Şəmsəddin Hacıyevin universitetdə başladığı islahatlar davam etdirilir

Şəmsəddin Hacıyevin universitetdə başladığı islahatlar davam etdirilir -Aqrar Universitetində də vəziyyəti dəyişməyin...

“Azərbaycanda, xüsusilə kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrlara böyük ehtiyac var. Düşünmürəm ki, biz beş il ərzində bu problemi həll edə bilək”.

Bunu Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, sovet dövründə Azərbaycanda universitetlər arasında ən aşağı reytinqə malik ali təhsil müəssisələrindən biri Azərbaycan Dövlət İqtisad Universiteti, digəri isə Gəncədə yerləşən Kənd Təsərrüfatı Universiteti olub:

“Hətta həmin dövrdə İqtisad Universiteti dörd dəfə bağlanıb, sonuncu dəfə isə 1987-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun filialına çevrilib”.

O qeyd edib ki, sabiq deputat həmkarı Şəmsəddin Hacıyevin universitetdə başladığı islahatlar hazırda da  davam etdirilir:

“Nəticədə həmin universitet dünya reytinqində Bakı Dövlət Universitetindən sonra 2634-cü yerdə qərarlaşıb. Bakı Dövlət Universiteti isə 535-ci yerdədir”.

Deputat bu göstəricilərin Böyük Britaniyada yerləşən Quacquarelli Symonds (QS) təşkilatının son qiymətləndirmələrinə əsaslandığını bildirib.

Qüdrət Həsənquliyev bu müqayisəni aparmaqda məqsədinin Azərbaycan Dövlət Aqrar Universitetində də vəziyyəti dəyişməyin mümkünlüyünü göstərmək olduğunu vurğulayıb:

“İqtisad Universitetində elə fakültələr var ki, ən azı üç ixtisas üzrə keçid balı 600-dən çoxdur. Amma gəlin baxaq, Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində vəziyyət necədir. Halbuki bu gün ölkəmizə dəvət olunmasına ehtiyac duyulan mütəxəssislər məhz bu sahədə yetişdirilməlidir. Bu ilin statistikasına əsasən, aqronomluq ixtisası üzrə keçid balı 169,6, aqromühəndislik üzrə 177,5, su bioehtiyatları və akvakultura üzrə 151,5, baytarlıq təbabəti üzrə 153,4, bitki mühafizəsi üzrə isə 178,5 baldır. Bu qədər aşağı keçid balları ilə, zəif bilik səviyyəsinə malik tələbələrlə düşünmürəm ki, biz bu sahədə köklü dəyişikliklərə nail ola bilərik. Bunun üçün universitet ciddi şəkildə yenidən qurulmalı, orada əsaslı islahatlar aparılmalıdır.

Bir dəfə hüquqşünas nazirlərdən biri demişdi ki, bizə hüquqşünaslar yox, aqronomlar lazımdır. Əlbəttə, ölkəyə hüquqşünaslar da lazımdır. Hüquqi dövlət qurmadan aqrar sahəni inkişaf etdirmək də çox çətindir.

Amma mən mətbuatda bu sahənin Nazirlər Kabinetinin iclasında müzakirə olunması ilə bağlı heç bir məlumata rast gəlməmişəm. Halbuki mütəxəssis hazırlığına xüsusi diqqət yetirilməlidir. Hesab edirəm ki, bu, hökumətin qarşısında duran ən mühüm vəzifələrdən biri olmalıdır. Yalnız bu yolla biz sahədəki vəziyyəti dəyişə bilərik. Maraqlansanız, görərsiniz ki, aqroparklarda, heyvandarlıq komplekslərində və digər kənd təsərrüfatı müəssisələrində çalışan yüksək ixtisaslı mütəxəssislərin böyük əksəriyyəti, xüsusilə də, Türkiyədən gələn kadrlardır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