Seçici sayında kəskin fərq nə ilə bağlıdır? – MSK-dan və ekspertlərdən açıqlama
2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə müqayisədə qarşıdan gələn növbədənkənar parlament seçkilərində seçici sayında kəskin fərq olacaq.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarında dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici sayı 4 972 356 göstərilmişdi.
Halbuki, qurumun hazırda saytında seçici sayı 5 milyon 212 nəfərdən çox göstərilir. Üstəlik, Dövlət Statistika Komitəsinin (DSK) hesablamasına görə, ölkədə yaşı 18-dən yuxarı olan şəxslərin sayı 7 milyon civarındadır. Belə olan halda bir sıra müşahidəçiləri belə bir sual düşündürür ki, seçici siyahıları nə dərcədə real mənzərəni əks etdirir.
Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov “Azadlıq” radiosuna deyib ki, bələdiyyə seçkilərində seçici sayındakı kəskin fərq Azərbaycanın işğal altındakı ərazilərində prosesin keçirilməməsi və həmin seçicilərin ümumi saya (yəni, 5 milyon 212 min nəfər) daxil edilməməsi ilə bağlıdır.
Amma ekspert hesab edir ki, istər MSK-nın, istərsə də DSK-nın göstərdiyi rəqəmlər gerçəkliyi əks etdirmir, elə problem də buradan başlayır: “DSK çalışır ki, ölkədə əhali sayını daha çox göstərsin. Əhalinin 2019-cu ildə siyahıya alınması da real hallara uyğun aparılmayıb. Bu bir daha göstərdi ki, çox yerlərdə heç adamlarla görüşməyiblər”.
H.Həsənova görə, digər tərəfdən MSK köhnə siyahı ilə işləyir, seçici siyahıları reallığı əks etdirmir: “Buna rəsmi mövqe və izah verilməlidir”.
H.Həsənov deyir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) seçkiləri müşahidə etdiyi vaxtlarda seçici siyahıları daim kəskin tənqid edilib: “Amma təəssüf ki, seçici siyahısı ilə bağlı hökumət, MSK araşdırma aparmayıb və bu məsələyə rəsmi aydınlıq gətirilməlidir”.
Vətəndaş Hüquqları İnstitunun rəhbəri Bəşir Süleymanlı da hesab edir ki, bu fərqin əmələ gəlməsi 7 dairədə bələdiyyə seçkilərinin keçirilməməsi ilə bağlıdır. MSK ilə DSK arasında seçici sayındakı fərqə gəlincə, B.Süleymanlı deyir ki, illərdir bu məsələ MSK qarşısında qaldırılır: “Əvvəllər fərq 200-300 min nəfərdən başladı, hazırda 2 milyon nəfərə yaxındır. Buna da rəsmi olaraq doğru-dürüst açıqlama vermirlər. Bunun nədən yarandığını da izah etmirlər”.
B.Süleymanlı hesab edir ki, seçici sayının düzgün alınmaması əhalinin siyahıya alınmasının düzgün aparılmamasından qaynaqlanır: “Keçən il əhalinin siyahıya alınması keçirildi. Xeyli sayda insanlar, bunların arasında məşhurlar da var idi, bildirirdlər ki, siyahıya alınmayıblar. Odur ki, bu rəqəmlərin çoxu doğru-düzgün rəqəmlər deyil. Bu rəqəmi nəyə əsasən göstəriblər, o da bəlli deyil. Buna görə də MSK ilə DSK-nın seçici sayı göstəricləri arasında ciddi fərq yaranır”.
B.Süleymanlı hesab edir ki, hökumət bu fakta düzgün qiymət verməlidir: “Belə olduqda isə ölkədə əhali sayının 10 milyon nəfər olmasının saxtalığı etiraf edilməlidir. Odur ki, “kim haqlı sualı”na cavab verilmədiyi üçün məsələ belə qeyri-müəyyən qalır”.
MSK-dan da “Turan” agentliyinə deyiblər ki, dekabrın 23-də işğal faktı ilə bağlı 7 dairə üzrə seçkilər keçirilməyib, həmin dairələr üzrə seçicilər nəzərə alınmayıb, seçici siyahısındakı fərq bundan irəli gəlib. 1988-ci ildə başlanan Qarabağ münaqişəsi gedişində Azərbaycanın təqribən 20 faiz ərazisi işğal edilib. Bura Dağlıq Qarabağ və onun ətrafında 7 rayon daxildir. O ki qaldı MSK ilə DSK-nın məlumatlarının üst-üstə düşməməsinə, məsələnin bu tərəfi ilə bağlı suallara, artıq cəmiyyət illərdir ki, cavab axtarır.
Ötən ilin mayında Azadlıq Radiosu bununla bağlı Dövlət Statistika Komitəsinə müraciət edib. Mətbuat xidmətindən bu sualı cavablandıra bilməyəcəklərini söyləyərək başqa şöbəyə yönləndirsələr də, ordan da açıqlama almaq mümkün olmamışdı. Agentliyin əməkdaşına sualı yazılı ünvanlamağı tövsiyə edib və 7 gün ərzində cavab veriləcəyini bildiriblər. Amma bunun da nəticəsi olmamışdı.
Mərkəzi Seçki Komissiyasından isə “Turan” agentliyinə bildirmişdilər ki, əhalinin bütünlükdə qeydiyyatı ilə seçici sayı fərqli məsələlərdir: “Əhali qeydiyyatı belədir ki, ölkə ərazisində anadan olan kimi vətəndaş kimi reyestrdə qeydə düşür”.
Komissiyadan habelə deyilib ki, seçici sayına müxtəlif amillər təsir edir - vətəndaş ölkədən gedə, seçki dairəsini dəyişə, yenisində qeydiyyata düşənə kimi fasilə yarana bilər.
Bu xəbər üçün şərh yazın