ŞƏHİD ANASINDAN OĞLUNA: “Oğlumu ölümsüz bilirəm, amma hər ehtimala ehtiyyatlı ol”-Foto
Şəhid MAHMUD NAMAZOVUN ad gününə - FUAD İSGƏNDƏROV yazır
Tarixdən, bəlli zamanın bu günümüzə qədər gətirdiyi və süzgəcindən keçirdiyi münaqişələr, o cümlədən ikinci Qarabağ savaşı bir daha subut etdi ki, vətənə dar gündə mərd oğullar gərəkdir. İmperiya buxovundan xalqlar azad olsa da, sərhədlərinin yağmalanmış vəziyyəti müstəqilliyini təhdid edir. Belə bir təhlükəli nümunə müstəqil Azərbaycan Respublikası üçün də vardı. Çünki, Sovetlər Birliyinin süqutunu həzm edə bilməyənlər, SSRİ-nin keçmiş sərhədlərinə qayıtmaq üçün yaratdıqları regional münaqişələrin həll olunmasını istəmirdilər. Bəzi keçmiş postsovet respublikalarında olan oxşar nümunələrdən biri də Azərbaycanda Qarabağın işğalı ilə qalırdı.
30 ilə yaxın müddətdə həllini tapmamış bu münaqişə artıq son illər Müstəqil Azərbaycan Respublikasının suverenliyinə, onun ərazi bütövlüyünə təhdid olaraq qalırdı, cəsarətimizi də sınağa çəkirdi. Bu əsasda erməni separatçıları Şuşanı Qarabağın paytaxtı elan edəndə əsəblər tarıma çəkilmişdi. İşğal altında olan ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparan Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyan, eləcə də ermənistanın baş naziri Nikol Paşinyan baş terrorist kimi danışırdılar. Paşinyanın müxtəlif ölkələrdən təmsil olunan jurnalistlərin qarşısında: “Tarix Azərbaycan kimi qorxaq bir dövlət görməyib. Qorxaq bir dövlətin qarşısından niyə çəkinməliyik?” - deyəndə Azərbaycan xalqı, onun prezidenti bir daha əmin oldu ki, Paşinyan və onun himayədarları işğal etdikləri Qarabağı danışıqlar yolu ilə qaytarmayacaqlar. Əksinə, onun səsləndirdiyi fikirlərinə müxtəlif zamanlarda işlətdiyi yaxın mənalı digər ifadələrini də əlavə etdikdə, sətiraltı anlaşılırdı: “Bacara bilirsinizsə, tarixi torpaqlarınız olan Qarabağı alın, əks təqdirdə verəsi deyilik...”
Bəli, belə vəziyyətdə Azərbaycanın mərd oğlanlarının üzərinə böyük məsuliyyət düşürdü - “Öldü var, döndü yoxdu”. Artıq Qarabağ münaqişəsi sülh yolu hesab edilən orbitindən çıxıb, Azərbaycan oğulları üçün namus, qeyrət, şərəf statusunda yuxuları ərşə çəkmişdi.
Əsəbləri tarıma çəkilən, zəncir “gəmirən” fikirləri hər gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə hakim kəsilən gənclərdən biri də Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olmuş Namazov Mahmud Ələsgər oğlu idi.
Müddətdən artıq hərbi qulluqçu olan Mahmud Namazov 27 sentyabr 2020-ci ildə erməni separatçılarının Azərbaycanın Tərtər rayonu istiqamətində həmlələrinin dəf edildiyi ilk günlərdə Qazax batalyonundan aktiv döyüş mövqelərinə göndərilir. O, Tərtər, Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak edir. Döyüşlərin daha intensiv fazasına daxil olan Füzuli rayonunda vuruşur.
Bu rayonu erməni separatçıları, onların havadarları alınmaz bilirdilər. Füzulidə ermənilər tərəfindən kilometrlərlə qurulmuş istehkamlar, yeraltı blindajlar qəvi düşmən və patronajlarında əminlik yaratmışdı ki, bu rayonun geri qaytarılması aylarla vaxt alacaq və ya mümkün olmayacaq. Əslində Füzuli uğrunda döyüşlərin ilkin günlərində erməni tərəfinin açıqlamaları, onların imperialist havadarlarının fikirlərində üst-üstə düşən məqamlar çox idi. Bütün bunlara baxmayaraq, Azərbaycan ƏSGƏRİ ermənilərin illərlə yaratdığı hərbi mifi Füzuli rayonunu qısa müddətdə işğalçılardan azad etməklə dağıtdı.
