Şəhid xanımından Prezidentə MÜRACİƏT: - “Bizimlə maraqlanmırlar”
Təəssüf ki, şahid və qazi ailələrinə hələ də lazımi qayğı göstərilmir. Artıq onların əzizləri bu barədə dövlət başçısına müraciət etməyə başlayıblar. Ağstafa rayon sakini, şəhid Elşən Piriyevin həyat yoldaşı Nazpəri Piriyeva da, nəhayət, ümid yerini Prezidentdə tapıb.
Nazpəri xanım müraciətində aidiyyəti qurumlardan heç birinin onunla maraqlanmadığını bildirib. Şəhid xanımı, həmçinin əlavə edib ki, Gürcüstan vətəndaşı olduğuna görə, rəsmi nikaha girə bilməyib. Bu da bir sıra hallarda müvafiq qurumların əlində “bayraq” olur. Amma təəssüf. Çox təəssüf...Necə ola bilər ki, onların sayəsində qələbə sevinci yaşadığımız insanların ailələrinə etinasız yaşadaq?! Bunu nəinki bəndə, heç Allah da götürməz.
Qarabağ müharibəsi qazisi Natiq Mehdiyev şahid xanımının Prezidentə müraciətinə dair fikirlərini Sherg.az -la bölüşdü. Onun sözlərinə görə, belə bir hal rayonun vəzifəli şəxsləri üçün üz qarası olmalıdır:
“Vətən darda olanda hərbçilər, insan darda olanda Allah yada düşür. Vətən müharibəsi dövründə qəhrəman əsgər və zabitlərimiz həm vətənimizi, həm də arxa cəbhədəki insanlarımızı qorudular.
Niyə savaş bitəndən sonra hərbçilərimiz unudulur?! Prezidentimizin təşəbbüsü ilə şəhid və qazi ailələrinə kömək məqsədilə YAŞAT fondu yaradıldı. Lakin müvafiq qurumlar məsuliyyəti boyunlarından atır və elə bilirlər ki, hər işlə YAŞAT fondu məşğul olmalıdır. Amma belə deyil. Əgər kənddə bir adam narazıdırsa, deməli, yerli sakinlərin hamısı, xüsusilə səlahiyyətli şəxslər qatildirlər”.
N.Mehdiyev, həmçinin dedi ki, bu günün sabahı da var:
“Erməniləri hər birimiz tanıyırıq. Onlara etibar etmək olmaz. Sabah yeni müharibə başlaya bilər. İndi şəhid, qazi ailələrinə qayğı ilə yanaşmaq lazımdır ki, növbəti analoji hadisə zamanı onların qardaşları, qohumları vətəni müdafiə etsinlər”.
Bu xəbər üçün şərh yazın