

– İcra başçıları arasında layiqli və işləyən, qurucu  başçılar var. Məhz onların sayəsində rayonarın bir çoxunun siması, doğurdan da, xeyli dəyişilib. Yerdə qalanları, şübhəsiz ki, o posta layiq deyillər. Bir müddət onların ayıbını ölkənin maliyyə imkanlarının genişliyi örtdü. Ölkədə pul çox idi və prezident rayonlara istənilən qədər maliyyə ayırırdı. Səriştəli icra başçıları o pulu daha səmərəli sərf edə bilərdilər. Çünki hər bir rayonda görüləsi saysız-hesabsız işlər var. Başqa problem nədir? Qohum icra başçıları şəbəkələşiblər. Bu da doğru deyil. Onlardan bəziləri Azərbaycan mədəniyyətinin inkişafında heç maraqlı deyil. Mən bir rayon icra başçısını tanıyırdım. Aramazıda söhbət zamanı baxdım ki, o rayonda olan çobanlar rayonu ondan yaxşı tanıyır, ondan yaxşı işləyər. Kadr məsələləri çox həssas detaldır.

Dünyada, ölkədə vəziyyət mürəkkəbdir. Bizim Qarabağ problemimiz var, ölkə olaraq isə sanki yelçəkərdə oturmuşuq. Bu dövləti böyüklərimiz çox çətinliklə qurdular. Hər tərəfdən təzyiqlərlə üzləşmişdik, indi də bu davam edir. Mən yüksək vəzifə sahiblərinə qibtə etmirəm. Çox çətindir. Bütün bu dediyim şeylərin hamısını da prezident görməli deyil.

Yeni nəslə hakimiyyət idarəçiliyində özünütəsdiqə şərait yaratmaq lazımdır. Bu istiqamətdə addımlar atılır. Mən Yardımlıda bir məktəb direktoru ilə söhbət edirdim. Dedi: “Sabir müəllim, bu cavan müəllimlərə tapşır, məni incitməsinlər, deyirlər daha bəsdir işlədin, çıx direktorluqdan”. Soruşdum ki, “neçə ildi direktor işləyirsiniz?"  Dedi, 53 ildir. Dedim “ay ağsaqqal, bəs deyil? Bu uşaqların içində də istedadlılar var, qoy onların da özlərini göstərməyə şansları olsun”.  53 il bir yerdə oturmaq olmaz da. Bank sektorunda, “ASAN Xidmət”də elə gözəl, savadlı, tərbiyəli gənclər görürəm ki… Adamın ürəyi açılır. Qoy işləsinlər, mənsəbə çatsınlar. Bizm bəlamız odur ki, məmurlarımızın çoxu insanlara çöp kimi baxır. Biri azaldı, ya getdi, özünü asdı… – fərq eləmir onlara.

Cəmiyyətdəki biganəlik probleminə toxundunuz. Bizim cəmiyyətin güclü vaxtları da olub. Amma bu gün çox asanlıqla dövlətin, ölkənin tarixi şəxsiyyətlərinə, hörmətli şəxslərinə yönəlik açıq təhqirlər səslənir. Bunları statusu olan şəxslərin dilindən də eşitmək olur. Deputat Araz Əlizadə  Rəsulzadəni "heç kim" sayır, digər həmkarı başqa ittiham səsləndirir. Halbuki, 10 il əvvəl buna rast gəlinmirdi…

– 30  il əvvəl milli müstəqillik əleyhinə danışanları, tarixi şəxsiyyətlərimizə dil uzadanları daş-qalaq edərdilər. İndi buna təəccüblənmirlər. Məncə, bir xalqı 10 ilin ərzində qəhrəmana da çevirmək olar, köləyə də. Dövlətin bu barədə ciddi siyasəti  olmalıdır. Təəssüf ki, indi bizdə aşınma prosesi gedir. O adamlara gəlincə, təəccüblənmirəm. Sosial-demokratlardan nə gözləyəsən? Şaumyanın yanında qulbeçə olublar. Azərbaycanda özlərinə sosial-demokrat deyənlər elə bilirlər ki, həmişə ya rusun quyruğunun altında olmalıdırlar, ya da Avropanın…. Milli xəyanət bunların canında və siyasətindədir.

– Cəmiyyətin milli-ideoloji atributların təhqir olunmasına, gözdən salınmasına qarşı təpkisinin zəif olması barədə qənaətləri bölüşürsünüz?

– Onların arxasında kim dayanır, onları axtarmaq lazımdır. Cəmiyyət kifayət qədər reaksiya verir. Sosial mediada bir yazıya 500 söyüş, etiraz yazılır… Və ya  ermənilərlə əməkdaşlıq edənlər, onlara yardım edənlərin arxasında kim dayanır? Kim maliyyələşdirir onları? Cəmiyyətdə bir biganəlik sindromu tərbiyə olunur. Biganəliklə sabitlik səhv salınır. Amma nəzərə almırlar ki, bu biganəlik vətənin müdafiə məsələsinə, milli xarakterin formalaşmasına təsir edə bilər; yeni bir manqurt insan kütləsinin yaranmasına gətirib çıxara bilər. Milli laqeydlik və biganəlik qədər böyük faciə yoxur. Təəssüf ki, indi elə adamlar önə çəkilir. Məsələn, bizim jurnalistika sahəsinə baxaq: təzə qurumlar yaranıb, rəhbərləri var. Mən o adamlar o qurumlara seçilənə qədər  heç bir sətir yazılarını oxumamışam. Onların jurnalistikada xidmətləri varmı? Necə oldu? Hardan gəldilər? Mən 50 ildən çoxdur jurnalistikadayam. Azərbaycanın ilk demokratik qəzeti olan “Azərbaycan”ı mən buraxmışam. Jurnalist tədbirlərinə dəvət olunmuram. Heç soruşan yoxdur ki, bəlkə, sən də bir söz deyəsən? Təbii ki, bu sahəyə cavan adamlar gəlməlidir. Amma bu cavanların heç olmasa bir-iki normal yazısı da olmalıdır.

– Azərbaycan-Ermənistan Sülh Platformasına münasibətiniz necədir?

– Məncə, məsələyə yanaşma əvvəldən bir az yanlış olub. Hamı deyir ki, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll olunması… “Sülh yolu ilə həll” nə deməkdir? Rus dilində “reşeniye problem mirnım putyom” sözü “münaqişənin dinc yolla, danışıq yolu ilə həlli” deməkdir. “Dinc yolla həlli”ni ediblər “sülh yolu”. Sülh sonda gəlinən nəticədir. Nə vaxt torpaqlarımız düşməndən təmizlənəcək, oturub kağız üzərində anlaşma yapılacaq, onda sülh əmələ gələcək. İndi hələ torpaqlarımız işğal altındadır, gündən-günə də erməni aqressiyası artır. Azərbaycana təzyiq getdikcə daha da çoxalır. Öz içimizdəki ziddiyyətlər dərinləşir. Hansı sülhdən danşmaq olar? Bu gün qəzetlərdə oxuyuram: "Bakıda məcburi köçkünlər üçün çoxlu evlər tikiləcək". Ay  qardaş, qaçqınlar üçün Bakıda niyə ev tikirsən?  Abşeron Nuhun gəmisidi, bata bilər… Evi apar dağ rayonlarında tik. Qoy iş yerləri də artsın. Apar evləri Qarabağın sərhəd boyu yerlərində tik. Təmas xətti boyunca tik. Heç olmasa orda evindən çıxanda işğalda olan yurdlarını görə bilsin. Bu nə siyasətdir? Başa düşə bilmirəm.

