Səməd Vurğunla son görüş
Bu gün böyük Azərbaycan şairi Səməd Vurğunun anım günüdür.
Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Uşaqlıq illərini doğma kəndində keçirib, ibtidai təhsilini buradakı rus-tatar məktəbində alıb.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Bu məktəbə qəbul olunanlardan biri də Səməd Vurğun olur.
Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920-1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edir.
Zəngin həyat və yaradıcılıq yolu keçən Səməd Vurğun “İnsan”, “Vaqif”, “Xanlar” kimi bir-birindən maraqlı dram əsərlərinin, “Muğan” (1948), “Aygün” (1950-1951) və “Zamanın bayraqdarı” (1952) poemalarının müəllifidir.
Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilib, sovet xalqlarının sevimli şairi olub.
1954-cü ildə Sovet Yazıçılarının İkinci Ümumittifaq Qurultayında “Sovet poeziyası haqqında” məruzəni Səməd Vurğun etmişdi. Çoxmillətli və həmin dövr üçün təxminən 200 milyonluq SSRİ xalqları arasından azərbaycanlı şairin qurultayda “Sovet poeziyası haqqında” məruzə etməsi bütövlüklə Azərbaycan ədəbiyyatı, onun nümayəndələrinə və şəxsən Səməd Vurğuna verilən böyük qiymət idi.
1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür.
May ayının 12-də Opera və Balet Teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra - 1956-cı il may ayının 27-də, saat 19:30-da Səməd Vurğun vəfat edir.
May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Bakıda Fəxri Xiyabanda dəfn edilir.
Faktinfo.az Səməd Vurğunla vida mərasiminin görüntülərini təqdim edir:
Bu xəbər üçün şərh yazın