Şeyx Eldar Əzizovdan xahiş etdi: “Məni də komissiyaya daxil edin”
“Bakının küçələrində o qədər əttökən, köhnəlmiş, naftalin iyi gələn adlar var ki...
Elə şəxslərin adlarına küçələr var ki, mən onları nə şair, nə alim, nə də böyük şəxsiyyət sayıram. Sorğu keçirsən, heç kəs onlardan bir bənd şeir bilmir. Ad verərlər Səməd Vurğuna, Hüseyn Cavidə, Süleyman Rüstəmə və bu kimi dahi şəxsiyyətlərə...”
Bunu Pravda.az-a Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən Bakıda küçə adlarının dəyişdirilməsi və onlara adların verilməsi məsələsi ilə bağlı yaradılan komissiya haqqında fikir bildirərkən Azərbaycanın Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.
O qeyd edib ki, küçə adlarının yenilənməsi məsələsi yaxşı təşəbbüsdür, amma yaradılan komissiya yüksək səviyyədə demoktratik fikirli, obyektiv adamlar olmalıdır: “Elə şair var ki, onun adına mərkəzi küçə var, o boyda Adil İsgəndərovun adına bir dalan veriblər. Belə şey olarmı? Ona görə də bu məsələdə obyektivlik qorunmalıdır. Heç bir dövlət strukturunda işləməyən sənət adamlarından xüsusi komissiya yaradılmalıdır. Bu yaxınlarda elmi-tarixi müzakirə üçün Azərbaycan Milli Elmlər Akademiyasına getmişdim. Əsəbləşib, çıxdım... Elə akademiya heç kimə lazım deyil. Naftalin iyi gəlir oradan. Özlərinə qruplar yaradıblar, gəncləri də buraxmırlar ki, işləsinlər. Hərə öz qrupunda cəmlənib dövləti çapıb talayır, dövlətin milyonlarını yeyirlər. Ortada da xalqımıza, dövlətimizə, tariximizə xeyir verən bir dənə də olsa, elmi əsər yoxdur. Bu nə alimlikdir ki, onun xalqa, dövlətə heç bir töfhəsi yoxdur?! Kimə lazımdır onlar? İndi o alimlər də, yəqin, komissiyada kimlərinsə adlarını təklif edəcəklər. Ona görə də bu işə məsuliyyət və əxlaqla yanaşmaq lazımdır. Qoyulacaq adlar müzakirə olunmalıdır. Hər hansı ad küçəyə qoyulduqdan sonra onun müzakirəsi ictimaiyyətə açıq olmalıdır və xalq həmin adı təsdiqləməlidir. Hər şey xalqla, ictimaiyyətlə mütləq razılaşdırılmalıdır. Konstitusiyamızda da yazılır ki, dövlətin mənbəyi xalqdır. Xalqı adam yerinə qoyan yoxdur... Ümumiyyətlə, bu, sadəcə, küçə adlarını dəyişdirməklə yekunlaşmalı deyil. Elə mağaza və s. bu kimi obyeklərin adları var ki, elə bilirsən ki, Bakı deyil bura. Mağazalara Azərbaycana heç bir aidiyyatı olmayan adlar qoyulurlar. Niyə öz adlarımız pis günə qoyublar, niyə qoymurlar Azərbaycan adlarını?! Elə bil ki, xarici ölkədə gəzirsən. Bu nə münasibətdir axı? Biz bu şəkildə ölkəni gələcəyə necə miras qoyuruq? Bir təklif də edirəm ki, hansı küçəyə kimin adı qoyulacaqsa, gələcəkdə həmin küçənin girişinə o ad sahibin lövhədə tərcümeyi-halı da yerləşdirilsin ki, insanlar bilsinlər bu adam kim olub. Cəfər Cabbarlının heykəlinin yaxınlığından keçirdim, orda da tələbələr dayanmışdı, soruşdum ki, bu heykəl kimindir, müəllifi kimdir, bilmədilər. Yəni maarifləndirici lövhələr mütləq olmaldır ki, insanlar bilsinlər, o adamı tanısınlar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan xahiş edirəm, məni o komissiyaya daxil etsinlər. Bizi bu addımı atırıqsa, hər kəsin layiq olduğu səviyyəyə görə ad verməliyik”.
Bu xəbər üçün şərh yazın