Qaldı ki, Sülh Platformasına, deyim ki, Dağlıq Qarabada yaşayan ermənilər bizim vətəndaşlardır. Azərbaycan onlar üçün daima bir cazibə mərkəzi olmalıdır. Azərbaycan öz seçki sistemi, məhkəmə sisteminin ədaləti ilə, insan haqlarının qorunması ilə, həyat şəraiti ilə Dağlıq Qarabağ üçün cazibə mərkəzi olmalıdır. Amma bir erməni görəndə ki, sabah Bakıda bankda bir iş görüb ziyan çəkəcək, əlbəttə, bura marağı qalmaz. Təkcə savaşla deyil ki… Savaş ayrı məsələdir. Həyatın bütün sferaları üzrə onları savaşdan yayındırıb Azərbaycana doğru çəkməliyik. Yoxsa ki, bir jurnalisti gətir bura, bu gün bir söz deyəcək, sabah başqa söz…. Kim gətirib? Niyə gətirib? Hansı niyyətlə gətirib? Bu nə oyunbazlqdır? Onların arxasında kim dayanır? Özlərini də bəh-bəhlə təqdim edirlər. Bunların hamısı cəfəngiyyat və oyundur. Bu Platformanın sülh məsələsinə və erməni-azərbaycanlı xalqlarının yaxınlaşmasına aidiyyəti yoxdur.  Bu yaxınlaşma üçün başqa işlər görmək lazmdır. Mən müharibənin tərəfdarı deyiləm. Amma bu gün xalq diplomatiyasından çox hərbi diplomatiya işləməlidir. Ordumuz güclü olmalıdır. İndi qulağımıza çatan neqativ proseslər olmamalıdır.

– ÜAK-ın bağlanmasına münasibətiniz necədir? Bilirik ki, Azərbaycan diaspora təşkilatları ilə sıx əlaqədəsiniz. Sizcə, diaspora sahəsində əsas problemlər nədir?

– Daxilimizdə olan problemlər xaricə də təsir göstərir. Əvvəllər diaspora Cənubi Azərbaycandan və 2-ci dünya müharibəsindən sonra xarici ölkələrdə qalanlardan ibarət idi. Onların da Azərbaycana yönəlik, böyük sevgiləri vardı. İndi gedənlər sevgi əvəzinə nifrət aparırlar. Bu nifrəti xaricdə də bir-birinə ötürürlər. ÜAK-ın ləğvinin arxasında dəqiq nə dayanır, deyə bilmərəm. Mən Dünya Azərbaycanlıları Konqresinin həmsədriyəm. Görürəm ki, Konqresin də işinə nə qədər maneçilik var. Bəzi dövlət məmurlarına qalsaydı, bu Konqres çoxdan Azərbaycandan çıxmalı idi. Təki İrana desinlər ki, bizə aidiyyəti olmayan təşkilatdır. Bunu birtəhər qoruyub saxlayırıq. Nə qədər qarşılıqlı nifrət var, birləşdirmək çox çətindir.

– Diaspor təşkilatları yaşadıqları ölkələrdə özlərinin nufuzlu və parlaq şəxslərini təqdim edə bilmirlər. Nə üçün?

– Vaxtilə diaspora təşkilatları o məntiqlə yaranırdı. İndi isə  diaspora təşkilatlarına onu yaradanın öz adamlarını rəhbər  seçirlər. O adamın isə yaşadığı ölkədə, regionda, şəhərdə nufuzu olmur, təsadüfi adam olur. Bizim diasporanın ən böyük problemi bilirsiniz nədir? Erməni diasporası öz ölkəsinə yardım edir, bizimkilər dövlətdən yardım istəyir. Hara gedirsən, yardım istəyrlər. “Mənə filan şey tapın, bayraq gətirin…” A kişi, parça al, tik də…

Bir neçə il əvvəl erməni diasporu ABŞ-da marafon keçirib Qarabağ üçün  13 milyon dollar yığımşdı….

– Erməni diasporu əslində diaspor təşkilatı deyil. Onlar həmin ölkələrdə 500-600 ildir yaşayanlardır. O ölkənin vətəndaşlarıdır. Bizim gedənlər isə yetim-yesir, başını götürüb gedənlərdir. Ona görə bizimkilərin hələ bir-iki nəsli heç nə edə bilməz. İkincisi, kilsə bizim məscidlərdən fəqrli olaraq erməniləri davamlı olaraq milli xeyriyyəçiliyə sövq edib, yardım etməyənləri cəzalandırır. Bizdə o ənənə yoxdur. Əksinə, bizim varlılarımız millət yolunda bir qara qəpiyindən keçməz. Müğənni Filip Kirkorovun Bakıda konserti oldu. 26 min yer tutan “Avroviziya sarayı” ağzına kimi doldu. Təbrizdən gəlmiş aşıq-xanəndə Çingiz Mehdipurun Heydər Əliyev Sarayında konserti birtəhər, dəvətnamələrlə təşkil olundu. Nə üçün belə olub? Bunlar hamısı suallardır. Bu suallara isə məndən dəqiq cavab istəməyin. Hərçənd ki, sualların cavabını bilirəm. Amma ÜAK-ın bağlanmasına təəssüflənirəm. Çünki orada ciddi adamlar vardı.

