“Şair Moşu”nun dizüstə qoyduğu poeziyaya Elza zərbəsi - Və ya AYB-nin növbəti anormal qərarı

“Şair Moşu”nun dizüstə qoyduğu poeziyaya Elza zərbəsi - Və ya AYB-nin növbəti anormal qərarı 

Neçə gündür, hövsələmi basıram, gözləyirəm, bu mənasız polemika bitsin, getsin və bu mövzuda həqiqətdə nə fikirləşdiyimi yazıb tərəflərlə üz-göz olmayım.

Amma görürəm ki, yox, söhbət böyüdükcə böyüyür, şaxələnir, artıq Elza Seyidcahanı müdafiə edənlərlə Elza Seyidcahana hücum edənlərin özlərinin də tərəfdarlar, təəssübkeşlər qrupu əmələ gəlib və ən pisi, anormallıqlar dal-dala calanıb.

Bu yerdə böyük Sabir demişkən, vəzifəm budur ki, əşar yazmasam da, gördüyüm nikü-bədi eyləyim izhar, yazım.

Başlayaq anormallıqlar zəncirinin birinci həlqəsindən.

1. Elzanın şeir adı qoyaraq nəsə yazması anormallıqdır – qızdırmalı adamın sayıqlamaları kimi bir şeydir;

2. Onun yazdıqlarının şeir kimi qələmə verilməsi anormallıqdır – şeir elə olmur, necə olması barədə milyonlarla nümunə var;

3. Xanımın yazdıqlarını şeir kimi dərc etmək, tirajlamaq anormallıqdır – bu, həm oxucu zövqünü korlayır, həm də şeir kimi incə bədii sənət növünü plintus səviyyəsinə salır;

4. Bu gözəl bəstəkarın, musiqiçinin şair kimi təqdim olunması anormallıqdır - əsl sənətinin peşəkarı olan qadın poeziyanın mürdəşiri, qəbirqazanıdır;

5. Onun Yazıçılar Birliyinə üzv qəbul edilməsi anormallıqdır – bu, sovet dövründə milli şüurun oyaq tutulmasını öz üzərinə götürərək, ictimai-siyasi təşkilat rolunu oynayan birliyin uşaq-muşağın lağlağısı predmeti olmasına səbəb oldu;

6. Elzanın AYB-yə qəbul edilməsinin dünyada gedən bütün siyasi hadisələri, o cümlədən Rusiya-Ukrayna müharibəsini, ABŞ-Çin qarşıdurmasını, Türkiyə-NATO-İsveç gərginliyini, İlon Maks – Mark Zukerberq ixtilafını, Priqojin-Putin davasını üstələməsi anormallıqdır  onun bir və ya beş birliyə eyni gündə üzv olmasının xalqın güzəranına, gələcəyinə, hətta Siyəzən yumurtasının qiymətinin 1 qəpik dəyişməsinə belə heç bir təsiri yoxdur.

7. Bəstəkar xanıma ictimailəşdirdiyi hobbisinə görə bu qədər rişxənd etmək anormallıqdır – onun bu həvəsini ciddiyə almamaq, ciddi sifətlə “şeiri boş burax, sən yaxşı musiqiçisən” demək kifayət idi ki, xanım yavaş-yavaş həqiqətin nədən ibarət olduğunu anlasın.

8. Bəzi şairlərin, yazıçıların Elza Seyidcahanı bu şəkildə, amansız hökm kəsilmiş dissidenti müdafiə edərcəsinə müdafiə etməsi anormallıqdır – o, 1000 ildən bəri insanların zövqünü oxşayan, onlara fəlsəfi fikirlər aşılayan poeziyanı təzək edib divara vurub. Yüz minlərlə insan artıq şeirə məzə predmeti, şairlərə dəli kimi baxır.

9. Bu söhbəti gündəmdən düşməyə qoymamaq, teledebat mövzusu etmək və bu müstəvidə insanları xoruz kimi döyüşdürmək anormallıqdır – təhsildən tutmuş səhiyyəyə, iqtisadi məsələlərdən başlamış regional təhlükəsizliyə, kriminogen durumdan ta ailə institutunun deqradasiyasına qədər müzakirə olunmalı 47 mövzu var.

10. Elza Seyidcahana qarşı olanlarla ona qahmar çıxanların bir-birini təhqir etməsi anormallıqdır – bu, heç də demokratiya-diktatura, millətçilik-kosmopolitizm, mühafizəkarlıq-müasirlik, şəriət-sekulyarizm mübahisəsi deyil ki, həqiqətin harada olduğunu sübut etmək üçün ucundan tutub ucuzluğa gedək. Bu, adı üstündə olan bir şeydir.

Bəli, bu xüsusda bu qədər anormallıqlar var, hələ detallara varsaq, daha pis yerlərə gedib çıxacağıq.

Bir dəfə “28 Mall” alış-veriş mərkəzinin kişi-qadın paltarları satılan mağazasında özüm görmüşəm. Telefonuna baxan satıcı qızlardan biri mağazada Burak Özciviti görübmüş kimi həmkarlarına qışqırdı: “Ay qızlar, Elzanın təzə şeiri çıxıb!!!” Ən qəribəsi o oldu ki, 4-5 qız dərhal gülə-gülə onun başına toplaşdılar və qəhqəhə içində hansısa saytın mobil versiyasında dərc olunmuş şeyi oxumağa başladılar.

And içərəm ki, o qızlar müasir şairlərin ən məşhurunu, məsələn, Ramiz Rövşəni tanımırlar, Məmməd Arazı “Dünya mənim” mahnısına görə tanıyırlar, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin adını isə orta məktəb dərsliklərinə oxuyublar. Amma Elzanın yazdığı nəyisə qaqqıldaşa-qaqqıldaşa oxuyurdular və uğunub gedirdilər.

Sizə, bizə bu cür ələ salınan şeirlər lazımdır? Onsuz da dramaturq Vaqif Səmədoğlu “Bəxt üzüyü” pyesindəki “şair Moşu”su ilə poeziyanı ümumxalq məzhəkəsi eləmişdi, ondan qalan canı da Elza alır, görmürsünüz?

İndi deyirlər ki, bu da onun stilidir, avanqard üslubdur. Biri gəlib ailə-uşaq yanında o “avanqard stil”də yazılmçı şeylərdən misal gətirər, xəcalətdən adam yerə girər.

Əsl şeir necə olur, parlaq nümunələr var, çoxunuz bilirsiniz. Belə olur:

Nizami:

Gəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.

***

Nəsimi:

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.

***

Füzuli:

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

***

Vaqif:

Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan, nə şanədəndir.

***

Seyid Əzim Şirvani:

Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb,
Bu nə rəftardır ol sərvi-xuramanımda?

***

Nəbati:

Səba, məndən söylə o gülüzara,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşgünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?

***

Abbas Səhhət:

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.

***

Hüseyn Cavid:

İblis nədir? Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir? İblis...

***

Əli bəy Hüseynzadə:

Ucundadır dilimin həqiqətin böyüyü
Nə qoydular deyəyim, nə kəsdilər dilimi.
Ayıltmadı qələmim bu türk ilə əcəmi.
Nə qoydular yazayım, nə qırdılar qələmi.

***

Mikayıl Müşviq:

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdə
n kam alaydıq,
Sizə qonşu olaydıq.

***

Səməd Vurğun:

Əzəldən belədir, çünki kainat,
Cahan daimidir, ömur amanat.
Əldən-ələ keçir vəfasız həyat.
Biz gəldi-gedərik, sən yaşa dünya!

***

Əliağa Vahid:

Səbr eylə könül, möhnəti hicranə tələsmə,
Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.

***

Məmmədhüseyn Şəhriyar:

Heydərbaba, yolum sənnən kəc oldu,

Ömür keçdi, gələmmədim, gec oldu

***

Bəxtiyar Vahabzadə:

Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!

***

Məmməd Araz:

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.

***

Əli Kərim:

Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı.

***

Nüsrət Kəsəmənli:

Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə...

***

Baba Pünhan:

Ac balasın basdı yanan bağrına,
Tutdu gözün qan, gecələr ağladi.

***

Ramiz Rövşən:

Mənim balam, bu dünyayla oynama,
Sən cavansan, dünya qoca dünyadı...

***

Bəxtiyar Hidayət:

Ağır sözü yüngül adam götürər,
Ağır sözü ağır adam götürməz.

Minlərlə belə gözəl misralar var. Sizə şeir lazımdırsa, götürün, oxuyun. Yox, lağlağı eləməyə, şəbədə qoşmağa, mırt tutmağa, məzə partlatmağa söhbət lazımdırsa, bunu adına “şeir” deyilən şeylərlə etməyin. “Çıldırmış şairlərin titrəyən misralarında bəhs etdiyi o pəri”dən ayıbdır.

Samir SARI /musavat.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər