Səməd Vurğun ittifaqı yandırmaq “istəyən” şairə nə demişdi?
Bir gün üç gənc şair Azərbaycan Yazıçılar Birliyinə daxil olmaq məsələsi ilə bağlı sədrin - Səməd Vurğunun kabinetinin ağzına toplaşır, amma içəri keçməyə tərəddüd edirlər.
Bu vaxt Səməd Vurğun siqaret çəkmək üçün özü çölə çıxır və onlardan kibrit istəyir.
Kult.az xəbər verir ki, bu sözləri tənqidçi Əsəd Cahangir qeyd edib. O, Səməd Vurğunla bağlı maraqlı bir xatirəni bölüşüb:
“Gənclərdən biri əli əsə-əsə şairin siqaretini yandırır, amma böyük şairlə ilk ünsiyyətdən o qədər həyəcanlanır ki, çaşıb yanan kibrit çöpünü təkrar kibrit qutusuna qoyur. Kibrit qutusu gənc şairin əlindəcə partlayır. Səməd Vurğun gülümsəyərək “Ayə, nağayrersən, a qıvlasız, hələ İttifaqa daxil olmamışmı buruyu yandırmaq istiyersən” deyib pərtliyi aradan qaldırır.
O gənc şairlərin hər üçü - Bəxtiyar Vahabzadə, Qabil və Nəbi Xəzri sonralar şeirimizin məşhur isimlərinə çevrildilər. Əfsanəvi şairin siqaretini yandırmaq xoşbəxtliyi onlar arasında Qabilə qismət olmuşdu”.
Bu xəbər üçün şərh yazın