Səməd Vurğuna görə Akif Əlizadəyə etiraz etdilər -

Səməd Vurğuna görə Akif Əlizadəyə etiraz etdilər - "Şairə yaradıcılığına görə qiymət vermək lazımdır"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə AMEA-nın Ümumi yığıncağında Xalq şairi Səməd Vurğunun "Vaqif" dramında Ağa Məhəmməd Şah Qacara yanaşmanın düzgün olmadığını bildirib.

Obrazın mənfi şəkildə canlandırılmasına baxmayaraq, tarixi sənədlərdə onun haqqında müsbət məqamların olduğunu bildirib.

Xalq şairi Fikrət Qoca Modern.az-a deyib ki, hər hansı alimin sözünə görə, Səməd Vurğunun yaradıcılığına kölgə salmaq düzgün deyil.

“Şairə yaradıcılığına görə qiymət vermək lazımdır. Səməd Vurğunun yaşadığı zamanda hər hansı şahı tərif etmək mümkün deyildi. Bu əsər öz dövrünün məhsuludur. Gərək Nizamini də şahlara yanaşma tərzinə görə tənqid edək. Vaqifin müsbət və ya mənfi olduğunu tam ifadə etmək üçün gərək ayrıca əsər yazılsın. Əsərdə sözün bədiiliyi, psixologiyaya təsiri müzakirə edilməlidir. Vaqif adı ölkədə bu əsərdən sonra yayılmağa başladı. Bunların hamısı faktdır. Gözəl əsər nümunəsidir, onu müzakirə edib səhv olduğunu demək düzgün deyil”.

Şair, tərcüməçi Səlim Babullaoğlunun sözlərinə görə, bədii ədəbiyyat, xüsusən poetik əsər tarixi sənəd kimi qəbul edilməməlidir.

“Əgər bədii əsərlərə inansaq, o zaman ermənilərin yazdıqlarına əasasən gərək torpaqlarımızı verək onlara. Bədii əsər şair yaradıcılığına əsaslanır. Buna görə də obraz istənilən şəkildə canlandırıla bilər”.

O deyib ki, ümumiyyətlə tarixi əsərlə bədii əsərin müqayisəsi doğru deyil.

“Məhəmməd şah Qacarın tarixdə kifayət qədər qəddar, cahangir obrazı var. Bu tək Vaqif dramında yox, bir çox bədii ədəbiyyat nümunələrində,əsərlərdə öz əksini tapıb. Buna görə də Səməd Vurğunu əsərə görə qınayıb-qınamamaq düzgün deyil, nəticə etibarilə öz düşüncələrini ortaya qoyub.

Məsələn, Nizami Gəncəvinin “İsgəndarnamə” əsərində yaradılan İsgəndər obrazı demək olar ki, Makedoniyalı İsgəndərin prototipi ilə eyni deyil. Belə ki, əsərdə ümumiləşdirilmiş şah obrazı yaradılıb. Buna görə demək olmaz ki, Nizami Gəncəvi yanlış yazıb. Ağa Məhəmməd Şah Qacar obrazına gəldikdə isə bu haqda ən doğru qərarı tarixçilər deyə bilər. Akif Əlizadənin həm oxucu, həm də ziyalı kimi fikir bildirməyi normal haldır”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi