Səlim Müslümov xalqı hakimiyyətdən necə narazı salırdı ? -O,ölkəmizə sanki başqa planetdən gəlmişdi
Bu gün insanların razılıqla qarşıladıqları məsələlərdən biri sabiq nazir Səlim Müslmovun vəzifəsindən çıxarılmasıdır."Səlim Müslümov 2 milyard mənimsəyib?", "DSMF-də yoxlama aparılıb: ciddi nöqsanlar üzə çıxdı" və.s başlıqlı yazılar da medianın gündəmini əməlli-başlı zəbt edib.
Qaldı sabiq nazirə, o 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunanda kameralar qarşısında elə danışmağa başladı ki, onu tanımayan hesab edərdi ki, S.Müslümov ölkəmizə ayrı bir planetdən gəlib. Bir həftə sonra isə nazirlikdə keçirdiyi kollegiya iclasında elə bir rola girdi ki, guya bundan şəffaf şəxs yoxdu. Hərəkətlərindən və tərzindən belə anlaşılırdı o,nazir olana qədər Dövlət Sosial Müdafiə Fondunun sədri kimi ay ərzində sahibkarların, müəssisə və təşkilatların, fiziki və hüquqi şəxslərin DSMF-lərə ödədikləri milyonlarla manat aylıq vəsaitlərin mənimsənilməsinə, təqaüdə çıxan vətəndaşlardan pul almağa şərait yaradılmasına, o cümlədən digər qrup vətəndaşlara 4-5 min manat qarşılığında təqaüdün verilməsi üçün staj yazılmasına şərait yaradan bu şəxs deyilmiş.
Və məlum kollegiyada onlarla Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin direktorları ayağa qaldırılaraq, danlanıldı,14 Tibbi Sosial Ekspert Komissiyasının sədri yerindəcə işdən azad olundu, hətta onlara son sözlərini deməyə belə imkan verilmədi. Bir ay sonra isə məlum oldu ki, ƏSMM və TSEK-lərə tanış, qohum, qardaş və xanımlar təyin ediliblər. Gəncə,Ağstafa,Tovuz,Şəmkir,Gədəbəy,İmişli,Saatlı rayonlarından tutmuş digər rayon TSEK-nə öz adamlarını təyin etməklə rüşvət yığımı kampaniyasına start verildi,gəzən söz-söhbətlərə görə bu vəzifəyə həkimlər 300 min manata təyin olunmağa başladılar. Bunun ardıncaTSEK-lər əlilliyi 3-4 min manata təyin etməyə başladılar. 40 faiz mövcud əllilliyi olan şəxslərin qrupu ləğv edildi, sonra digər qisim "xəstə"lərdən rüşvət alıb onları “əlil” etdilər. Bu yolla yenidən 40 faizlik plan doldurulmuş oldu.
O cümlədən, ünvanlı sosial yardımların verilməsi zamanı vətəndaşlardan 6 ayın pulu əvvəlcədən rüşvət kimi alınırdı. Hərçənd,sələfi Füzuli Ələkbərovun dövründə vətəndaş heç olmasa nağd pul vermirdi. O, ünvanlı yardım üçün karta köçürüləcək ümumi vəsaitin 3 ayını verirdi.
Eləcə də,S. Müslümovun dövründə əlillərə və müharibə veteranlarına tikilən evlərə görə rüşvət olmazın həddə "çiçəklənməyə" başladı.Vəziyyət o həddə çatdı ki, əlillərə və müharibə veteranlarına dövlət vəsaiti hesabına tikiləcək binalara görə tenderlər zamanı S.Müslümovun qaynına aid “Amal-2015 MMC” süni şəkildə qalib elan olundu. Xətai rayonu,Ukrayna dairəsində bir neçə belə bina tikildi. Həmin evlərin paylanmasına dair narazılıqlar isə səngimək bilmədi. 2017-ci ildə tikintisi başa çatan məlum binada isə 50 mənzilin taleyi qaranlıq qaldı. Bütün bunların fonunda Səlim Müslümovun vəzifələrə təyin etdiyi adamlarında arxayınçılıq o həddə çatdı ki, artıq əlillərə, narazı vətəndaşlara “hara şikayət edirsiniz, edin” ifadələri işlədən onlarla məmur haqqında KİV-lər tənqidi məqalələr dərc etməyə başladılar.
Nəticədə özünü yandıran şəxslər də oldu ki,bu hadisələr xalqın hakimiyyətdən narazılığını artırmağa başladı. Ardınca S.Müslümov pensiya yaşınının artırılmasına nail oldu, adını yenilik qoydu. Müəyyən qaydalar tətbiq etdi ki, həmin şərtlər daxilində işləyən hər min nəfərdən yalnız 300-350 nəfəri ancaq pensiya ala biləcəkdi.
Saysız-hesabsız özbaşınalıq və korrupsiya faktlarının fonunda əhalinin aztəminatlı təbəqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə hər gün onlarla məktub ünvanlamağa vadar olundu.Səlim Müslümov isə heç nə olmamış kimi, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevlə bir çox özbaşınalıqlara imza atmaqda davam etdi.