Füzuli uğrunda gedən gərgin döyüşlərdə ŞƏHİD olan əsgərlərimizdən biri də Mahmud Ələsgər oğlu Namazov oldu. Taleyinə şəhid olacağı yazılan bu gəncin arzuları vardı. Bütün arzuları isə Qarabağın erməni terrorçularından azad olunmasından sonra gəlirdi. Arzuların alisinə qovuşdu Mahmud. O, şəhidlik zirvəsinə yüksəlməklə ölümsüzləşdi.
“OĞLUMU ÖLÜMSÜZ BİLİRƏM, AMMA HƏR EHTİMALA EHTİYYATLI OL”.
Qızğın döyüşlərin birindən sonra Mahmud Namazov kəndə zəng edir, valideynləri ilə hal-əhval tutur. Danışıq zamanı Mahmud anası Gülsənəm Namazovaya bildirir ki, darıxmasın, yaxın zamanda daha bir rayonla bağlı qələbə xəbəri eşidəcəklər. Bir müddət sonra o, məğrur Azərbaycan əsgəri kimi kəndə qayıdacaq. Anası Gülsənəm Namazova isə Mahmuda: “Oğlumu ölümsüz bilirəm, amma hər ehtimala ehtiyyatlı ol” - deyir.
Qədim yunan inanclarına görə, Olimp dağlarında yaşayan Fetida adlı su ilahəsi oğlu Axillesi körpə ikən yeraltı səltənətdən keçən çayların sularına salmışdı. Çayın suyu insanın bədəninə dəydiy üçün ona qılınc, atılan ox təsir etməzmiş. Fetida buna görə oğlu Axillesi ölümsüz bilərmiş... Bu rəvayətdən əsrlər, qərinələr keçib. Tarixdə rəvayət deyil, Axillesin döyüşkən ruhu, onun adına yazılan kitablar, çəkilən filmlər qalıb. Bunlar onun adını yaşadıb, ölümsüz edib. İndi yunanlar onunla bağlı danışarkən nə rəvayəti, nə onun zəif yeri olan dabanını nəzərə alırlar. Onlar tarixi köklərə, milli mənsubiyyətə dayanıb, Axillesi milli qəhrəmanları səviyyəsində səciyyələndirirlər. Budur, Axillesi ölümsüz edən faktor.
Bəli, GÜLSƏNƏM ana, siz MAHMUDu ölümsüz bilməkdə haqlısınız. Bu mövzuda tarix təkzibolunmaz faktlarla doludur, QƏHRƏMANLAR ÖLMÜRLƏR. Onlar haqqında məqalələr, kitablar yazılır, flimlər çəkilir. Bununla da, ölümsüzləşirlər. Çünki, Mahmud Namazov kimi qəhrəman oğullar vətən, onun ərazi bütövlüyü, sərhədlərinin tamlığı üçün vuruşaraq ÖLÜMSÜZLƏŞDİLƏR,əbədiyyətə qovuşdular. Onlara realizmin ovqatı hakim kəsildi və düşməni pərən-pərən edərək terrorçuların, onların havadarlarının alınmaz qala hesab etdiyi FÜZULİ rayonu uğrunda səlnamə yazdılar, ALLAHIN şəhadətinə qovuşdular.
Azərbaycan dramaturqu, dahi mütəfəkkiri Hüseyn Cavid demişkən: “Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli” frazasında illər sonra qəhrəman səviyyəsində səciyələndirilmələri üçün döyüşə-döyüşə özləri öz tarixlərini yazdılar, ŞƏHİD olub, yollarını müəyyənləşdirdilər.
Bu gün AĞSTAFA rayonunun QIRAQ KƏSƏMƏN KƏNDİNDƏ ad günü qeyd edilən ŞƏHİD MAHMUD NAMAZOV da ümummilli səviyyədə adını indeksləşdirdi. Şəhidlik zirvəsinə yüksəlməklə, özündən sonra Azərbaycan gəncliyinə - tarix xəyal quranları deyil, tarixi anı gerçəkləşdirənləri tarixdə saxlar - demiş oldu.
ALLAH rəhmət eləsin!
Fuad İsgəndərov
Faktinfo.az saytının baş redaktoru
Bu xəbər üçün şərh yazın