– 1990-cı ildən bu yana 25 il deputat olmusunuz. Deputat stajınız ölkəmizin müstəqilliyinin yaşı qədərdir. Bu illər ərzində ölkəni qanunverici orqandan müşahidə etmək imkanınız olub. Bu illər yaddaşınızda necə qaldı?

– Bir həqiqəti deyim ki, deputat mandatını o vaxt da, sonra da özüm aldığıma görə həmişə mənə şirin olub. 1990-cı ildə daha həyəcanlı idi. Çünki sovet dövranı idi, kommunist rəhbərliyi bizə ögey adamlar kimi baxırdı. Mənə qarşı nomenklatura namizədliyimi verdiyim Xətai rayonunda çox ciddi müqavimət göstərirdi. 180 səs fərqini təsdiq edən bülletenləri büküb gizlətmişdilər. Sonra adamlar axtarıb o bülletenləri tapdılar. Beləliklə, mən çox çətinliklə olsa da, keçdim. Yadımdadır ki, həmin seçki vaxtı məni Naxçıvandan, Gəncədən, Göyçaydan, Yardımlıdan və digər yerlərdən namizədliyimi vermək üçün dəvət edirdilər. O zaman məqsədimiz Azərbaycanı SSRİ-dən qoparmaq idi. Biz qarşıda böyük siyasi proseslərin durduğunun fərqində idik. O proseslərin işirakçısı olacağımızı hiss edirdik, odur ki, çox həyəcanlı idik.

– Tarixi dövr üçün məsul olan şəxslərin ölkə və xalq qarşısında məsuliyyət hissini dərk etməsi mühüm amildir. Siz bu tarixi məsulyyəti daşıya bildinizmi?

– Həmin dövrdə Azərbaycan üçün lazım olan şeyləri etdik. Mən Ali Sovetdə “Demokratik Azərbaycan” deputat blokunun həmsədri idim. Müstəqillik məsələsinin səsə qoyulmasını götürün. Biz cəmi 25 deputat 360 deputatı məcbur elədik ki, bir çox sənədləri qəbul etsinlər. İndi o yoxdur. Arxayınçılıqdır. Yuxarıdan sənədlər gəlir, qəbul edirlər.

Hansı səhvləriniz olub?

– Qarabağ müharibəsinin qarşısını, torpaq itkilərinin qarşısını ala bilməməyimiz – bunların məsuliyyəti həm o vaxtkı iqtidarın, həm mxalifətin, eyni zamanda o vaxtkı Milli Məclisin boynundadır. Siyasi hakimiyyətə gəlmək üçün Qarabağ məsələsini gözardı edənlərin hamısının məsulyyəti var. O məsuliyyəti mən də hiss edirəm. Bəlkə də AXC hakimiyyətə gəlməyə tələsdi. Bəlkə də o məsuliyyəti yetkin olmayan qüvvə öz üzərinə götürməli deyildi. AXC-nin nufuzu güclü idi, parçalanmamalı idi. Bəlkə, partiya yaratmağımız artıq iş idi. Lakin mən əminəm ki, ölkədə vətəndaş həmrəyliyi çox vacib məsələdir. Çünki savaşı təkcə ordu aparmır, həm də cəmiyyət aparır. Onun həmrəyliyi isə uğurun əsas amildir. Məlumdur ki, Qarabağ danışıqlar yolu ilə qayıtmayacaq. Müharibə olacaq. O müharibəni udmaq üçünsə ölkədə vətəndaş birliyini təmin etməliyik.

Gələn il keçiriləcək prezident seçkilərində iştirak edəcəksiniz?

– Yox.

– Memuar yazırsınız?

– Yazıram.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi