Şikayət məktublarının sahiblərinə "müxalifətçi" damğası vurmaq: Bölgələrdə bu cür hallara qarşı nəzarət gücləndirilməlidir
Bölgələrdən paytaxta ümid dolu şikayət məktubları hər zaman göndərilib.
Bu cür məktubların sayı gah azalıb,gah da artıb. Bu da səbəbsiz olmayıb.
Adətən, narazı sakinlər üzləşdiyi haqsızlıqlarla bağlı əvvəlcə yerli icra hakimiyyətlərinə müraciət edir, amma nəticəsi olmadığını gördükdə, Bakıya – Prezident Administrasiyasına şikayət məktubu ünvanlayırlar. Bir qayda olaraq isə həmin məktublar araşdırılması və tədbir görülməsi üçün elə haqqında şikayət olunan qurumların özlərinə göndərilir.
Faktinfo.az vurğulayır ki,əsl mərəkə də bundan sonra başlayır. İstisna halları nəzərə almasaq, demək olar ki, əksər vaxtlarda problem həll edilməmiş qalır. Hələ üstəlik də Bakıdan geri göndərilən şikayət məktubları sahiblərinə göstərilərək ələ salınır, onlara demoqoq, bəzən müxalifətçi damğası vurulur. Hətta haqq və hüququ pozulmuş vətəndaşlara görə,rayon icra hakimiyyətlərindən Bakıya məruzə olunur ki, həmin şikayətçilər rayonda müxalifətə yaxın adamlar kimi tanınır, onların məqsədi rayonda qarışıqlıq yaratmaqdır və ya müxalifətçidir. Beləliklə də, problem həll edilməmiş qalır və nəticədə haqqı tapdanan sadə vətəndaşlar hakimiyyətdən, konkret olaraq, ölkə prezidentindən narazı salınırlar.Bunun nə ilə nəticələnəcəyi isə yerlərdəki əyalət rəhbərlərini,oradakı müavin və şöbə müdirlərini maraqlandırmır.Çünki onlara vəzifələrini qorumaq gərəkdi.Daha onlar bilmək və başa düşmək istəmirlər ki,bilərəkdən sadə insanların haqq və hüququnu pozmaq,onları potensial narazılar cərgəsinə qoşmaqdır.Demək olar ki,rayonların çox böyük əksəriyyətində bu "praktikadan" istifadə olunur.Məsələn,zamanla Ağstafa rayonu RİH-in 1-ci müavini işləmiş,hazırda həbsdə olan Ramiz Tatarov,Ərazi İdarəetmə Məsələləri üzrə şöbə müdiri olmuş Şaiq Qurbanov kimi şəxslər bu işlərlə bağlı xüsusilə "fərqlənirdilər".Xatırladaq ki,o zaman RİH başçısı vəzifəsini tutan Məhərrəm Quliyev hazırda Goranboy rayonuna rəhbərlik edir.Eləcə hazırda sözü gedən məsələ ilə bağlı Daşkəsən rayonunda da ciddi narazılıq hökm sürür.
Bu cür narazılıqların getdikcə artması isə ölkə prezidenti ilə vətəndaş arasında körpülərin yandırılmasından başqa bir şey deyildir.Axı, problemlə üzləşən kimsə öz qanuni haqqını tələb edirsə, niyə ona müxalifətçi damğası yapışdırılmalı, düşmən elan edilməli,başqa düşərgəyə sürüklənməlidir?Haqq və hüququ tapdanmış şikayətçilərə bu cür münasibət heç də yaxşı hal deyil.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın