SƏMƏDZADƏNİN “SEÇİCİLƏRLƏ” QAPALI GÖRÜŞÜ – Akademik yenə təəccübləndirir +VİDEO
Hazırki deputat, yenə də deputat olmaq iddiasında olan Ziyad Səmədzadə bu il 80 illik yubileyini qeyd edəcək.
İyunun 25-də olacağı gözlənilən təntənəli mərasimdən təxminən 5 ay əvvəl onu daha bir "əlamətdar" gün gözləyir: Fevralın 9-da elan olunacaq növbəti deputatlıq mandatını dostlar, qohumların, nəvə-nəticələr yəqin, böyük sevinclə qarşılayacaqlar.
Amma ahıl vaxtında Ziyad müəllimin yeni deputatlığa yolu o qədər də rəvan deyil. O, prosesin əvvəlində hamını təəccübləndirməyi bacardı. Parlamentin buraxılmasına qol çəkəndən sonra mətbuat Z.Səmədzadənin adını yaşlı həmkarların siyahısına qatıb Milli Məclisə vida edəcək deputatların sırasına yazmışdı. Buna kifayət qədər əsaslar vardı: dalbadal deputat olmuş qocaman Ziyad Səmədzadəni hakimiyyətin elan etdiyi islahatlar kursu ilə bir arada təsəvvür etmək çox çətin idi... Amma hesablar yanlış çıxdı, ona yenidən stavka etdilər...
23 Saylı Nəsimi-Səbail Seçki Dairəsində Ziyad müəllimin 10 rəqibi var. YAP da ona güzəştə gedib seçki bülleteninə "seçilməyəcək" bir üzvünün adını yazdırıb. Yaşlı olsa da, spiker Oqtay Əsədovdan fərqli olaraq, özü şəxsən icra hakimiyyətinin təşkil etdiyi görüşlərə qatılır. Doğrudur, bu görüşlərin səs-küyü çox olur, "JEK" işçiləri, fəhlələr internet kanallarının kameraları qarşısında ya namizədin adını deyə bilmirlər, ya da danışmaq istəmirlər. Akademiklə görüşə qatılmaq istəyən tək-tük həqiqi seçicilər isə, nə qədər absurd görünsə də, qapı arxasında qalırlar.
Görüşə gəlib qapı arxasında qalanlardan biri deyir: “Mən bu 12 ildə millət vəkilimi tanımıram. Bura gəlib deyirəm ki, xahiş edirəm, məni içəri buraxın ayaq üstdə durum, şikayət eləməyəcəm, sadəcə istəyirəm ki, millət vəkilimi tanıyım. Bu insanlar qətiyyən məni içəri buraxmaq istəmir. Mən bu insanı 12 ildə tanımamışam”.
Başqa bir seçici də onun dediyini təsdiqləyir. Bu insanları ona görə Ziyad müəllimin görüşünə buraxmırlar ki, zaldakılardan fərqli olaraq, onların deputata sualı, sözü var. Ahıl deputatın isə onlara cavab verməyə nə sözü var, nə də əməli.
Bu xəbər üçün şərh yazın