Hətta, Dövlət Sosial Müdafiə Fondunu , ƏƏSMN-yə tabe etdirməyi belə bacardılar, hər şeyi bir əldə cəmləşdirdilər. Beləliklə, Səlim Müslümov və onun aparat rəhbəri Əjdər Cəbiyevin dostluğa, qohumluğa, tanışlığa qurban verdikləri ƏƏSMN-ə tabe idarələrin mütləq əksəriyyətində korrupsiya faktlarının həcmi yüz minlərlə deyil, milyon manatlarla ölçüldü. Oğurlanan və talanan dövlət vəsaitləri fonunda isə əhalinin güzəranı ağırlaşdı. Bu o zamana qədər davam etdi ki,Azərbaycan iqtidarı başa düşdü ki, ən böyük müxalifət elə Səlim Müslümovun özüdür.
Nəticədə, S. Müslümov işdən çıxarıldı və ardınca saytlarda belə bir başlıq altında xəbər yayıldı ki, “Səlim Müslümov “qara xəbəri” yolda alıb”. Bunun nə qədər düzgün oldugunu deyə bilmərik.Amma, mahiyyət etibarı ilə bu fikirə qarşılıq deyə bilərik ki, pensiya yaşının qaldırılması təqaüd almağa bir -iki ili qalmış 100 minə yaxın ölkə vətəndaşına qara xəbər olmuşdu.
İndi isə 85 yaşlı məcburi köçkün,Şirvan şəhəri,S.Vurğun 24/35-də yaşayan Əliyev Baxış Museyib oğlu tərəfindən bir neçə ay əvvəl nazir S.Müslümov və onun aparat rəhbəri Əjdər Cəbiyevdən Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevə,1-ci vitse-prezident Mehriban Əliyevaya,Hüquq-mühafizə orqanlarına,surəti Faktinfo.az-a ünvanlanan məktubun qısa məzmununu xatırladaq:
"Mənim 85 yaşım var və ömrümün çox hissəsini dövlət işlərində, mənzil-kommunal təsərrüfatında çalışmışam. Füzuli rayonundan məcburi köçkünəm və 25 ildir ki, Şirvan şəhərində məskunlaşmışam. Daim xalq arasındayam və tam yəqinliklə deyə bilərəm ki, bu gün Şirvan şəhər sakinlərinin böyük əksəriyyəti, əsasən də yaşlı nəsil Sizin rəhbərliyiniz altında çalışan aparat rəhbəri Əjdər Cəbiyevin “Kolanı mafiyasının Şirvan şəhər filialının” nümayəndələrinin neqativ, qanuna zidd və cinayət xarakterli əməlləri nəticəsində əzab-əziyyət çəkirlər, hətta xəstəliyə düçar olurlar.
Belə ki, Əjdər Cəbiyev “Dövlət qulluğu haqqında” Qanunun əsas prinsiplərini kobud şəkildə pozaraq rəhbər olduğu qurumda ən yaxın qohum-əqrəbasını müxtəlif məsul vəzifələrə yerləşdirib.Bunu Nazirlik və Respublikanın Şirvan şəhərindən əlavə başqa digər şəhər və rayonlarda həyata keçirməkdədir. Buna konkret fakt olaraq təkcə Şirvan şəhərindəki Kolanı mafiyasını misal gətirə bilərəm. Belə ki, Əjdər Cəbiyevin nazirliyin kadrlar şöbəsinə rəis təyin etdiyi yaxın qohumu Qurbanəli Əsədovun əli ilə DSMF-nin Şirvan şəhər şöbəsinə həm Əjdər bəyin, həm də Qurbanəli bəyin yaxın qohumları -Nazim Hüseynov müdir, Əkrəm Hüseynov hüquqşünas, Seymur Baloğlanov məsləhətçi və Şirvan şəhər Məşğulluq Mərkəzinə Fərzalı Hüseynov direktor təyin edilib. Baxmayaraq ki, həmin qurumda bir çox bacarıqlı və istedadlı kadrlar var idi. Ümumiyyətlə bu korrupsioner qohum-əqrəbanın, yəni Şirvan şəhər DSMF və Məşğulluq Mərkəzinin rəhbər işçilərinin qanuna zidd, neqativ və cinayətkar xarakterli əməlləri barədə kifayət qədər fakt və sübutlara malikəm. Onlardan bir neçəsini sadalayım :
İşləyən təqaüdçülərin aylıq təqaüdlərinin Qanunvericilikdə nəzərdə tutulmuş yenidən hesablanıb artırılması prosesləri zamanı neqativ əməlləri.
Məhkəmə qaydasında “özlərinə sərf etməyən” vətəndaşları bürokratik əngəllərlə süründürmə faktları.
Icbari dövlət sosial sığorta haqqlarının toplanmasında gizlətmə və mənimsəmələr.
Qalıq təqaüd məbləğlərinin “öz şəxsi maraqlarına” uyğun olaraq bir dəfəyə və ya hissə-hissə aylarla ödənilməsi.
Saxta iş stajı yazmaqla təqaüd hüququ yaratmaq və real məbləği artırmaq və s."
Ğöründüyü kimi, Şirvan şəhər DSMF barədə daxil olan məktubdan da bir daha məlum olur ki, belə şikayətlər minlərlə olub.Lakin,düşünülmüş şəkildə ƏƏSMN dostluğa,qohumbazlığa qurban verilib.Sabiq nazirin bunlardan xəbəri ola –ola heç bir tədbir görməyib,milyardlarla manat mənimsənilib.
Elə buna görə də deyə bilərik ki, Səlim Müslümovun vəzifəsindən azad olunması onun üçün gözlənilən olmasa da,ictimayyət üçün gözlənilən idi.
Həsrət Gündoğan
Faktinfo.az
Bu xəbər üçün şərh yazın