Sabunçu İcra Hakimiyyətində jurnalistdən 5000 istədilər

Sabunçu İcra Hakimiyyətində jurnalistdən 5000 istədilər 

Tüpürdüm bu ideyaya, cəhənnəm olsun.

Tanınmış iqtisadi yazar Vüqar Mustafayev öz facebook səhifəsində Sabunçu rayon İcra Hakimiyyətində baş verən qanunsuzluqlar, bağ evi tikmək üçün ondan istənilən rüşvət və süründürməçilklə bağlı status paylaşıb. Jurnalistin statusundan da göründüyü kimi, Preziden İlham Əliyevin korrupsiyaya qarşı mübarizə siyasəti və məmurlara sərt xəbərdarlığı Sabunçu rayon İcra Hakimiyyətində qulaqardına vurulur, vətəndaşlar dövlətdən narazı salınır.


V.Mustafayevin statusunu olduğu kimi təqdim edirik:

“2015-ci ilin fevral ayından Bakı şəhərinin Sabunçu rayonu İcra Hakimiyyətində layihəsini təsdiq etdirməyə cəhd göstərdiyim bağ evinin inşası ideyasından vaz keçdim. İlk gündən icradan mənə layihənin pulsuz təsdiqlənməsinin mümkünsüzlüyü bildirilsə də, müəyyən şanslarımın olduğunu düşünürdüm. Lakin iki illik get-gəl təcrübəsi göstərdi ki, Sabunçu rayonunda tikinti layihəsinin təmannasız təsdiqi qəti mümkün deyil. 

Əvvəlcədən bildirim ki, Pirşağı bağlar sahəsində aldığım "kupçalı" (çıxarışlı) torpaq sahəsində ev tikdirmək fikrində idim. Layihəni də elə Sabunçu rayon İcra Hakimiyyəti nəzdində olan Lisenziyalı Konstruktor Bürosunda çəkdirmişdim. Yəni, sənədlər tam qaydasında olub. İlk görüşdəcə, Ədalət adlı şöbə müdiri belə evlərin layihəsinin təsdiq haqqının hər mərtəbə üçün 5000 AZN olduğunu bildirib və bu qiymətin rəhbərlik tərəfindən müəyyənləşdirildiyini qeyd edib. Sənədlərimin qaydasında, özümün isə KİV işçisi olmağıma baxmayaraq, Ədalət fikrindən dönməyib və bunun endirimli, yekun qiymət olduğunu bildirib. 

Məlumat üçün bildirim ki, eyni və qonşu ərazilərdə qanunsuz evlərin inşasının haqqı 1500-3000 AZN-dir. Yekunda məsələ uzandı, müraciətim köhnəldi, yenidən müraciət etməli oldum. Bu dəfə rəsmi məktubla cavab verildi ki, layihə ekspertiza üçün göndərilib Baksovetə (Bakı şəhər İcra Hakimiyyətinə). Baksovet isə yerli icradan əlavə sənədlər istəyib və mənimlə birlikdə sahəyə baxış keçirmək istəyib. Lakin mənə bununla bağlı xəbər verilməyib. Yekunda daha bir neçə ay itirdim. 

Sonradan qanunvericilikdə müəyyən dəyişikliklər edildi, layihəni təzələməli (4 dəfə) oldum. Yenilənmiş layihələrdə hər dəfə guya bir çatışmazlıq tapırdılar və bunları mənə bir-bir deyirdilər. Halbuki, hamısını birdəfəlik demək olardı. Nə isə, uzun sözün qısası, tədricən haqq düşdü 3000 AZN-ə, lakin saldım tərsliyimə.

Bütün bu problemləri dəfələrlə yazılı şəkildə bildirmişəm - prezident.az saytına, xeyri olmadı. Sabunçudakı oyun qaydalarını heç kim dəyişə bilməz!

İcra başçısının qəbuluna da düşə bilmədim, imkan vermədilər, mədəni şəkildə bildirdilər ki, pul çatmalıdır.

Sonda tüpürdüm bu ideyaya, cəhənnəm olsun. Görünür, bu ölkədə şəxsi sərmayələrə, bir neçə fəhlənin evinə pul aparmasına, tikinti materialları bazarının canlanmasına ehtiyac yoxdur. 

Əsas yırtıcı məmurların tox olmasıdır.

P.S. Məhkəmə yolunu məsləhət görə bilərsiz, amma artıq heç kimə inanmıram. Nə korrupsiya ilə mübarizə kampaniyasına, nə dövlətin xalq üçün olmasına, nə də ki, islahatlara. Köhnə beyinlər format olunmur!”


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər