Sahibkar qızı Arif Alışanovdan Mehriban Əliyevaya şikayət etdi
AzTV Qapalı Səhmdar Cəmiyyətinin(QSC) sədri Arif Alışanovun şikayəti əsasında həbs edilən Şamaxı rayon sakini Şücayət Əkbərovun qızı CəmiləTağıyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya müraciət edib.
Faktinfo.az Gununsesi.info-ya istinadən həmin müraciəti təqdim edir.
Hörmətli Mehriban xanım!
Atam Əkbərov Şücayət bu ilin yanvar ayının 16-da saxta ittihamlarla həbs etdirilib. Yüksək çinli məmur-oliqarx, Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Arif Alışanov saxta sübutlar tərtib etdirərək uzun illər biznes münasibətində olduğu atamın saxlanmasına nail olub. İddiasına görə, atam Ş.Əkbərov onun 4,6 milyon dollarını mənimsəmək məqsədilə guya sui-qəsd hazırlayıb. Əvvəla, Alışanovun milyonlarla dəyəri olan əmlakları atamın adına deyil, etibarnamə və çıxarışlarla onun yaxın “adamı” Hacı Babayevə məxsus olub. Alışanovun ölümü ilə aldığı əmlakların hamısı Babayevin mülkiyyətində qalacaq. Belə olan halda atamın Alışanovun əmlaklarını ələ keçirmək məqsədilə ona sui-qəsd cəhdi itihamı absurddur. Əslində, atamı həbs etdirməkdə AzTV sədrinin məqsədi ona olan 860 min manat borcunu qaytarmamaq, 1,3 milyon manat dəyərində aldığı torpaq sahəsinin verilməmiş qalan 1,2 milyon manatını ödəməmək, həmçinin ona, anama, eləcə də yaxınlarına məxsus 2 milyon manatlıq əmlaklarını əvəzi ödənilmədən ələ keçirməkdir.
Nəzərinizə çatdırım ki, atam həbsə qədər Şamaxı rayonunda torpaq alqı-satqısı sahəsində broker fəaliyyəti ilə məşğul idi. AzTV sədri Arif Alışanovla tanışlıqdan sonra 7 il ərzində onun Şamaxı ərazisində bəyənib istədiyi torpaq sahələrinin alınaraq sənədləşdirilməsinə yardım edib. İstintaq Alışanovun bazar dəyəri 5 milyon manat məbləğində torpaq aldığını təsdiqləyir. Bunun üçün müqavilə razılaşmasına uyğun olaraq atam müəyyən zəhmət haqqı da alıb.
Alışanov son 4 ildə Azərbaycanın Şamaxı rayonunda 185 hektardan çox torpaq sahəsi əldə edib və bu, faktdır, əmlakların dövlət reyestrindən çıxarışları mövcuddur. Bu daşınmaz əmlaklar onun qızları Nigar Əlişanova, Aynur Aşurbəyova, bacısı qızı Nilufər Cəfərova və qızının sürücüsü Hacı Babayevin adınadır. Həmin əmlaklar Alışanovun sifarişidir və çoxunu atamın vasitəçiliyi ilə satın alıb. Şamaxı rayonunun iki kənd və bir qəsəbəsində qızı Nigar Əlişanovanın ümumilikdə 20 ha torpaq sahəsi var. Alışanovun digər qızı Aynur Aşurbəyova da 2009-cu ilin fevral ayında 12 daşınmaz əmlak satın alıb. Aynurun da adına rayonun üç kəndindəüst-üstə 35 ha torpaq sahəsinin olduğu rəsmən təsdiqlənir. Alışanovun bacısı qızı Nilufər Cəfərovanın rayonda bütövlükdə 14 ha torpağı, ümumi sahəsi 1700 kv/m. olan daşınmaz əmlak kompleksi və fərdi yaşayış evi var. Arif Alışanovun qızı Nigar xanımın sürücüsünün Şamaxıda faktiki 113 hektar torpaq sahəsi mövcuddur. 3,5 ha torpaq da ailənin yaxını olan Arzu xanımın adınadır. Bunları da aşağı bazar qiyməti ilə hesablayanda 9-10 milyon manat civarında bir vəsait edir. Alışanovun hay-küy qaldırdığı əmlakı əslində, ən pessimist hesablamalarla söylənəndən ikiqat artıq dəyərdədir. Amma Arif müəllimin yaxınları onu dəyərindən xeyli ucuz (çox vaxt kv/m.-i 2-5 qəpik arası) rəsmiləşdirərək dövlət qurumlarını da aldadıb. Burada ciddi bir maxinasiya və dələduzluq da var.
Möhtərəm birinci vitse-prezident!
Alışanov və onun göstərişi əsasında hərəkət edən istintaqçılar təkcə atamı şərləyərək həbs etməklə kifayətlənməyiblər. Onun həbsindən dərhal sonra hərəkətə keçərək əmlaklarımızın cinayət yolu ilə əldə edilən pulla alınıb-alınmadığının istintaq və ya məhkəmə qaydasında müəyyən edilməsini gözləmədən, onların götürülməsi barədə prosessual sənədləşmə aparmadan atama, anama, mənə və qohumlarımıza məxsus 2 milyon manat dəyərində daşınar və daşınmaz əmlaklar hədə-qorxu yolu ilə əlimizdən alınaraq, əvəzi ödənilmədən Alışanovun qızı Nigar, sürücüsü Hacı Babayev, bacısı qızı Nilufər, qohumu və AzTV-nin əməkdaşı Camal Nəbiyev, eləcə də tanımadığımız digər şəxslərin mükiyyətlərinə keçirilib. Həm də bunu atamın həbsindən 10 gün sonra etdirib. Bunu bağlanan alqı-satqı müqavilələri sübut edir. Təsəvvür edin, atam həbsdədir, barəsində istintaq gedir, özü “içəri”də ola-ola polisin “təşkilatçılığı” ilə notarius şöbəyə gətirilir, əmlakının satılmasına dair ondan etibarnamə alınır. Ya da biz məcburi şəkildə notariusa götürülürük və olan-qalan əmlakımız Alışanovun qızları və bacısı qızının adına keçirilir. Baxmayaraq ki, anamla atamın nikahı 3 il əvvəl pozulub, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan anam Səlimə Sadıqovanın “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürdüyü, dəyəri 100 min manatdan artıq, 12 adda kənd təsərrüfatı avadanlıqlarını yağmalayaraq, özünün başqa rayonlardakı təsərrüfatlarında istifadə etdirir. Bunlar azmış kimi, fermer təsərrüfatında olan 246 baş iri və xırda buynuzlu heyvan, 400-dən çox ev quşu, anbardakı tonlarla taxıl da sənədləşmə aparılmadan talan edilib. Alışanovun sayəsində sahibkarlıq edən anamın işi indi iflic vəziyyətdədir.
Əmlaklarımızın Alışanov ailəsinin nəzarətinə keçməsi kobud qanun pozuntusudur. Talan polis-istintaq orqanının iştirakı və “xeyir-duası” ilə baş tutub. Baş Prokurorluq da bu buna göz yumub, olanları cinayət kimi deyil, mülki iş kimi qələmə verməyə çalışaraq ərizəmizin qəbulundan imtina edir. Aşkar cinayət törədilməsinə rəğmən Şamaxı və Samux rayon prokurorları da qanunvericiliyin və vəzifə səlahiyyətlərinin tələblərinə zidd olaraq hesab edirlər ki, əmlaklarımızın zorakılıqla ələ keçirilməsi mülki mübahisədir.
Alışanovun ailəsi Şamaxının 3-4 kəndini demək olar ki, satın alıb. Alışanov məmur olduğundan dolayı bütün ailəsini, qohum əqrəbasını və işçilərini də bu oyuna daxil edib. Əslində, mütəşəkkil cinayətkarlıq budur. Dövlətdən maliyyələşən bir televiziya sədrində bu qədər vəsait haradandır? Cənab Alışanovun aylıq məvacibi sədr kimi 1800 manatdır. Bir dövlət məmurunda bu qədər pulun onda olması şübhəlidir. O hesabla ittiham aktındakı məbləğ inandırıcı görünmür. Gərək AzTV sədri 200 il sərasər işləsin (həm də yaşasın) və yemədən, içmədən, geyinmədən o pulları toplasın ki, iddia olunduğu kimi bazar dəyəri 4,6 milyon manat təşkil edən əmlakı halal zəhmətlə qazandığıpul ilə ala bilsin. Alışanov Azərbaycan qanunlarında bir məmurun bizneslə məşğul olmayacağını bilə-biləəsassız ittihamı iləmilyonçu olduğunu rəsmi təsdiqləyir.
Qızlarının adına saysız-hesabsız əmlak aldığı illərdə o, millət vəkili idi. 2006-cı ildən də dövlətin 100 faiz səhmlərinə sahib olan bir qurumun başındadır və AzTV-nin maliyyə fəaliyyəti barədə ictimaiyyətə bir dəfə də olsun hesabat verməyib. Halbuki, Səhmdar Cəmiyyətlərin maliyyə hesabatları Mülki Məcəllənin tələblərinə uyğun ildə bir dəfə dərc edilməlidir. Necə ki, başqaları bunu edir. Fəaliyyəti şəffaf olmayan bu adamın həmin əmlaklara sahib olduğu zaman korrupsiya etmədiyini kim deyə bilər? Alışanov “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-yə rəhbərliyi dövrünü əhatə edən 12 il ərzində (2006-2017-ci illər) dövlət büdcəsindən hər il 30-40 milyon manat olmaqla indiyə qədər ümumilikdə 358,5 milyon manat birbaşa maliyyə yardımı alıb. Sərəncamında gündəlik təxminən 100 min dollar vəsait olub. Qlobal maliyyə böhranına baxmayaraq, bu il də büdcədən aldığı pul azalmayıb – 2017-ci ildə bu məbləğ 31,7 milyon manat təşkil edir. AzTV sədri indinin özündə hər gün 100 min manatdan bir az əskik pul xərcləyir. Amma necə xərclədiyi ictimaiyyətə bəlli deyil.
Hörmətli birinci xanım!
AzTV sədri kimi Arif müəllimin iştirak etdiyi satınalmalar xeyli müəmma təşkil edir. QSC-dən yüksək məbləğlərdə sifariş alan müəssisələrin çoxu yaranışından bir neçə ay sonra yoxa çıxıb. Jurnalistaraşdırmalarınagörə,AzTV–nintenderləriniqazanan “BroadcastPremierSolitionsLtd“, “PolygonEurasiaLimited“, “SandlerExpertLimited“, “QuattroTechnologiesİnc“, “DigiflexTechnicsLLP“, “GentechFze“, “RubiconGeneralTradingLLC“, “Engineering & NetworkSystemServiceslTD”, “A–TTradeMusic” “AlsatecLLP“, “PolygonEurasiaLimited” kimioffşorzonalardayaradılan, ünvanı, web–saytı, təsisçisinin kimliyi bəlli olmayan bu xarici şirkətlərin dolayısıyla Alışanovun özünə məxsus olduğu deyilir. Alışanov dövlətin hər il QSC-yə ayırdığı 30-40 milyon manatın əhəmiyyətli hissəsini kimsənin tanımadığı bu şirkətlər vasitəsilə ölkədən çıxarır. Bunları gedib yerindəcə araşdırmaq hüquq-mühafizə orqanlarının əməkdaşları üçün problem təşkil etməz. Özünüz təhlil edin, bir məmurun qızlarının, sürücüsünün adına nə qədər əmlak ola bilər? Atamın vasitəçiliyi ilə aldığına görə onların adına 70-ə yaxın reyestrdən çıxarış elə məndədir. Qalanlarını Allah bilir.
Atam iki dəfə ürək əməliyyatı keçirib, ağır xəstədir. Həbsxana şəraitində onun səhhəti daha da ağırlaşır, intensiv müalicə əvəzinə heç bir səbəb olmadan ağır cinayətlərdə ittiham olunur. Alışanov istintaq orqanlarındakı dayaqlarını dövrəyə ataraq xəstə atama, bizə etdiyi zülmü durdurmur. Keçmiş iş yoldaşı və dostu Respublika Prokurorluğunun mühüm işlər üzrə böyük müstəntiqi Kamal Talıbovun əli ilə atama Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri üzrə əsassız, qərəzli, sifarişli və tamamilə qurma cinayət işi açılmasına nail olub. AzTV sədri ilə yaxın münasibətləri olan müstəntiq Talıbov hazırda istintaqı birtərəfli və qərəzli aparır, atamın əleyhinə həqiqətə uyğun olmayan ifadələr alır, prosesin gedişindən şikayət etməməsi üçün ona hədə-qorxu gəlir. Əks-təqdirdə iki dəfə ürək əməliyyatı keçirmiş və səhhəttində ciddi problemlər olan atamı tibbi yardımsız qoyacağı ilə hədələyir.
Əziz Mehriban xanım!
Bizə qarşı bu zülmün ancaq Sizin tərəfinizdən dayandırılacağına ümid edirəm. Sizdən son dərəcə xahiş edirəm, hüquqlarımızın daha artıq tapdanmasına imkan verməyəsiz, bu işin ədalətli, qərəzsiz araşdırılması, atamın azad olunması, yağmalanan əmlaklarımızın geri qaytarılması, bizə qarşı tətbiq olunan repressiyaların dayandırılmasına, qanunları tapdalayanların və onların havadarlarının cəzalandırılmasına göstəriş verəsiniz.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın