Saz-söz sənətinin nəhəngi

Saz-söz sənətinin nəhəngi 

Aşıq xalq sənətkarıdır. Onun gücü, qüdrəti, şöhrəti xalqdadır. Müxtəlif tarixi mərhələlərdən keçmiş aşıq sənəti xalqımızın əski və zəngin tarixində, bu tarixin çarpaşıq yollarında onun mənəvi dünyasına bədii təfəkkür və mədəniyyətinə etibarlı dayaq olmuşdur.

Aşıq sənəti xalqın ruhundan doğmuş, onun mənəviyyatından qidalanaraq inkişaf etmişdir. Dədə-Qorqud köksündəki qopuz zaman-zaman cilalanmış, sədəflənmiş, pərdə-pərdə üstünə gəlmiş, tel üstünə tel gəlmişdir. Son yaxın keçmişimizin yadigarı olan Aşıq Ələsgər müasirimizdir. Bu bitməz, tükənməz xəzinəni qiymətli əsərləri ilə zənginləşdirən, öz sənət naxışları ilə zinyətləndirən xalqımızın sevimli ustadı Aşıq Ələsgərdir. Aşıq Ələsgərin köksündəki Ana saz, ana laylası kimi nəsillərə layla çalmış, igidlərimizi döyüşə çağırmışdır. Aşıq Ələsgər yazılı və şifahi ədəbiyyatımızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən qeyri-adi səsi və çalğısı, saz-söz sənətkarı kimi öz məktəbini yaratmışdır.

Bir sözüm var sana pünhan deməli,

Qail olsan, deyim, gül, sana qurban!

Nə müddətdir həsrətini çəkirəm,

Söyləyim, dərdimi bil, sana qurban!


Cünun olduğumu hər mahal bildi,

Dərd məni söylədi, düşmanlar güldü.

Bivəfa qızlardan canım üzüldü,

Eylərəm canımı dul, sana qurban!


Ələsgəri gözdən qoyma uzağa,

Könül tab gətirməz dərdə, fərağa.

Leyli kimi vədə versin bulağa,

Məcnunam, gözlərəm il, sana qurban!

Hələ kiçik yaşlarından aşıq sənətinə böyük maraq göstərən, şeirlər yazan Aşıq Ələsgər daşa dəymiş sevgi acısında çox erkən yanmış, öz uğursuz eşqinə ölməz nəğmələr söyləmişdir. “İncimərəm”, “Üzün bürümə”, “Qanan ola”, “Yavaş get”, “Dönübdü” kimi nəğmələri ilə yaşadığı ömrü boyu öz sevgisinə yas saxlamışdır.

Dilimizdə, saz-söz sənətində Aşıq Ələsgərin sənəti və yaradıcılığı ilə bağlı müxtəlif rəvayətlər, tarixi həqiqət kimi qələmə alınan çoxçeşidli epizodlar mövcuddur.

Aşıq Ələsgərin şeiriyyatında Vətənin təbii gözəlliyi, zənginliyi insanın hissləri ilə qovuşur. Sənətkarın yaradıcılığında qoşma, gəraylı, təcnis, müxəmməs, bağlamalar, dodaqdəyməz, divanilər, qoşayarpaq əbədi bədii himn kimi ədəbiyyatımızda yaşamaq hüququ qazanır.

Aşıq Ələsgər yüksək ifaçılıq mədəniyyətinə malik ustad sənətkar kimi zaman-zaman yaddaşlarda qalacaqdır.

Fuad İsgəndərov 

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi